Asəf ZAMANOV,
BPKİYİ-nin rektoru, fizika-riyaziyyat elmləri doktoru,
professor
Təkzibolunmaz
həqiqətdir ki, cəmiyyətimizin inkişafında təhsil
zəncirvari bir sistem kimi mühüm rol oynayır. Bünövrəsi
ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan
müstəqil Azərbaycanın yeni Təhsil Strategiyası bu gün
ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi
diqqət və qayğının bariz nümunəsidir. Bu diqqət və
qayğıdan ruhlanan, yaradılmasının 75 illik yubileyini
qeyd etməyə hazırlaşan Bakı Pedaqoji Kadrların
İxtisasartırma və Yenidənhazırlanma İnstitutu da ölkə
təhsilinin inkişafına potensial gücünü əsirgəmir.
İnstitutumuzun fəaliyyəti tarixinin bəzi məqamlarını
oxucularla bölüşmək istərdim.
XX əsrin 30-cu illərində Bakı şəhərinin ümumtəhsil
məktəblərində işləyən müəllimlərin ixtisasının
artırılmasına, təkmilləşdirilməsinə və yenidən
hazırlanmasına böyük ehtiyac yaranmışdı. Bu ehtiyacı
nəzərə alaraq, Azərbaycan SSR Xalq Komissarları
Sovetinin 15 aprel 1939-cu il tarixli qərarı ilə Bakı
şəhər Müəllimləri Təkmilləşdirmə İnstitutu təşkil olundu.
İkinci Dünya müharibəsi illərində müəllimlərin böyük bir
hissəsi səfərbərliyə alındığı üçün məktəblərdə pedaqoji
kadr çatışmazlığı yarandı. Bu çatışmazlığı aradan
qaldırmaq məqsədilə kurslarda və seminarlarda pedaqoji
kadr hazırlığına başlanıldı.
İnstitut
1945-ci ildən fəaliyyətini Bakı Maarif Şöbəsinin yanında
metodkabinet kimi davam etdirdi. Metodkabinetin müxtəlif
fənlər üzrə əməkdaşları pedaqoji kollektivlərlə
müntəzəm təmasda olur, metodik göstərişlərlə fənn
müəllimlərinə, məktəb rəhbərlərinə kömək edirdilər. Bir
qədər sonra ümumtəhsil fənləri üzrə kabinetlər yaradıldı
və texniki vasitələrlə, elmi-metodik ədəbiyyatla, əyani
vəsaitlə təchiz olundu. İstehsalatdan ayrılmamaqla və
ayrılmaqla ixtisasartırma kurslarının kütləvi təşkilinə
başlanıldı.
İxtisasartırma kurslarında institutun metodist
mütəxəssisləri ilə bərabər respublikanın tanınmış
alim-pedaqoqları, yüksək ixtisaslı mütəxəssisləri də
fəaliyyət göstərirdilər. Onların sırasında Azərbaycanın
tanınmış alimləri Cəfər Xəndan, Mehdi Mehdizadə, Əşrəf
Hüseynov, Əbdüləzəl Dəmirçizadə, Abbas Abbaszadə, Şövqi
Ağayev, Mərdan Muradxanov, Zahid Xəlilov, Fikrət Seyidov,
Əliheydər Həşimov və başqalarının adlarını xüsusi qeyd
etmək lazımdır. Məhz bu cür yanaşma kurslarda
mühazirələrin elmi səviyyəsini artırır, praktik
miqyasını genişləndirirdi. İnstitutda Azərbaycan Elmlər
Akademiyasının görkəmli alimlərinin, Maarif Nazirliyinin
rəhbərlərinin və işçilərinin bilavasitə iştirak
etdikləri elmi-praktik konfranslar, seminarlar,
müşavirələr keçirilirdi.
Sovet dövründə təhsil sistemi qarşısında SSRİ-ni dünya
miqyasında aparıcı mövqeyə çıxara biləcək nəhəng
miqyaslı islahatların həyata keçirilməsinə hesablanmış
qlobal vəzifələr qoyulmuşdu.
Fəaliyyətin birinci onilliyində institutun əməkdaşları
əsasən reproduktiv xarakterli pedaqoji-təşkilati və
elmi-metodik xidmət tədbirləri həyata keçirmişlər. Onlar
məktəb, məktəbəqədər və məktəbdənkənar uşaq tərbiyə
müəssisələrinin tədris proqramları, müxtəlif təlimat və
tövsiyələrlə təmin edilməsində bilavasitə iştirak etmiş,
təlim-tərbiyə mexanizmlərinin, nəzəriyyələrinin,
texnologiyalarının həyata keçirilməsini təmin etmiş,
şagirdlərlə, valideynlərlə, ictimaiyyətlə sıx əlaqə
saxlamışlar.
