Yusif ƏLİYEV, Niyazi RƏHİMOV,
"Azərbaycan müəllimi"
Dünyanın
yüksək reytinqli universitetlərinin əksəriyyəti həm də
nəhəng elm mərkəzləri kimi tanınır. Bu müəssisələrdə
geniş elmi-tədqiqat işləri aparılır, dünya elminə
töhfələr verən böyük layihələr həyata keçirilir. Elmin
müxtəlif sahələri üzrə tədqiqatlar əsasən
universitetlərin bazasında yerləşən elmi-tədqiqat
mərkəzlərində və laboratoriyalarda aparılır. Bu
tədqiqatlar və araşdırmalar həmin universitetlərin
reytinq cədvəlinin yuxarı sıralarında olmasına da mühüm
təsir göstərir. Dünyada, bir qayda olaraq, ali
məktəblərdə elmin inkişaf səviyyəsi universitetlərin
reytinqini formalaşdıran əsas parametrlərdən biri hesab
edilir. Məhz buna görə də dünyanın ali təhsillə məşğul
olan tanınmış reytinq şirkətləri universitetlərin
fəaliyyətinin qiymətləndirilməsində elmin inkişafı ilə
bağlı nailiyyətləri əsas meyar kimi dəyərləndirirlər.
Times Higher Education və QS kimi şirkətlərin
qiymətləndirmə meyarlarında universitetlərin elmi
nailiyyətləri əsas göstəricilərin təxminən 40 faizini
təşkil edir.
Ali təhsil müəssisələrində aparılan elmi-tədqiqat
işlərində alimlərlə yanaşı orada təhsil alan tələbə və
mütəxəssislər də yaxından iştirak edirlər ki, bu da
onların gələcək karyeralarına çox müsbət təsir
göstərir. Universitetlərdə elmin inkişafı həm də bu
müəssisələrə böyük miqdarda pül vəsaitlərinin daxil
olması deməkdir. Müxtəlif dövlət qurumları və özəl
şirkətlər tərəfindən verilən sifarişlər əsasında
universitetlərdə nəhəng elmi layihələr həyata keçirilir.
Kaliforniya Texnologiya İnstitutu Amerika Birləşmiş
Ştatlarının Kosmik tədqiqatlar üzrə dünya nəhəngi hesab
edilən NASA-nın Reaktiv Hərəkətlər Laboratoriyasını
idarə edir. Sifarişli tədqiqatlara istehsalçı şirkətlər
xüsusi maraq göstərirlər. Həmin şirkətlər təqdim
etdikləri məhsulların əksəriyyətini, demək olar ki, bu
universitetlərin laboratoriyalarında hazırlayır və ya
sınaqdan keçirirlər. Eyni zamanda, dünyanın ən yüksək
reytinqli universitetlərinə nəzər saldıqda görürük ki,
bu müəssisələrdə elmi layihələrin həyata keçirilməsi
üçün hər il böyük miqdarda maliyyə vəsaiti xərclənir.
ABŞ-ın təkcə Harvard Universitetində elmi tədqiqatlara
hər il təxminən 1 milyard ABŞ dollarına yaxın vəsait
ayrılır. Tədqiqatlar universitetin məktəblərində,
Redklif Qabaqcıl Tədqiqatlar İnstitutunda, 100-dən artıq
elmi-tədqiqat mərkəzlərində, kampuslarda, həmçinin
dünyanın müxtəlif ölkələrindəki institutlarında həyata
keçirilir. Böyük Britaniyanın Kembric Universitetinə
nəzər saldıqda isə görürük ki, bu universitet il ərzində
elmi-tədqiqat işlərinə təxminən 650 milyon funt-sterlinq
sərf edir. Universitetin tərkibində Onkologiya, Afrika
Araşdırmaları, Tətbiqi Tibbi Statistika, Beyin Bərpası
və sair mərkəzlər, Aviasiya və Ətraf Mühit, Astronomiya,
Dil Tədqiqatı institutları fəaliyyət göstərir. Nəzərə
çatdıraq ki, belə universitetlərin sayı çoxdur və
dünyanın ən yaxşı universitetləri bu nailiyyətlər
əsasında yüksək reytinq və nüfuz qazanıblar.
Massaçusets Texnologiya İnstitutu çoxsaylı elmi
kəşflərin yarandığı məkandır. Azad proqram təminatı
hərəkəti və GNU layihəsi, nüvənin maqnit yaddaşı, radar,
bir elektron tranzistoru, dizayn nəzəriyyəsinin rəqəmsal
sxemi və sair kimi kəşflər bu universitetin alimləri
tərəfindən həyata keçirilib. Massaçusets Texnologiya
İnstitutunun alimləri kibernetika, kompüterin dili,
robot texnikası, açıq açarlı kriptoqrafiya sahələri üzrə
böyük nailiyyətlər əldə ediblər. Subatom və kvant
nəzəriyyəsinə əlavələrinə görə institutun fizika
fakültəsinin 8 alimi Nobel mükafatına layiq görülüb.
Yuxarıda adlarını çəkdiklərimiz universitetlərin
alimləri dünya elminə məlum olmayan bir çox kəşflər
ediblər. Nobel mükafatına layiq görülənlərin də
əksəriyyəti məhz bu kimi universitetlərdə çalışan
alimlərdir. Təkcə Kembric Universitetində dünya elminə
böyük töhfələr vermiş 80-dən çox Nobel mükafatçısı var.
Keçmiş postsovet respublikalarında olduğu kimi,
Azərbaycanda da bu gün elmin inkişafı ilə əsasən
dövlətin bir çox elmi-tədqiqat institutlarını özündə
birləşdirən Azərbaycan Milli Elmlər Akademiyası məşğul
olur. Bu təşkilat istər sovetlər birliyi dönəmində,
istərsə də müstəqillik illərində Azərbaycan elminə
dəyərli töhfələr verib. Ancaq bununla yanaşı,
Azərbaycanda elmi-tədqiqatlar paralel olaraq
universitetlərdə də aparılır. Ali təhsil müəssisələrində
elmin inkişafı ilə bağlı hər il dövlət büdcəsindən
müəyyən məbləğdə vəsait də ayrılır. Qeyd olunan
nümunələrdən də göründüyü kimi, Azərbaycanda elm
strateji olaraq ayrı-ayrı strukturlarda həyata keçirilsə
də, bu gün universitetlərimizdə bu sahənin inkişafına
mane olan heç bir baryer mövcud deyil. Yəni, konkret
desək, dövlət elm və tədqiqatların həm də alternativ
olaraq ali məktəblərdə inkişaf etdirilməsində
maraqlıdır. Bizi maraqlandıran məsələ isə ondan
ibarətdir ki, bəs ölkəmizin ali təhsil müəssisələrində
elmin inkişafı ilə bağlı hansı addımlar atılır? Hansı
tədqiqatlar aparılır? Bunun üçün lazımi şərait varmı? Bu
məqsədlə paytaxtda yerləşən bir sıra universitetlərdə
olduq.
Aydın KAZIMZADƏ,
Bakı Dövlət Universitetinin elm və innovasiyalar üzrə
prorektoru, professor
Universitetimizdə elmi strukturlar mövcuddur. Hazırda
universitetin tərkibində Fizika Problemləri
Elmi-Tədqiqat İnstitutu və Tətbiqi Riyaziyyat
Elmi-Tədqiqat İnstitutu fəaliyyət göstərir. Bundan
başqa, universitetin struktur bölmələri arasında 3
elmi-tədqiqat mərkəzi və 24 elmi-tədqiqat laboratoriyası
var. Bu laboratoriyaları həm də uyğun fakültələrdəki
kafedralara təhkim etmişik. Məqsədimiz elmi işlərin
elmi-tədqiqat mərkəzləri ilə yanaşı kafedralarda da
aparılmasını təmin etməkdir. Təxminən 300 nəfərə yaxın
əməkdaşımız elmi strukturlarda çalışır. Bundan başqa,
1200 nəfər professor-müəllim heyəti də elmi işlərdə
yaxından iştirak edir, tədqiqatlar aparırlar. Bununla
yanaşı tələbələr də bu işlərə cəlb olunur.
Universitetdə 90-a yaxın qrant və proqram üzərində
işləyirik. Bunun 65-i beynəlxalq proqram və qrantdır. Bu
qrantlarda iştirak etməklə həm universitetə gəlir
gətiririk, həm də elmi potensialımızı artırırıq. Bütün
bunların nəticəsidir ki, universitet bir il müddətində
təxminən 5-7 milyon dollar gəlir əldə edir. Məsələn,
nanotexnologiyanın neftçıxarmada tətbiqi ilə bağlı 1
milyon dollar dəyərində beynəlxalq qrant udmuşuq. Bundan
başqa, Elmin İnkişafı Fondunun verdiyi elanlarda da
yaxından iştirak edir və qrantlar qazanırıq.
Yüksək reytinqli impakt-faktorlu jurnallarda son
zamanlar respublikamızdan təxminən 600-650 məqələ dərc
olunub. Təkcə 2013-cü ildə universitetimizin alimlərinin
165 məqaləsi yüksək reytinqli impakt-faktorlu
jurnallarda dərc olunub. Bu məqalələr universitetimizin
dünya ali təhsil müəssisələri arasında reytinqinin
yüksəlməsinə səbəb olur. Nəzərə çatdırım ki, artıq 3
ildir Küest İnformasiya Agentliyinin reytinq cədvəlində
universitetimiz 20 min universitet arasında Elitar
Universitetlər adlanan ilk 700-lüyə daxildir. 2005-ci
ildən universitetimizdə nanotexnologiya laboratoriyası
fəaliyyət göstərir. 2011-ci ildə universitet alimləri
tərəfindən nanotexnologiya sahəsində əldə olunan uğurlar
UNESCO-nun illik hesabatında kitabça şəklində təxminən
17 səhifə həcmində dərc olunub. 2012-ci ildə isə BDU bu
istiqamətdə gördüyü işlərə görə İSESCO-nun xüsusi
mükafatına layiq görülüb.
Arif ŞƏRİFOV,
Azərbaycan Memarlıq və İnşaat Universitetinin elm və
texnika işləri üzrə prorektoru, professor
Universitetimizdə əsasən memarlıq, inşaat və digər elm
sahələrini əhatə edən müasir problemlərə həsr olunan
müxtəlif elmi-tədqiqat işləri aparılır. Bu tədqiqat
işləri bütün kafedralarda həyata keçirilir. Biz artıq
2014-2018-ci illəri əhatə edən elmi-tədqiqat işlərinin
planını təsdiq etmişik. Hazırda bu plan üzrə tədqiqat
işlərimiz davam etdirilir. Universitetimizdəki
kafedralarda tədris və tədqiqat işləri ilə bağlı çoxlu
sayda laboratoriyalar mövcuddur. Kafedralardakı
laboratoriyalardan əlavə sırf elmi-tədqiqat işləri
aparılan 6 laboratoriyamız fəaliyyət göstərir. Aparılan
bütün elmi işlər elmi-tədqiqat şöbə tərəfindən
əlaqələndirilir. 4 elmi jurnal nəşr olunur.
Sevindirici haldır ki, son illər müəllimlərimizin elmi
məqalələri nüfuzlu jurnallarda dərc olunur. Təkcə
2013-cü ildə universitet alimlərinin 123 məqaləsi xarici
elmi jurnallarda işıq üzü görüb. Həmin məqalələrdən 8-i
isə yüksək reytinqli impakt-faktorlu jurnallarda dərc
olunub.
Bundan başqa, son vaxtlar abidələrin bərpası və
mühafizəsi laboratoriyasında çox mühüm elmi-tədqiqat işi
aparılmışdır. Həmin laboratoriyaya rəhbərlik edən
rektorumuz Gülçöhrə Məmmədovanın elmi-tədqiqat işi
nəticəsində Şəkinin Kiş kəndində yerləşən Kiş abidəsi
fərqli üsullarla yenidən bərpa edildi. Universitet
alimləri elmi-tədqiqat işlərini artırmaqla bu sahədə
daha böyük uğurlar əldə edir. Bu işlərə tələbələr xüsusi
ilə cəlb olunur. Əvvəlki illərdən fərqli olaraq indi
tələbələr tədqiqat işlərinə daha çox maraqlıdırlar.
Düşünürəm ki, elm sahəsi ölkəmizdə inkişaf
mərhələsindədir.
Eldar ŞAHGƏLDİYEV,
Xəzər Universiteti magistratura, doktorantura və elmi
işlər bölməsinin müdiri, fəlsəfə doktoru
Azərbaycanda ilk ingilisdilli özəl ali məktəb olan Xəzər
Universitetinin 200 nəfərə yaxın müəllim heyətindən
təqribən 30 nəfəri elmi-tədqiqat işi ilə məşğul olur. Bu
günə qədər universitet üzrə 6 elmi işə patent
alınmışdır.
Universitet xarici təşkilatlar tərəfindən
maliyyələşdirilən qrant layihələrində də fəal iştirak
edir. Son 2 ildə bu layihələrdən 533.000 manat qazanc
əldə olunmuşdur.
Elmi-tədqiqat işlərini yüksək səviyyədə aparmaq üçün
universitetimizdə lazımi baza şəraiti və elmi mühit
mövcuddur. Elmi-tədqiqatlar əsasən 4 elmi-tədqiqat
müəssisəsində aparılır. Bunlar Təhsil Siyasəti
İnstitutu, Qafqaz Araşdırmaları Tədqiqat Mərkəzi,
Avrasiya Hasilat Sənayesi Bilik Mərkəzi, Lüğət və
Ensiklopediya Mərkəzidir.
Universitetdə tədris laboratoriyaları ilə yanaşı iki
tədqiqat laboratoriyası da fəaliyyət göstərir. Həm
inşaat materiallarının sıxlığının ölçülməsi
laboratoriyası, həm də neft yataqlarında aparılan
tədqiqatlar üçün nəzərdə tutulan kompüter simulyasiyası
laboratoriyası müasir qurğu və avadanlıqlarla təchiz
olunmuşdur.
Son illər universitetimizdə 6 nəfər tədqiqatçı əməkdaş
tərəfindən yazılmış məqalələr nüfuzlu beynəlxalq
impakt-faktorlu elmi jurnallarda dərc olunub.
Qrantlar əsasında yerinə yetirilən elmi-tədqiqat işləri
də universitetin araşdırma fəaliyyəttində xüsusi yer
tutur və hazırda qrantlar əsasında 7 tədqiqat layihəsi
yerinə yetirilir.
Universitetdə çalışan əməkdaşlar müxtəlif nüfuzlu
beynəlxalq institutların tədqiqatçıları ilə birgə
araşdırmalar aparırlar. Bu yaxınlarda İtaliyanın Milan
şəhərində "Egea" nəşriyyatı tərəfindən "Xəzər dənizi
şahmat taxtası: geosiyasi, geostrateji və geoiqtisadi
təhlil" adlı kitab nəşr edilmişdir. Kitabın
həmmüəllifləri SAM-ın (Azərbaycan Respublikasının
Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi)
əməkdaşı, Xəzər Universitetinin müəllimi və doktorantı
Azad Qəribov və İSPİ-nin (İtaliyanın Beynəlxalq Siyasi
Araşdırmalar İnstitutu) əməkdaşı Karlo Frappidir.
Rahim HÜSEYNOV,
Təfəkkür Universitetinin prorektoru, professor
Universitetimizdə elmə xüsusi diqqət yetiririk. Düzdür,
bizim universitetin dövlət ali təhsil müəssisələri ilə
müqayisədə çoxlu sayda elmi-tədqiqat laboratoriyaları
yoxdur. Laboratoriyalarımız əsasən tədris
laboratoriyalarıdır. Lakin buna baxmayaraq müxtəlif
elmi-tədqiqat institutlarının laboratoriyalarında
universitetin professor-müəllim heyəti araşdırmalar
aparır. Bundan başqa, alimlərimizin elmi məqalələri
istər respublikamızda, istərsə də xaricdə nəşr olunan
elmi jurnallarda dərc olunur. Təkcə xarici jurnallarda
çıxan məqalələrin sayı 49-a çatır. Onlardan 4-ü yüksək
reytinqli impakt-faktorlu jurnallardır.
Universitetimiz dünyanın bir çox ölkələri ilə əməkdaşlıq
edir. Bu əməkdaşlıqlar çərçivəsində Təfəkkür
Universiteti Hollandiyanın Van Holl Universiteti ilə
bağlanmış müqaviləyə əsasən TASİS-TEMPUS proqramı üzrə
ekologiya sahəsində 250 (iki yüz əlli) min avro
dəyərində qrant udmuş və həmin qrantın hesabına müasir
tələblərə cavab verən laboratoriya yaradılmışdır.
Elmi-tədqiqat işlərində fəal iştirak edən universitetin
nəqliyyat və tətbiqi mexanika kafedrasının professoru
İlyas Əliyev 2013-cü ildə qırma daş-mastikalı
asfalt-beton üçün stabilləşdirici əlavə ixtirasına İ
20130027 saylı patent almışdır. Patentin istehsalatda
tətbiqi asfalt-beton qarışığının keyfiyyətini yüksəldir,
nəticədə onun işləmə qabiliyyətini 1,5 dəfə çoxaldır və
asfalt-betonun işləmə müddəti uzadılır. Həmçinin yol
inşaat materiallarının keyfiyyətli istifadəsinə imkan
yaradır, iqtisadi səmərəliyini artırır. |