Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Noyabr 2014 - №46

 

Sənətinin vurğunu

 

Söhbət Arif  Hüseynovdan gedəndə onu yaxından tanıyanlar hər zaman bu fikri xüsusi vurğulayırlar: "Onun sənəti xalqa yaxın, quruluş verdiyi rəqslər isə ruhu oxşayandır".  Yazımızın qəhrəmanı olan rəqs müəllimi  Arif  Hüseynovun ömür payına milli rəqslərimizi yaşatmaq və onu  gənclərimizə düzgün şəkildə öyrətmək düşüb.

1941-ci il martın 17-də Bakıda anadan olan Arif müəllimin rəqsə olan həvəsi onun gələcək həyatının müəyyənləşməsində mühüm rol oynayıb. O, Bakı Xoreoqrafiya Məktəbinin baletmeyster fakültəsini bitirərək 1959-1966-cı illərdə Dövlət Mahnı və Rəqs  Ansamblında rəqqas, 1968-2006-cı illərdə isə İ.Əbilov adına Mədəniyyət Evində baletmeyster işləyib. Əsrlər boyu nəsillərdən-nəsillərə ötürülmüş  milli rəqslərimizi doğru-düzgün şəkildə gənclərimizə öyrətmək məqsədilə işlədiyi İ.Əbilov adına Mədəniyyət Evinin nəzdində 1968-ci ildə yaratdığı "Könül"  xalq milli rəqs ansamblı öz fəaliyyəti dövründə  Azərbaycanda rəqs sənətinin inkişafına  əvəzsiz töhfələrini verib. Vaxtilə 40 nəfər həvəskardan ibarət təşkil olunan ansambl uğurlu çıxışları ilə tez bir zamanda diqqəti özünə cəlb edə bilib. Arif müəllimin yaratdığı  rəqs ansamblı respublikanın müxtəlif bölgələrində, hərbi hissələrdə zəngin proqramlarla çıxış edib, bir sıra mühüm əhəmiyyət kəsb edən tədbirlərin əvəzsiz iştirakçısı olub. Ansambl Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə fəxri fərmanlarla təltif olunub.

Ölkəmizdə kifayət qədər əldə etdiyi nailiyyətləri ilə tanınan ansamblın respublikamızın hüdudlarından kənarda da xoş sorağı  gəlib. "Könül" ansamblı 1972-2003-cü illərdə bir sıra xarici ölkələrdə keçirilən beynəlxalq folklor, dostluq, rəqs  festivallarında, həmçinin XII Dünya gənclər festivalında (Rusiya),  Bolqarıstan, Rumıniya və Hollandiyada təşkil olunan "Azərbaycan mədəniyyəti günləri"ndə və digər tədbirlərdə ölkəmizi şərəflə təmsil edib.

Azərbaycan rəqslərinin inkişafı və təbliğində əvəzsiz xidmətləri olan Arif Hüseynovun əməyi hər zaman yüksək dəyərləndirilib. Belə ki, o, dəfələrlə SSRİ Mədəniyyət Nazirliyinin, Azərbaycan Mədəniyyət Nazirliyinin (indiki Mədəniyyət və Turizm Nazirliyi), Bakı Şəhər İcra Hakimiyyətinin, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin diplom, fəxri fərmanlarına və "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb, "Əmək şücaətinə görə " medalı ilə təltif olunub.  Haqqında 1983-cü ildə  çəkilmiş  "Buta" adlı sənədli televiziya filmi isə milli rəqslərimizin yorulmaz təbliğatçısı, onu yeniyetmə və gənclərimizə sevə-sevə öyrədən  Arif  Hüseynovun uzunillik səmərəli fəaliyyətinə verilən dəyərin bariz  nümunəsidir.

Ömrünün  yarıdan çoxunu sevimli peşəsi ilə məşğul olan ustad rəqqasın peşəkarlığından, təcrübəsindən kino mütəxəssisləri də faydalanıb. O,"Firuzə", "Babək", "Qorxma, mən səninləyəm", "Bəyin oğurlanması" bədii filmlərindəki rəqslərə quruluş verib.

Öz  sənətinin vurğunu olan, yorulmaq nə olduğunu bilməyən, "yorğunluğumu rəqslə çıxarıram" - deyən sənətkar bu gün də eyni şövqlə, eyni həvəslə gənclərimizə xalqımızın qədim və zəngin rəqslərini öyrədir.  

Samirə KƏRİMOVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov