Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Noyabr 2014 - №46

 

Yüksək reytinqli elmi jurnallarda alimlərimizin 294 məqaləsi nəşr olunub

 

Ali təhsil müəssisələrində yerinə yetirilən elmi-tədqiqatlar ölkəmizdə aparılan elmi-tədqiqatların mühüm hissəsini təşkil edir. Burada fundamental və tətbiqi xarakterli elmi-tədqiqat işləri aparılır, elmi-pedaqoji kadrların hazırlanması həyata keçirilir. Ali təhsil müəssisələrində elmi-tədqiqatlar həm kafedralarda, həm də elmi-tədqiqat müəssisələrində aparılır.

Hazırda Təhsil Nazirliyinə tabe olan 20 dövlət ali təhsil müəssisəsində 131 fakültə, 659 kafedra, dövlət büdcəsindən maliyyələşən 4 elmi-tədqiqat institutu, 4 elmi mərkəz, 92 elmi-tədqiqat laboratoriyası, eləcə də bir təsərrüfat hesablı elmi-tədqiqat institutu fəaliyyət göstərir.

Təhsil Nazirliyinə tabe olan ali təhsil müəssisələrində 9263 elmi-pedaqoji kadr, o cümlədən 897 elmlər doktoru, 4089 fəlsəfə doktoru, 49 nəfər AMEA-nın həqiqi üzvü və müxbir üzvü çalışır.

Ali təhsil müəssisələrində elmi-tədqiqat işlərinin yerinə yetirilməsi üçün əsas maliyyələşmə mənbəyi olan dövlət büdcəsi ilə yanaşı, digər mənbələrdən də istifadə edilmişdir. Bunlardan istehsalat müəssisələri ilə bağlanan təsərrüfat müqavilələri əsasında aparılan tədqiqatlar, müxtəlif beynəlxalq fondların və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən ayrılan qrantları qeyd etmək olar.

 Təhsil müəssisələri ilə istehsalat arasında elmi əlaqələr get-gedə möhkəmlənir, ali məktəblər tərəfindən istehsalat müəssisələri üçün yerinə yetirilən təsərrüfat müqaviləli elmi-tədqiqat işlərinin sayı və həcmi artır. Lakin elmi nəticələrin istehsalata tətbiqində olan çətinliklər hələ də qalmaqdadır.

Ali təhsil müəssisələri ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında əlaqələr inkişaf edir: Akademiya sistemində işləyən alimlər ali məktəblərdə tədris prosesinə cəlb olunur, buraxılış işlərinə, dissertasiyalara rəhbərlik edirlər. Ali məktəblərdə aparılan elmi işlərin mühüm nəticələri AMEA-nın koordinasiya şuralarında və Rəyasət Heyətinin iclaslarında müzakirə edilir.

Son illər ali təhsil müəssisələrində elmi-texniki nailiyyətlərin ümumiləşdirilməsi və yayılması, elmi nəticələrin istehsalatda tətbiq edilməsi, innovasiya, ixtiraçılıq və patent-lisenziya fəaliyyəti, elmi jurnalların, dissertasiyaların, elmi məqalələrin, dərsliklərin, tədris-metodik vəsaitlərin hazırlanması və nəşri sahəsində əhəmiyyətli işlər görülür.

Yalnız 2013-cü ildə ali təhsil müəssisələrində  çalışan alimlər tərəfindən 269 monoqrafiya, 246 dərslik, 502 dərs vəsaiti, 1598 adda proqram və metodik ədəbiyyat nəşr etdirilib. Alimlərimiz Azərbaycan elmini müxtəlif beynəlxalq elmi konfranslarda təmsil edir, onların məqalələri xarici ölkələrin elmi jurnallarında dərc olunur. Xarici jurnallarda alimlərimizin 2324 məqaləsi, beynəlxalq konfransların materiallarında 1148 məruzə tezisi nəşr edilib. Son 6 il ərzində Azərbaycan alimləri tərəfindən xarici jurnallarda nəşr olunmuş məqalələrin sayı 2,6 dəfə, beynəlxalq konfransların materiallarında dərc edilmiş tezislərin sayı isə 2,2 dəfə artıb.

