Eldəniz
Ələkbərzadə 1996-cı ildə Bakıda anadan olub. 1999-cu
ildə ailəliklə Sankt-Peterburq şəhərinə köçüblər.
Valideynləri uşaqlıqdan musiqiyə olan həvəsini görüb,
onu 2004-cü ildə Sankt-Peterburq şəhərindəki Andreyev
adına musiqi məktəbinin fortepiano sinfinə qoyublar.
Burada təhsil aldığı müddətdə məktəbdaxili və şəhər
üzrə müxtəlif tədbirlərdə, konsertlərdə solo
proqramlarla çıxış edib. Dəfələrlə mükafatlara,
diplomlara layiq görülüb. 2009-cu ildə Sankt-Peterburq
şəhərində keçirilən "Rojdestvenskiye assamblei" adlı
beynəlxalq müsabiqədə iştirak edərək II yeri tutub.
2011-ci ildə həmin musiqi məktəbini qırmızı diplomla
bitirib. Həmin ildə Sankt-Peterburq Konservatoriyası
nəzdində M.P.Musorqski adına Musiqi Kollecinə qəbul
olub. 2011-ci ildə "Peterburqskaya vesna" adlı
müsabiqədə iştirak edərək I yerə layiq görülüb.
Bakıda təhsil almaq, doğma vətənini möhtəşəm
səhnələrdə təmsil etmək uşaqlıqdan onun ən böyük arzusu
olub. Bakı Musiqi Akademiyasının rektoru, professor
Fərhad Bədəlbəylinin və Azərbaycan Milli
Konservatoriyasının rektoru, xalq artisti Siyavuş
Kəriminin köməyi ilə, təhsil nazirinin 16.01. 2013-cü il
tarixli məktubu əsasında o, M.P. Musorqski adına Musiqi
Kollecindən fortepiano ixtisası üzrə Azərbaycan Milli
Konservatoriyası tərkibində Musiqi Kollecinə köçürülüb.
Kollecdə təhsil aldığı müddətdə də Eldəniz müxtəlif
tədbirlərdə iştirak edib. Belə ki, 18-19 dekabr 2013-cü
il tarixlərində görkəmli pedaqoq, pianoçu və ictimai
xadim H.Neyqauzun anadan olmasının 125 illik yubileyinə
həsr olunmuş gənc pianoçuların ümumşəhər festivalında
istedad və məharətini nümayiş etdirərək diplomla təltif
olunub. 24-26 aprel 2014-cü il tarixlərində İSESCO-nun
və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən
İslam Dünyası Gənclərinin klassik musiqi ifaçılarının
III Beynəlxalq festival müsabiqəsində III yerə layiq
görülərək laureat adını qazanıb.
Hazırda o, təhsilini Azərbaycan Milli Konservatoriyası
tərkibində Musiqi Kollecinin III kursunda qabaqcıl
təhsil işçisi Azadə Bədəlbəylinin sinfində davam
etdirir. |