Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Noyabr 2014 - №46

 

"Bilik kuboku" uğrunda breyn-rinqin növbəti iştirakçısı da məlum olub

 

Böyütmək üçün seçin"Azərbaycan" komandası Təhsil Nazirliyinin təsis etdiyi "Bilik kuboku" uğrunda breyn-rinq intellektual oyununun noyabr ayı üzrə birinciliyində iştirak edəcək. Bu, ötən həftənin bazar günü "Baku Crustal Hall"da keçirilən və AzTV kanalı ilə yayımlanan növbəti oyundan sonra məlum olub. Noyabr ayı üzrə dördüncü seçim oyunu kimi təqdim olunan həmin yarışma əvvəlki seçim oyunlarından bir qədər fərqli şəkildə, xüsusi qaydada keçirilib. Belə ki, əvvəlki seçim oyunlarının hərəsi iki seçim və iki final görüşündən ibarət olurdusa və 4 komanda arasında keçirilirdisə, dördüncü seçim oyunu "uduzan çıxır" prinsipi ilə təşkil olunub və oyunda  11 komanda mübarizə aparıb. Komandalar sentyabrın 7-dən başlayaraq keçirilən yarışmada daha az iştirak etmiş (hərəyə bir oyun) 16 komanda arasından seçilib.

Oyunun digər bir fərqi komandalar arasında görüşlərin onlardan birinin 3 xal toplamasınadək davam etməsi olub.

Oyun "Qafqaz Universitet" və "Mərdəkan" komandalarının görüşü ilə başlayıb. Tələbələr 3:0 hesabı ilə qalib gəliblər. Oyunun qaydalarına əsasən "Qafqaz Universiteti" növbəti rəqibini özü seçib. Bu, "Şəki" komandası olub. Tələbələr bu komandanı da məğlub ediblər: 3:2. İki komandanı yarış masasından qaldıran "Qafqaz Universiteti" növbəti tərəf-müqabili olan "Siyəzən" komandasına da 3:0 hesabı ilə üstün gəlib. Dördüncü görüşdə "Qafqaz Universiteti" ilə "Xızı" qarşılaşıblar. Gərgin keçən mübarizədə xızılılar rəqiblərinin ardıcıl qələbə seriyasına son qoyublar: 5:1.

"Xızı" növbəti görüşə "Qəbələ"ni dəvət edib və 3:2 hesabı ilə qalib gəlib.

Altıncı görüş "Xızı" və "Lənkəran" komandaları arasında keçirilib. Bu dəfə lənkəranlılar üstün (3:0) gəliblər.

"Lənkəran"  və "Bakı Dövlət Universiteti" komandaları arasında baş tutan növbəti görüş də (VII görüş) "BDU" komandasının qələbəsi ilə başa çatıb: 4:1.

Səkkizinci görüşdə "Bakı Dövlət Universiteti" "Milli Aviasiya Akademiyası" ilə oynayıb və 2:3 hesabı ilə uduzub.

Sayca doqquzuncu olan görüşdə "Milli Aviasiya Akademiyası"  və "Azərbaycan" komandaları qarşılaşıblar. Bu oyunda "Azərbaycan" üstün gəlib: 3:1.

Seçim oyununun son görüşü "Azərbaycan" və "Orion" komandaları arasında baş tutub. Rəqibinə 4:1 hesabı ilə üstün gələn "Azərbaycan" komandası noyabr ayının birinciliyinə vəsiqə qazanıb. Bu komandanın üzvləri noyabrın 30-da keçiriləcək həmin oyunda "Bakı Ali Neft Məktəbi", "Sumqayıt" və "NUR" komandaları ilə oynayacaqlar. 

Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov