İbrahim
Babayev 1997-ci ildə Bakıda anadan olub. 2012-ci ildə
Bakıdakı 16 nömrəli texniki-humanitar liseyin IX
sinfini bitirib. Kiçik yaşlarından musiqiyə böyük həvəs
göstərib. Valideynləri onu Bakıdakı Fikrət Əmirov
adına 6 nömrəli uşaq incəsənət məktəbinin pianino
sinfinə qoyublar. Amma o heç vaxt pianoçu olmaq
istəməyib. Məşhur tarzən olmaq arzusu ilə yaşayır. Yeri
gəlmişkən qeyd edək ki, atası ixtisasca həkim olsa da,
eyni zamanda tara olan məhəbbəti də elə onda atası
yaradıb. Övladının arzusunu nəzərə alaraq nəhayət o,
İbrahimi pianino sinfindən çıxardaraq tar sinfinə
qoyub. İlk tarı ona sonradan üzərində çox böyük əziyyəti
olan müəllimi Ələkbər Ələkbərov hədiyyə edib. Tarda
ikinci sinifdə oxuyarkən Ələkbər müəllim onun ifasında
"Bayatı-kürd" muğamını dinləyib və gələcəkdə çox gözəl
tarzən olacağına böyük ümidlər bəslədiyini söyləyib.
2012-ci ildə İbrahim musiqi məktəbini bitirərək
Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi
Kollecinə daxil olub. Müəllimləri olan böyük
sənətkarlar, professor Ağasəlim Abdullayevin və Ələkbər
Ələkbərovun onun üzərində əməyi çox olub. İstedadını
nümayiş etdirmək üçün respublika müsabiqələrinə
qatılıb. 2013-cü ildə ümummilli lider Heydər Əliyevin
anadan olmasının 90 illik yubileyinə həsr olunmuş II
Respublika müsabiqəsində I yerə layiq görülüb. İ.Babayev
uşaq və gənclər arasında xalq çalğı alətləri
ifaçılarının III respublika müsabiqəsində yüksək
səviyyədə çıxış etdiyinə görə I dərəcəli diplomla
mükafatlandırılıb. Bu müsabiqə onun həyatında
dəyişikliklər edib. Xalq artisti, professor Ramiz
Quliyev onun ifasını çox bəyənib. Onu Azərbaycan Radio
və Televiziya Verilişləri QSC tərkibində olan "Xatirə"
ansamblına apararaq bədii rəhbər, xalq artisti Adil
Bağırova təqdim edib. Hazırda İbrahim "Xatirə"
ansamblının solistidir.
Qeyd edək ki, Daşkənddə ilk dəfə olaraq gənclər
arasında keçirilən "Ana yurdun ahəngləri" adlı xalq
çalğı alətləri müsabiqəsi keçirilib. Ölkəmizi təmsil
edən İbrahim Babayev müsabiqənin II dərəcəli diplomuna
layiq görülüb.
Hazırda İbrahim Babayev Azərbaycan Milli
Konservatoriyası tərkibində Musiqi Kollecinin III
kursunda tar ixtisası üzrə təhsil alır.
Azərbaycan musiqisinin zəngin olduğunu söyləyən gənc
istedadın arzusu Milli Konservatoriyaya daxil
olmaqdır. |