Yaponiyanın Narita şəhərində sambo üzrə dünya çempionatı
keçirilib. Azərbaycan təmsilçiləri 1 qızıl, 1 gümüş, 1
bürünc medal qazanıblar.
Fəxri kürsünün ən yüksək pilləsində 74 kq çəki
dərəcəsində Amil Qasımov möhkəmlənib. Qasımov ilk
görüşündə iordaniyalı Mahmud Abuhbarı, ardından
qazaxıstanlı Assılbek Alkeyi, 1/4 finalda kanadalı Nik
Tritonu, yarımfinalda irlandiyalı Lloyd Manninqi məğlub
etdikdən sonra finala yüksəlib. Həlledici görüşdə isə o,
rusiyalı İlya Lebedevi məğlub edərək dünya çempionu
olub.
52 kq çəkidə yer alan Ağasif Səmədov isə yalnız finalda
büdrəyib. O, ilk görüşündə kanadalı Torin Makfadyeni,
1/4 finalda Vladimir Lamanovu, yarımfinalda isə
özbəkistanlı Şavkat Jurayevi məğlub edib. Lakin
həlledici qarşılaşmada Səmədov gürcüstanlı Gennadi
Çirqadzeyə uduzaraq gümüş medal əldə edib.
Nəhayət, 68 kq çəkidə Emil Həsənov əvvəlcə cibutili Fuad
Anass Husseynə, ardından yeni zelandiyalı Aleksandr
Bişopa üstün gəlsə də, 1/4 finalda monqolustanlı
Tumurxuleq Davadorja uduzub. Təsəlli qarşılaşmalarında
isə Həsənov argentinalı və qırğızıstanlı rəqiblərini
məğlub edərək bürünc medala yiyələnib. |