Elmin informasiya təminatının gücləndirilməsi, beynəlxalq elmi əlaqələrin dərinləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər nəticəsində dünyanın ən nüfuzlu jurnallarında, xüsusilə də "Thomson Reuters" Agentliyinin bazasına daxil olan impakt-faktorlu jurnallarda 294 məqalə nəşr olunub.

Ali məktəblərdə yerinə yetirilən işlərin nəticələrini elmi ictimaiyyətə çatdırmaqda elmi nəşrlərin rolunu nəzərə alaraq onların təsis edilməsinə və müntəzəm nəşrinə xüsusi fikir verilir, yeni elmi-tədqiqat nəşrlərinin sayı artırılır. Təhsil Nazirliyi sistemindəki ali məktəblərdə Ali Attestasiya Komissiyası tərəfindən tanınan 37 adda elmi məcmuə və jurnal nəşr edilir.

Ölkəmizdə çalışan yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların 32,1%-i, elmlər doktorlarının və elmlər namizədlərinin təxminən 50%-i Təhsil Nazirliyi sistemində cəmləşib. Odur ki, mövcüd elmi potensialın qorunub saxlanılması və gənc kadrların hazırlanması ali təhsil müəssisələri qarşısında duran əsas vəzifələrdən biridir.

Hər il ənənəvi olaraq Təhsil Nazirliyi doktorantların və gənc tədqiqatçıların apardıqları elmi-tədqiqat işlərinin nəticələrinin müzakirələrinin təşkili məqsədilə bütün elm sahələri üzrə doktorantların və gənc tədqiqatçıların respublika elmi konfransını təşkil edir.

Azərbaycanda elmin inkişafı və elmi-pedaqoji kadrların hazırlanması sahəsində müəyyən işlər görülsə, bir çox tədbirlər həyata keçirilsə də, bu sahədə həll olunmamış işlər və çatışmazlıqlar da az deyil. Azərbaycan Respublikasında elmi qurumların strukturunun müəyyənləşdirilməsi, tədqiqatların müasir standartlar səviyyəsində aparılması və maliyyələşdirilməsi, ölkənin elmi kadr potensialının artırılması və onun sosial müdafiəsinin gücləndirilməsi, bütövlükdə elmin inkişafı üzrə milli strategiyanın həyata keçirilməsi və Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının təmin olunmasını sürətləndirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya" və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında 4 may 2009-cu il tarixli 255 nömrəli Sərəncam imzalayıb.

Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya elmi-tədqiqatların prioritetlərinin dünya elminin inkişaf istiqamətlərinə və ölkənin mühüm ictimai-mədəni məsələlərinin həllinə uyğun müəyyənləşdirilməsinə, biliklərə əsaslanan yeni tipli iqtisadiyyatın formalaşdırılmasına, elm sahəsində idarəetmə sisteminin, elmi infrastrukturun modernləşdirilməsinə, elmi-tədqiqat müəssisələrinin və bütövlükdə elmin maliyyələşdirilmə mexanizmlərinin təkmilləşdirilməsinə, yüksək ixtisaslı kadrların hazırlanmasına, elmi məktəblərin qorunması və elmdə varisliyin təmin edilməsinə, elmin, təhsilin və istehsalın inteqrasiyasına, elmi işçilərin sosial təminatının yaxşılaşdırılmasına, elmin normativ-hüquqi bazasının və informasiya təminatının gücləndirilməsinə, Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasına yönəlmiş elm və texnologiyaların inkişafı sahəsində dövlət siyasətinin əsas istiqamətlərinin, bu sahədə həyata keçiriləcək tədbirlərin məqsəd, prinsip və yanaşmalarının məcmusudur. Strategiyanın müddəalarına uyğun tədbirlər "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"na əsasən həyata keçiriləcəkdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov