Ev liseyi
Ailə təhsilinin rəsmi statusu 45 ölkədə tanınıb
Ailə təhsili keçmiş vaxtlarda adi hal olub,
lakin icbari ümumi təhsilin yayılması ilə
ələqədar olaraq köklü surətdə unudulub. Bu gün
isə ailə təhsili bərpa olunur və 1992-ci ildən
ona rəsmən icazə verilib. Uşaqlar müstəqil
surətdə orta və ümumi təhsilin proqramlarını
ailədə mənimsəyə bilərlər. Fənlərin tədrisi ilə
isə valideynlər özləri və ya dəvət olunmuş
mütəxəssislər məşğul ola bilərlər. Məktəbdə
aralıq və yekun attestasiyanın aparılması
nəzərdə tutulub. Əgər bu halda uşaqlar
kifayət qədər biliklər ala bilmirlərsə, məktəb
rəhbərliyi uşağın təhsil müəssisəsinə
qaytarılması məsələsini qaldıra bilər. Ailə
təliminə keçid istənilən sinifdən başlaya bilər.
Ailə təhsilini evdə təhsillə qarışdırmaq olmaz.
İkinci halda uşaqlar səhhətləri ilə bağlı
məktəbdə oxuya bilmirlər.
Tez-tez belə bir sual ortaya çıxır: xüsusi
təhsili olmayan valideynlər bütün dərsləri
yuxarı siniflərə qədər yaxşı səviyyədə tədris
edə bilərlərmi? Bir çox hallarda valideynlər öz
uşaqlarını hələ ibtidai məktəblərdən başlayaraq
ev şəraitində təhsilə köçürürlər. Bu isə onlara
davamlı olaraq addım-addım məktəb kursunun bütün
fənlərini mənimsəməyə imkan verir. Bununla belə,
istər yaşlılar, istərsə də uşaqlar arasında
konflikt və stres situasiyaları istisna
olunur. Ailə məktəbi təcrübəsi göstərir ki,
valideynlər dərslərə hazırlaşarkən, bir qayda
olaraq, təkcə məktəb dərsliklərindən deyil,
digər didaktik materiallar və dərsliklərdən
istifadə etməklə özünütəhsillə fəal surətdə
məşğul olurlar. Bu və ya digər fənnin tədrisi
ilə bağlı hər hansı məsələ ortaya çıxanda onlar
məsləhət üçün məktəb pedaqoquna müraciət edə
bilərlər. Bir çox ailə məktəbləri ayrı-ayrı
fənlər üzrə repetitorların xidmətindən
yararlanır, onlar isə bir qayda olaraq bir-iki
fənni tədris edirlər. Bəzən isə ailə məktəbləri
öz səylərini birləşdirir və öz uşaqlarına
ayrı-ayrı fənlər üzrə repetitorları birlikdə
tuturlar.
Ailə məktəbinin effektivliyinə şübhə ilə
yanaşanlar üçün bir neçə fakt göstərək. 12 min
ailədən olan 20 min uşaq arasında aparılmış
sorğunun nəticələri göstərib ki, ailə
məktəbində iştirak edən uşaqların 20 faizi
intellektual və psixo-emosional inkişaf
səviyyəsinə görə özəl məktəblərdə, xüsusən də
dövlət təhsil müəssisələrində təhsil alan
uşaqları 1- 2 il üstələyirlər. Bu üstünlük
birinci sinifdən dördüncü sinfə qədər tam 100
faiz təşkil edir. Ailə məktəblərinin məzunları
tez-tez nüfuzlu ali məktəblərə qəbul olurlar.
"Ailə məktəbi"ndən olan uşaqlar, bir qayda
olaraq, televizora az baxır, daha çox oxuyur,
onların öz valideynləri ilə daha xoş
münasibətləri var. Tədqiqatlara müvafiq olaraq,
onlar daha intizamlı, nəzakətli və
əməksevərdirlər və ətraf mühitin təsirinə daha
az dərəcədə məruz qalırlar. Bu cür uşaqlar
yaşlı insanlarla daha asanlıqla psixoloji
kontakt və sosial münasibət qura bilir, daha
məsuliyyətlidirlər və nadir hallarda hüquq
pozuntularına yol verirlər. Psixoloqların
fikrincə, bu cür fenomenin səbəbi ondadır ki,
onların valideynləri ilə ünsiyyəti prosesində
dəyərlər münasibətinin inkişafı baş verir.
Nəticədə onlar adi məktəblərdə oxuyan
həmyaşıdlarına nisbətən daha nümunəvi davranış
nümunələri göstərirlər. M.V. Lomonosov adına
Moskva Dövlət Universitetinin professoru
A.Antonovun fikrincə, ailə təhsili müasir sosium
şəraitində ən populyar tədris üsullarından
biridir. Alim belə bir nəticəyə gəlir ki,
valideynlərin repetitor tutmadan öz
uşaqlarının müəllimlərinə çevrilməsi tamamilə
təbii haldır. Valideynlərin öz uşaqlarının
inkişafını izləməsi, onlarla ünsiyyətdə olması,
zəif və güclü tərəflərini öyrənməsi üçün
imkan yaranır ki, bu da ailənin sıx birliyinə
və möhkəmlənməsinə, topladıqları təcrübə və
mənəvi ehtiyatın onlara ötürülməsinə xidmət
edir. Bu isə uşaqların şəxsiyyətinin
formalaşması üçün çox mühümdür.
Ailə təhsilinin rəsmi statusu artıq 45
dövlətdə tanınıb. Lakin bir qism insanlar hesab
edirlər ki, özünün bütün müsbət keyfiyyətlərinə
baxmayaraq ailə təhsilinin bir mühüm
çatışmazlığı var: bu cür uşaqlar öz
həmyaşıdları ilə kontaktdan məhrumdurlar və
onlarla ünsiyyət vərdişləri qazana bilmirlər.
Lakin bu heç də belə deyil. Dünya təcrübəsi
sübut edir ki, əgər uşaqlar, məsələn, idman
bölmələrində və ya dərnəklərdə digər
həmyaşıdları ilə ünsiyyət qurarsa, sosiallaşma
prosesi bu halda da effektiv olacaq. Beləliklə
də ailə təhsilini seçən valideynlər öz
uşaqlarının böyük və kiçik sosial qruplarda,
formal və ya qeyri-formal vəziyyətdə, müxtəlif
yaşlı insanlar , dostlar, qohumlar və
tanımadıqları insanlar arasında zəruri sosial
vərdişlər qazanmaları üçün zəruri şərait yarada
bilər və yaratmalıdırlar. Çox vaxt ailə
məktəbləri birgə istirahət, ekskursiyalar təşkil
edirlər. Belə ki, Arxangelsk vilayətində
"Aist" birləşmiş ailə məktəbi birgə istirahət
- idman yarışları, yürüşlər, bayramlar təşkil
edir. Bununla da uşaqların sonrakı
sosiallaşmasında heç bir problem yaranmır.
Adi bir ailə məktəbinin təcrübəsini gözdən
keçirək. Ailə tərkibi ata, ana və qız
övladlarından ibarətdir. Ata ali, ana isə orta
təhsillidir. Ata işləyir, ana isə evdar
qadındır. Onların qızları Alina isə V sinifdə
oxuyur. Valideynləri Alinanı III sinifdən ailə
təhsilinə keçirməyə qərar veriblər. Onlar
məktəbin verdiyi təhsilin keyfiyyətini
qaneedici hesab etməyiblər. Digər bir səbəb də
olub, Alinanın sinif yoldaşları ilə
münasibətində çətinliklər yaranıb və buna görə
də uşaq məktəb məşğələlərində iştirakdan imtina
edib. III-IV siniflərdə uşaq anasından dərs
alıb. V sinifdə isə riyaziyyat fənnini atası
tədris edib. Məşğələlər müntəzəm rejimdə
gündüzlər, tərtib olunmuş cədvələ uyğun
keçilib. Dərslər balanslaşdırılıb, yüngül
dərslər daha çətin dərslərlə növbələnib.
Dərslər 10 dəqiqəlik fasilə ilə 45 dəqiqə davam
edib. Şənbə və bazar istirahət günləridir,
tətillər də nəzərdə tutulub. Alinanın
müvəfəqiyyət dərəcəsi əladır. Uşağın
sosiallaşması və idman hazırlığında heç bir
problem yoxdur. O, bədii yaradıcılıq və idman
məktəbinə gedir. Alinanın 4 rəfiqəsi (onlardan
3-ü ilə bədii yaradıcılıq məktəbində tanış
olub) var.
Ailə təhsili hələ bilik əldə etmənin ən gənc
formasıdır, buna görə də bu cür valideynlərə
müəllimlər tərəfindən dəstək zəruridir. Çox
kədərli haldır ki, bəzən pedaqoqlar bu cür
təhsilə şübhə ilə yanaşır, bunda məktəbə
münasibətdə rəqabət görürlər. Əslində isə ailə
təhsili uşaqların yaxşı, möhkəm biliklər
almasında məktəbin köməkçisidir.
"Uçitelskaya qazeta"dan |
Milyonçular hansı universitetləri bitiriblər?
İsveçrə Bankı tərəfindən dünyanın 2300 ən varlı
insanları üzrə toplanmış məlumatlara əsasən,
milyonçuların 2/3-nin ali təhsili var. Onlardan
25 faizi magistr təhsilini başa vurub. Hər on
nəfərdən biri isə elmlər doktoru alimlik
dərəcəsinə malikdir. Siyahıda adları çəkilən 20
ali məktəbdən 16-sı ABŞ-ın payına düşür.
ABŞ-ın Pensilvaniya Universitetinin liderlik
etdiyi siyahıda M.V.Lomonosov adına Moskva
Dövlət Universiteti 11-cı sıradadır. Milyonçu
məzunların oxuduğu 20 ali məktəbin siyahısına
aşağıdakı universitetlər daxildir. 1.
Pensilvaniya Universiteti, 2. Harvard
Universiteti, 3. Yel Universiteti, 4.Cənubi
Kaliforniya Universiteti, 5. Prinston
Universiteti, 6. Kornell Universiteti, 7.
Stanford Universiteti, 8. Kaliforniya Berkli
Universiteti, 9.Mumbai Universiteti, 10.London
İqtisadiyyat Məktəbi, 11. M.V.Lomonosov adına
Moskva Dövlət Universiteti, 12. Texas
Universiteti, 13. Dartmunt Kolleci, 14. Miçiqan
Universiteti, 15. Nyu-York Universiteti,
16. Dyuk Universiteti, 17. Kolumbiya
Universiteti, 18. Braun Universiteti, 19.
Massaçusets Texnologiya İnstitutu, 20. Sürix Ali
Texnik Məktəbi. |
Finlandiyada məktəblilər çap hərflərinə keçir
Finlandiyanın Baş Təhsil İdarəsində hesab
edirlər ki, bugünkü tədris prosesində yazı
bacarıqları az tələb olunur, uşaqlara çap
hərfləri ilə işləməyi öyrətmək lazımdır.
2016-cı ilin payızından sonra kiçikyaşlı
şagirdləri artıq dəftərlərə hərf yazmaq yolu
ilə öyrətmək lazım gəlməyəcək. Ölkədə qəbul
olunmuş yeni tədris planına əsasən əsas diqqət
çap etmək bacarıqlarının inkişafına
yönəldiləcək. "Dəyişiklik o demək deyil ki,
əllə yazmaq tamamilə aradan qalxacaq. Hər
halda, indi hesab olunur ki, yaxşı xəttə nail
olmaq üçün çap hərfləri ilə tədris
kifayətdir", - deyə Finlandiyanın Baş Təhsil
İdarəsinin təhsil üzrə müşaviri Minna
Xarmanen bildirib. Yazı hərfləri tam
itməyəcək, onlar fakültativ dərs kimi tədris
olunacaq. "Yenilik məktəbdəki reallığı əks
etdirir. Yuxarı sinif şagirdlərinin böyük
hissəsi çap hərfləri ilə yazır", - deyə
Xarmanen aydınlaşdırır. Yeni tədris planı
hazırlanarkən baxış gələcəyə hədəflənib. Çap
hərfləri ilə yazmağı bütün şagirdlərə öyrətmək
lazımdır, çünki artıq indi mətnlərin böyük
əksəriyyəti kompüterdə yaradılır. "Bu yeniliyə
həm də o nəzərdən baxmaq olar ki, bütün
şagirdlərin yaxşı yazmağı öyrənmək imkanları
bərabər olacaq". |