İkinci onillikdə institut kollektivinin fəaliyyəti
nisbətən yaradıcı məzmun kəsb etdi. İyirminci əsrin
50-ci illərinin sonunda Sovet İttifaqında ümumtəhsil
məktəblərində islahatlar aparılması prosesinə başlandı.
İslahatların müvəffəqiyyətlə yerinə yetirilməsi üçün
təkmilləşdirmə institutlarının ştat vahidləri artırıldı,
maddi-texniki bazası gücləndirildi, yerli təhsil
şöbələrinin nəzdində bilavasitə təkmilləşdirmə institutu
ilə birgə fəaliyyət göstərən metodkabinetlər,
məktəblərdə isə metodbirləşmələr və onların
metodbölmələri təşkil edildi. Beləliklə, institutun
yaxından iştirakı ilə Bakı Xalq Təhsili Şöbəsində vahid
elmi-metodik xidmət qurumu yaradıldı. Məhz bu dövrdə
metodist əməyi ilə müəllim əməyinin inteqrasiyasına
başlanıldı.
Həmin illərdə (1964-1972) instituta Validə Mirzəyeva
rəhbərlik etmişdir.
Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi
seçildikdən sonra təhsilin bütün pillələrinə, o cümlədən
ixtisasartırmaya xüsusi əhəmiyyət verildi. Təhsilin
keyfiyyətinə təsir edən ən mühüm amili ixtisasartırma
təhsili hesab edən Heydər Əliyev Azərbaycan
müəllimlərinin IX qurultayında demişdi: "Müasir şəraitdə
pedaqoji kadrların təkmilləşdirilməsi və onların
ixtisasının artırılması sisteminin rolu yüksəkdir. Bu
sistem qabaqcıl təcrübəni yaymaq, müasir tədris
metodologiyasını öyrənmək, müəllimin bilik səviyyəsini
yüksəltmək üçün səmərəli vasitədir...
Bu yaxınlarda Azərbaycan KP MK institutun maddi-tədris
bazasını möhkəmləndirmək, orada tədrisin səviyyəsini
yüksəltmək haqqında da qərar qəbul etmişdir. MK-nın
qərarında nəzərdə tutulan tədbirlər qısa müddətdə həyata
keçirilməli, partiya orqanlarımız və sovetlər,
respublika Maarif Nazirliyi, yerli xalq maarif orqanları
müəllimlərin təkmilləşdirilməsinə və onların ixtisasının
artırılmasına ciddi nəzarət etməlidirlər".
1975-ci ildən SSRİ Maarif Nazirliyi İttifaq
məktəblərində fənn kabinetlərinin təkmilləşdirilməsini
bir vəzifə kimi qarşıya qoydu. Bu dövrdən başlayaraq
kabinet sistemi məktəb praktikasında aparıcı
təşkilati-metodik atribut oldu. İnstitut İttifaq
tərəfindən tərtib edilən nomenklatur siyahı əsasında
səkkizillik və orta məktəblərdə fənn kabinetlərinin
təşkili, onların dövrün tələbinə, elm və texnikanın
inkişafına uyğun xüsusi cihazlarla, təlimin texniki
vasitələri ilə təchiz edilməsində Bakı məktəblərinə
metodik kömək göstərirdi. Ümumiyyətlə, bu illərdən
başlayaraq institutun əməkdaşları normativə uyğun
sinif-kabinetlərin, fənn kabinetlərinin yaradılmasında
müəllimlərin, məktəb rəhbərlərinin yaxın məsləhətçiləri
oldular. İnstitutda ixtisasartırma kursları ilə yanaşı,
qısamüddətli kurslar, mühazirə-məsləhətlər, seminarlar,
təlimati müşavirələr, elmi-praktik konfranslar, operativ
tədris-metodik və elmi-informatik tədbirlər geniş vüsət
aldı. Sovet İttifaqında müəllimlərin kütləvi
attestasiyasına başlanıldı. Hər dərs ilində keçirilən bu
işin başlıca məqsədi birinci beş ildə ümumtəhsil
məktəblərində çalışan müəllim korpusunun peşəkar
hazırlıq keyfiyyətinin yüksəldilməsinə nail olmaq idi.
Həmin illərdə (1972-1978) Bakı şəhər Müəllimləri
Təkmilləşdirmə İnstitutuna Qurban Kazımov rəhbərlik
edirdi.
Sonrakı beşillikdə də ümumtəhsil müəssisələrinin bütün
kateqoriya pedaqoji işçiləri elə həmin məqsədlə kütləvi
attestasiyadan keçirilirdilər.
