SABAH qruplarında təhsil alan tələbələrin
yataqxanasından reportaj
Bəzən
belə bir fikir səslənir ki, tələbə həyatını yaşamaq
istəyən yataqxana şəraitində yaşamalıdır. Yataqxanada
yaşamış tanışlarım da bu sözü təsdiqləyirdi. Deyirdilər
ki, biz tələbəliyi təkcə universitetdə yox, elə
yataqxanada da yaşamışıq. Yeni tədris ili bir neçə aydır
başlayıb. İstədik ki, yataqxana şəraiti ilə yeni tanış
olan tələbələrlə görüşək, onlarla söhbət edək. Bu
məqsədlə bir neçə universitetin yataqxanaları ilə əlaqə
saxladıq. Bəziləri təmirdə olduğu, bəzilərində isə
məcburi köçkünlər məskunlaşdığı üçün yataqxana tapmaqda
çətinliyimiz oldu. Nəhayət ki, "Damla" yataqxanası adı
ilə tanınan və SABAH qruplarında təhsil alan, rayon
qeydiyyatlı tələbələrin yerləşdiyi yataqxanaya
yollandıq. Müsahibimiz Nilgün Aslanova bizi qapıda
qarşılayır. Yataqxana rəhbərliyi ilə salamlaşır və
öyrənirik ki, 5 mərtəbədən ibarət olan bu yataqxanada
böyük əksəriyyəti SABAH qrupunda təhsil alan tələbələr
qalır. Digər tələbələrin isə sayı çox azdır. Lakin onlar
SABAH qrupundan fərqli olaraq aylıq üç yüz manat ödəniş
etməlidirlər. Daha sonra Nilgünlə bərabər onun otağına
qalxırıq, nədənsə otaq yoldaşları görünmürdü. Səbəbini
soruşduqda:
- Onlar aşağıda stolüstü tennis oynayırlar, sabah
yarışları var və ona hazırlaşırlar.
Onda Nilgün, biz elə səninlə yataqxana şəraitindən
danışaq, - deyib, II kurs tələbəsi olan və ilk dəfə
yataqxanada qalan bu xanımla söhbətə başlayırıq.
- Zəhmət olmasa, özün barədə məlumat ver.
- Nilgün Aslanova, 1995-ci ildə Gəncədə doğulmuşam.
Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə
fakültəsinin SABAH qrupunun II kurs tələbəsiyəm. İqtisad
Universitetinə daxil olmaqda məqsədim buradakı Xüsusi
İstedadlar Fakültəsində oxumaq idi. Sonra SABAH
qruplarının açılacağını eşitdim və ora qəbul olmaq üçün
bir il hazırlaşdım. Qəbul olduğuma zərrə qədər peşman
deyiləm. SABAH-la adi qruplar arasında çox böyük fərq
var. Əsl tələbəlik ab-havasını SABAH-a girəndə görə
bildim. Burda ixtisaslaşırıq.
- Keçən il harda qalırdın?
- "Nərimanov" metrosunun yaxınlığında kirayədə
qalırdım. Amma qızlarla yox. Ayrı ev tutmuşdu
valideynlərim. Sadəcə axşamlar qohumumuz gəlib yanımda
qalırdı. Orada 375 manat ödəyirdim. Hələ kommunal və
özümün də digər xərclərimi nəzərə alanda aylıq xərcim
800 manata gəlib çatırdı. Amma bu il valideynlərim onu
çatdıra bilməzdilər. Bacım 11-ci sinif şagirdidir,
hazırlığa gedir, onun da xərcləri var. Keçən il hər ay
ərzində 50 manat təqaüd almışam. Bu ildən zərbəçiyəm. 79
manat alıram. SABAH-ın da təqaüdü var, 50 manatdır.
Qiymətlərimin yaxşı olması üçün çalışıram ki, təqaüdüm
artsın. Çünki qarşıma hədəf qoymuşam, bu il ailəmdən pul
istəməyim. Əslində ailəmdən sonuncu dəfə sentyabrda 200
manat pul almışam. Onu xərcləyib qurtarmışam. Amma
təqaüdüm olduğu üçün artıq pul almağa ehtiyac qalmır.
- Yataqxanaya gəlməyin necə oldu?
- Eşitmişdim ki, bölgələrdən gələnlər üçün ödənişsiz
yataqxana olacaq. Gündə 3 dəfə pulsuz yemək veriləcək.
Açığı, əvvəl bu mənə real görünmədi. Bu barədə rəsmi
açıqlama olandan sonra müraciət etdim. Yenə də
valideynlərimin tərəddüdləri var idi. Dedilər ki, gedək
şəraitə baxaq, xoşumuza gəlməsə yenə ev tutaq. Amma
gəlib buradakı ab-havanı görəndən sonra yox demək mümkün
deyildi.
- İndi aylıq xərclərin nə qədərdir?
- Burda xərclərim azalıb, kirayə pulu ödəmirəm. Yeməyi
özləri verir. Artıq təqaüdümlə xərclərimi ödəyə bilirəm.
- Bu otaqda neçə nəfər qalırsınız?
- Üç nəfər qalırıq. Onlar da SABAH-ın tələbələridir. Bir
nəfər Pirallahı qəsəbəsindəndir və İqtisad
Universitetinin tələbəsidir, digəri isə Azərbaycan
Dövlət Pedaqoji Universitetinin tələbəsidir və
Qubadandır.
- Maraqlıdır, qızlarla aranızda hansısa probleminiz
olubmu?
- Yox, bəlkə də evdə yaşasaydıq, iş bölgüsü olsaydı,
aramızda nəsə problem yaşanardı. Amma burada problem
olmur. Bir neçə aydır buradayıq, bir-birimizə artıq
öyrəşmişik.
- Yataqxanada dərs oxumaq çətindir?
- Əksinə. Gecə saat 4-də belə düşüb oxu zallarına baxın,
elə bilərsiniz ki, günorta saat 4-dür. Hamı dərs oxuyur.
Birinci mərtəbədə oxu zalı və internet klub var. Orda
həm oğlanlar, həm də qızlar dərs oxuya bilər. Əvvəllər
otağımda oxuyurdum, sonra mən də həmin otaqlara düşdüm.
Ətrafıma baxdım ki, oturmağa yer yoxdur. Evdə qalanda
insanın həvəsi olmur, yorğun olursan, ya da televizora
baxmaq, gəzmək üçün bəhanə axtarırsan. Amma burada belə
deyil. Ətrafında hamını oxuyan görəndə sən də
həvəslənirsən.
- Boş vaxtlarınızı necə dəyərləndirirsiniz?
- Kino zalımız var. Orda istədiyimiz filmləri izləyirik.
Əvvəlcədən qeydiyyat bölməsinə yaxınlaşırıq. Fləşkartda
filmi veririk, saat təyin edirik. Həmin vaxt divardan
asılır və istəyənlər o saatda yığışıb filmə baxırlar. Bu
adətən 5-ci gün axşamlar olur. Bundan başqa, yataqxanada
Tələbələrin İdarəçilik Sistemi yaradılıb. Biz özümüz
rus, ingilis dillərində danışıq klubları təşkil edirik.
Kitabxanamız var, amma kitab problemimiz də olur. Təhsil
Nazirliyi bizə maliyyə ayırıb. Hər tələbə də istədiyi
kitabın adını yazıb, siyahı hazırlanıb. Gələn həftə
gedib kitabları alacağıq. Hər həftəni bir kitabın
müzakirəsinə ayıracağıq. Tennis otağımız, trenajor
zalımız var. Həm də veloturlar təşkil edirik, paintbola
gedirik.
- Yataqxanaya giriş və çıxış saatları necə dəyişir?
- Səhərlər saat 7-dən açılır yataqxana. Həftəiçi axşam
saat 11-də, həftəsonu saat 12-də bağlanır.
- Heç gecikmisən?
- Gecikməmişəm. Amma gəlmədiyimiz vaxt, ya da icazə
almaq istəyiriksə icazə vərəqinə yazırıq və səbəbin də
göstəririk. Nəzarətçilərə də bu barədə məlumat verilir.
- Dedin ki, 3 dəfə pulsuz yemək verilir. Menyuda nələr
olur?
- Yemək vaxtları səhər 7-dən 9-a, günorta 12-dən 3-ə
qədər, axşam 6-8 arası olur. Həftəsonları vaxt bir az
dəyişir. 8-10, 1-3, 6-8-ə qədər vaxt verilir. Menyu da
super (gülür). Şorba, püre-toyuq, balıq, qarabaşaq,
düyü, salatlar, içkilər (ayran, kompot, soklar) və s.
Yemək bişirməyi bacarmıram. Bu yataqxana mənim üçün şans
oldu. Əvvəl bufetimiz yox idi, yeni açılıb. Gün ərzində
çayla içməyə şirniyyat alanda bir dəfə birimiz, başqa
vaxt digərimiz alırıq. Yemək məsələsində başqa heç nəyə
xərcimiz çıxmır.
Otaq bizə bir az soyuq gəlir, ona görə istilik sistemi
ilə maraqlanırıq.
- İstilik sistemi bir neçə gündür işləyir artıq. Bütün
otaqlarda normaldır. Sadəcə bizim otaq dəhlizin sonunda
yerləşdiyi üçün bir az soyuq olur. Amma texniklərimiz
var, bir problem olanda istədiyimiz vaxt çağırırıq,
gəlib həll edirlər. Ümumiyyətlə, bir şikayətimiz olanda
qeydiyyat bölməsindəki şikayətlər və təkliflər dəftərinə
yazırıq. Yataqxana rəhbərliyinə istədiyimiz vaxt
problemlərimizi deyə bilirik.
Nilgün həm də qeyd edir ki, yataqxanada mühafizə sistemi
də çox yaxşıdır. Günün istənilən saatında rahatlıqla
həyətə də çıxıb təmiz hava ala, gəzə bilirlər.
Ümumiyyətlə, burada vaxtları çox yaxşı keçir. O, hətta
bu yataqxana üçün belə deyir:
- Yataqxana bizim sosiallaşmağımıza çox kömək edir.
Burada hətta susan da danışır.
Elə biz də, susanların danışdığı oxu və idman zalları
ilə tanış oluruq. Nilgünlə çox qısa da olsa stolüstü
tennis oynayırıq. Yataqxananın bufetində oturub çay da
içirik.
Daha sonra oğlanların qaldığı otaqlardan birinə baş
çəkirik. Bizi Murad Əliyev qarşılayır, amma otaqdakı
digər tələbələr gözümüzə dəymir. Nədənsə özümüzü "Əhməd
haradadır?" filmindəki yoxlamalar kimi hiss edirik.
Müsahibimiz Murad deyir ki, o, ictimai fəaldır:
- Murad Əliyev, dünya iqtisadiyyatı ixtisasının SABAH
qrupunun II kurs tələbəsiyəm. İsmayıllı şəhərindənəm,
orda doğulub böyümüşəm. Keçən il kirayə qalırdım, "Memar
Əcəmi" metrosunun yaxınlığında, həyət evi idi. Aylıq 60
manat ödəyirdim. Kommunal xərclər də həmin məbləğə daxil
idi. Yemək bişirə bilmirdim. Bişirəndə də çətinlik
çəkirdim.
- Keçən il aylıq xərcin nə qədər idi? Valideynlərin sənə
nə qədər pul verirdi?
- Aylıq xərcim 200-300 manat arası dəyişirdi. Keçən il
təqaüdüm 50 manat idi, bu il isə zərbəçiyəm. Təbii ki,
SABAH-ın da təqaüdü var. Amma yenə də xərclərimi ailəm
ödəyir. Bu il isə aylıq xərcim 100-150 manat arası
dəyişir.
- Yataqxanada nədən razı, nədən narazısan?
- Bir otaqda 4 nəfər çoxdur. Biz hələ ki, 3 nəfər
qalırıq. Fikirləşirəm ki, 4 nəfərlə qalsaydıq çətin
olardı. İki nəfər daha idealdır. Tək olmağın da
tərəfdarı deyiləm.
- Saat limitini aşmısan?
- Bəli, iki dəfə olub. Rəhbərliyə izahat vermişəm. Üzrlü
səbəblərim olub, deyə problem yaşamamışam.
Ümumiyyətlə mən, bizə yaradılmış şəraitdən çox razıyam.
SABAH qruplarını da yüksək səviyyəli təhsil almaq üçün
biz tələbələrə verilən böyük şans kimi qiymətləndirir və
bu layihənin təşəbbüsçüsü olan təhsil nazirimiz Mikayıl
Cabbarova minnətdarlığımı bildirirəm.
Rüfanə GÜNƏŞ,
fotolar Rəşad RAMAZANOĞLUNUNDUR,
"Azərbaycan müəllimi" |