Təhsil naziri Mikayıl Cabbarov
"Microsoft", "CİSCO" və "İntel" korporasiyalarının
nümayəndələri ilə görüşüb. Görüşlərdə təhsil sistemində
multimedia vasitələrinin tətbiqinin genişləndirilməsi və
təhsilin müxtəlif pillələri üzrə əlaqələrin
möhkəmləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi
aparılıb. Həmçinin, tədris prosesində İKT-dən
istifadənin səmərəliliyinin artırılması və təhsilin
keyfiyyətinin yüksəldilməsi istiqamətində nəzərdə
tutulan tədbirlər müzakirə edilib. Qeyd olunub ki,
təhsilin müxtəlif istiqamətləri üzrə "Microsoft", "CİSCO"
və "İntel" korporasiyaları ilə birgə layihələrin
reallaşdırılması tədris müəssisələrində İKT əsaslı təlim
metodologiyasına uyğun infrastrukturun yaradılması
imkanlarını artıracaq. Müasir dövrün tələblərinə uyğun
olaraq, tədris prosesində elektron tədris resursları və
internet texnologiyalarının imkanlarından bəhrələnməyin
əhəmiyyəti barədə fikirlər səsləndirilib, gələcək
əməkdaşlığın inkişafı üçün geniş perspektivlərin olduğu
vurğulanıb. |