Altı yaşdan təlimə başlamaqla əlaqədar iyirminci
yüzilliyin 70-80-ci illərində İttifaqda on ildən artıq
keçirilən eksperimentdə institutun metodistləri Moskva,
Leninqrad (Sankt-Peterburq), Kiyev, Minsk, Tbilisi,
Alma-Ata, Lvov və Ryazanın müvafiq institutlarının
alimləri ilə əməkdaşlıq etmiş, Bakıda 50-dən çox
məktəbdə bu problem sınaqdan keçirilmişdir.
1978-1985-ci illərdə instituta əməkdar müəllim Arif
Muradov rəhbərlik etmişdir. 1985-ci ildə A.Muradov
Maarif Nazirliyinə məsul vəzifəyə təyin olunduqdan sonra
instituta bir il (1985-1986) Qalina Kurkina rəhbərlik
etmişdir.
1982-ci ildən başlayaraq Sovet İttifaqının ali
rəhbərliyi ümumtəhsil məktəblərində əsaslı islahat
keçirilməsini zəruri saydı. Sovet İttifaqı Kommunist
Partiyası Mərkəzi Komitəsinin 1983-cü il iyun plenumunda
təhsil islahatı üzrə dövlət komissiyası yaradıldı. SSRİ
Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev
komissiyanın sədri təyin edildi. Qısa müddətdə Dövlət
proqramı, ümumiyyətlə, bütün sənədlər toplusu Heydər
Əliyevin bilavasitə rəhbərliyi altında işlənib
hazırlandı. İslahatın sənədlər toplusunun nəzərdə
tutduğu tədbirlər içərisində pedaqoji kollektivlərə
elmi-metodik xidmətlərin göstərilməsinə xüsusi əhəmiyyət
verilirdi.
1985-ci ildə institutda pedaqogika-psixologiya kabineti
yaradıldı və fəaliyyətə başladı. Bakı ümumtəhsil
məktəblərində praktik psixoloji xidmətin təşkili, bu
istiqamətdə ilk eksperimentlərin aparılması həmin
kabinetin fəaliyyəti ilə bağlı idi.
İslahatın tələblərinə uyğun olaraq ümumi orta təhsilin
məzmununda müvafiq yeniliklər həyata keçirilirdi.
"İnformatika və hesablama texnikasının əsasları"
fənninin tədrisinə başlanılması ilə əlaqədar, bu fənn
üzrə müəllim kadrları olmadığına görə, əsasən,
riyaziyyat, fizika, kimya fənlərini tədris edən
müəllimlər həmin illərdə institutda informatika
müəllimləri kimi hazırlanırdı. 1988-ci ildən institutda
məktəb praktik psixoloqlarının hazırlanmasına
başlanıldı. Həmin dövrdə daim yeniləşdirilən,
təkmilləşdirilən dövlət tədris proqramlarının,
dərsliklərin, pedaqoji-psixoloji, elmi-metodik
nəzəriyyələrin və praktikanın geniş müəllim
auditoriyasına mənimsədilməsi istiqamətində institut
böyük səylə çalışırdı.
İnstituta 1988-1989-cu illərdə İsa Məmmədov rəhbərlik
etmişdir. Müstəqillik illərində İ.Məmmədov ikinci dəfə
həmin vəzifəyə təyin olunmuş və ömrünün sonuna
kimi-2007-ci ilin avqust ayına qədər instituta uğurla
rəhbərlik etmişdir. Psixologiya elmləri doktoru İsa
Məmmədov uzun illər ölkəmizdə müxtəlif rəhbər
vəzifələrdə işləmişdir: Şərur rayon Komsomol Komitəsinin
birinci katibi, Naxçıvan Vilayət Komsomol Komitəsinin
birinci katibi, Naxçıvan MR mədəniyyət naziri, Lənkəran
şəhər Partiya Komitəsinin birinci katibi, Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi.
Fəaliyyəti dövründə İ.Məmmədov üç dəfə Lenin ordeni, iki
dəfə Qırmızı Əmək Bayrağı ordeni, digər orden və
medallarla təltif olunmuş, əməkdar müəllim və Sosialist
Əməyi Qəhrəmanı fəxri adlarına layiq görülmüşdür.
1989-1992-ci illərdə instituta Aydın Qarayev rəhbərlik
etmişdir. Həmin illərdə institutun məqsədyönlü
fəaliyyəti sayəsində Bakının 40-dan çox məktəbində
psixoloji xidmət kabineti yaradıldı.
İnstitut 2005-ci ildə Ədliyyə Nazirliyində "Bakı
Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma
İnstitutu" adı ilə qeydiyyata alındı.
