Azərbaycan
şahmatçısı Günay Məmmədzadə 14 yaşında qadınlar arasında
beynəlxalq qrossmeyster adına layiq görülüb. Şahmat
Federasiyasından aldığımız məlumata görə, bu barədə
Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Rusiyanın Soçi
şəhərində keçirilən Prezident Şurasının iclasında qərar
qəbul edilib.
Bununla da Günay Məmmədzadə Azərbaycanın şahmat
tarixində qadınlar arasında ən gənc qrossmeyster olub.
Qeyd edək ki, Günay Vüqar qızı Məmmədzadə 2000-ci ildə
Bakı şəhərində anadan olub. 5 yaşından 1 nömrəli
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər
Şahmat-Dama Məktəbində şahmatla məşğul olub.
2006-2007-ci illərdə Azərbaycan çempionu və beynəlxalq
turnirlərin qalibidir. O, dəfələrlə dünya və Avropa
çempionatlarının mükafatçısıdır. İlk dəfə 2007-ci ildə
Azərbaycan çempionatında səkkizyaşlı qızlar arasında
keçirilən yarışda III, IV yeri, 2007-ci ildə isə
Gürcüstanın Batumi şəhərində keçirilən Avropa
çempionatında isə III yerə çıxıb. Həmin il Türkiyənin
Antalya şəhərində keçirilən dünya çempionatında II,
2008-ci ildə Batumidə keçirilən dünya çempionatında I
yerə çıxaraq üçrəngli bayrağımızı zirvəyə qaldırıb.
Vyetnamın Vunqtau şəhərində səkkizyaşlı qızlar arasında
keçirilən dünya çempionatında III, 2009-cu ildə isə 10
yaşlı qızlar arasında Türkiyənin Antalya şəhərində
keçirilən dünya çempionatında I yeri tutub. 2009-cu
ildə Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən
"Yaxşıların yaxşısı" nominasiyasının qalibi, 2007,
2008, 2009-cu illərdə Təhsil Nazirliyinin keçirdiyi
"İlin ən yaxşı şahmatçısı" nominasiyasında birinci yerə
layiq görülüb. 2011-ci ildə qadınların Bakı
çempionatında II, sonralar dəfələrlə Avropa çempionu və
beynəlxalq turnirlərin qalibi olub. Nəhayət, 2012-ci
ildə Rumıniyanın Yası (İassi) şəhərində 36 ölkənin
iştirakı ilə keçirilən məktəblilər arasında şahmat üzrə
VIII dünya çempionatında I yerə çıxaraq dünya çempionu
adını qazanıb. |