Ali təhsil müəssisələrində 2014/2015-ci tədris ilinin
payız semestrinin imtahan sessiyasını (bundan sonra
imtahan sessiyası) mövcud qaydalara uyğun təşkil etmək,
tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı
və obyektivliyi təmin etmək məqsədilə
ƏMR EDİRƏM:
1. Ali təhsil müəssisələrinin rəhbərləri:
- imtahan sessiyasının mövcud normativ sənədlər əsasında
təşkil olunmasını təmin etsinlər;
- rəhbərlik etdikləri ali təhsil müəssisələrində imtahan
qərargahı yaratsınlar və qərargaha daxil olan hər bir
şikayətin qısa müddətdə operativ şəkildə araşdırılmasını
təmin etsinlər;
- imtahan sessiyasında şəffaflığı təmin etmək üçün
imtahanlarda ictimaiyyətin və valideynlərin iştirakına
şərait yaratsınlar;
- imtahanların təşkilində və gedişində nöqsanlara,
neqativ hallara yol vermiş şəxslər barədə mövcud
qanunvericiliyə uyğun tədbirlər görsünlər;
- nəzərə alsınlar ki, rəhbərlik etdikləri ali təhsil
müəssisəsində baş verə biləcək hər bir neqativ hala görə
məsuliyyət daşıyırlar;
- imtahan sessiyasının təşkili, keçirilməsi və
nəticələri barədə sessiya bitdikdən sonra 10 gün
müddətinə Təhsil Nazirliyinə yekun hesabat versinlər.
2. 2015-ci ildə Bakı şəhərində I Avropa Oyunlarının
keçirilməsi ilə əlaqədar Bakı şəhərində yerləşən ali
təhsil müəssisələrində payız semestrinin imtahan
sessiyası 29 dekabr 2014-cü ildə başlasın və 18 yanvar
2015-ci il tarixində sona çatsın.
3. Təhsil nazirinin müavini (C.Bayramov), Aparatın
rəhbəri (M.Eynullayev), Aparat rəhbərinin müavini (Y.Piriyev),
Elm və ali təhsil (G.Hüseynova) və Daxili nəzarət (K.Quliyev)
şöbələrinə tapşırılsın:
- imtahan sessiyasına hazırlıq dövründə və sessiya
müddətində ali təhsil müəssisələrində baş vermiş neqativ
hallarla bağlı daxil olan məlumatları operativ
araşdırsınlar və onların yol verilməsində günahı olan
şəxslər barədə tədbir görmək üçün təkliflər
hazırlasınlar;
- ali təhsil müəssisələrində payız semestrinin imtahan
sessiyalarının nəticələrini təhlil edib müvafiq
arayışları müzakirəyə təqdim etsinlər.
4. Nazirliyin İnformasiya şöbəsinin müdir müavini, QHT
və KİV-lə iş sektorunun müdiri (C.Valehov) Təhsil
Nazirliyinin "Qaynar xətt" xidmətinin fəaliyyəti və
imtahan sessiyasının gedişi barədə kütləvi informasiya
vasitələrinə müntəzəm olaraq məlumat verilməsini təmin
etsin.
5. Əmr "Azərbaycan müəllimi" qəzetində dərc edilsin və
nazirliyin internet saytında yerləşdirilsin.
6. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
4 dekabr 2014-cü il |