2007-ci ilin noyabr ayından Bakı Pedaqoji Kadrların
İxtisasartırma və Yenidənhazırlanma İnstitutuna Təhsil
Nazirliyinin Elm idarəsinin (şöbəsinin) rəisi,
fizika-riyaziyyat elmləri doktoru, professor Asəf
Zamanov rektor təyin olundu. Həmin dövrdən yüksək
ixtisaslı elmi-pedaqoji kadrların hazırlanmasında,
elmi-tədqiqat və beynəlxalq əməkdaşlıq sahəsində
institutun fəaliyyətində ciddi keyfiyyət dəyişiklikləri
başlandı. Belə ki, institutda ali məktəb strukturunun
yaradılması ilə əlaqədar elmi-nəzəri və elmi-metodik
baza gücləndirildi. Hazırda institutda 2 fakültə, 9
kafedra və 9 şöbə uğurla fəaliyyət göstərir. Son 6 ildə
institutun uğurları həm elmi və pedaqoji ictimaiyyət,
həm də müvafiq qurumlar tərəfindən dəfələrlə yüksək
qiymətləndirilmişdir.
İnstitutda ixtisasartırmanın məzmununun yeniləşməsinə və
tədris prosesində yeni texnologiyaların tətbiqinə
yönəlmiş bir sıra innovasion layihələr də həyata
keçirilir: pedaqoji kadrların kompüter bilik və
bacarıqlarının təmini, İKT-nin köməyi ilə tədris
prosesinin təşkili, inklüziv təhsil, yeni fənn
kurikulumları əsasında müəllimlərin ixtisasının
artırılması, distant təlim kursları.
İnstitutumuzda məktəb rəhbərlərinin ixtisasının
artırılmasına xüsusi diqqət yetirilir. Gənc pedaqoji
kadrların yaradıcılıq potensialının inkişafı məqsədi ilə
treninqlər və "ustad dərslər" təşkil edilir. 2008-ci
ildən institutun elm, təhsil və mədəniyyət mərkəzinə
çevrilməsi məqsədilə elmi-pedaqoji kadr potensialının
güclənməsi, elmi-tədqiqat nəticələrinin beynəlxalq
statuslu elmi jurnallarda dərc etdirilməsi, beynəlxalq
əməkdaşlıq sahəsində bir sıra işlər görülmüşdür.
İnstitutda Heydər Əliyev Muzey-lektoriyasının, "Gənc
istedad" məktəbinin, psixologiya üzrə Resurs Mərkəzinin,
3 kompüter mərkəzinin, yeni innovasion avadanlıqlarla
təchiz edilmiş auditoriyaların təşkili, kitabxananın
vacib ədəbiyyatla zənginləşdirilməsi təhsilin inkişafına
əvəzsiz kömək edir.
Son illərdə institutun professor-müəllim heyətinin elmi
potensialı xeyli artmışdır. Belə ki, hazırda institutda
4 elmlər doktoru, 3 professor, 21 fəlsəfə doktoru daimi
ştatda fəaliyyət göstərir. 30-a qədər elmlər doktoru
(akademiklər: Asəf Nadirov, Bəkir Nəbiyev, Vasim
Məmmədəliyev, Telman Əliyev, Vaqif Abbasov, Teymur
Kərimli; AMEA-nın müxbir üzvləri: Vəli Əliyev, Nizami
Cəfərov, Bəxtiyar Əliyev; professorlar: İzzət Rüstəmov,
Hadi Rəcəbli, Anar İsgəndərov, Nizaməddin Şəmsizadə,
Məmməd Yaqubov, Fuad Məmmədov, Yusif Seyidov, Kamil
Mənsimov, Şirindil Alışanlı, Çingiz Bədəlov, Çingiz
İsmayılov, Qəzənfər Kazımov, Mirzəli Murğuzov, Əjdər
Ağayev, Oqtay Rəcəbov, Adil Babayev, Fərrux Rüstəmov və
b.), 50-yə qədər fəlsəfə doktoru institutda saathesabı
fəaliyyət göstərmiş, onların əksəriyyəti bu gün də
institutumuzla uğurlu əməkdaşlıq edir. 10 əməkdaşımız
doktoranturada təhsil alır (2007-ci ilin sonunda
institutda cəmi 5 elmlər namizədi işləyirdi). Bu
mütəxəssislər hər il 5000-ə qədər pedaqoji kadrın
ixtisasartırmasını, həmçinin "Azərbaycan dili və
ədəbiyyatı müəllimliyi", "riyaziyyat və informatika
müəllimliyi", "təhsildə sosial-psixoloji xidmət",
"məktəbəqədər təlim və tərbiyə", "sosial iş" ixtisasları
üzrə yenidənhazırlanmasını həyata keçirirlər.
Professor-müəllim heyətinin elmi-tədqiqat fəaliyyəti
sahəsindəki uğurları da ürəkaçandır. Belə ki, institut
yarandığı vaxtdan 2007-ci ilin sonuna qədər əməkdaşlar
tərəfindən cəmi 110 elmi əsər dərc edilmişdisə, son 6
ildə dərc edilmiş elmi əsərlərin (monoqrafiya, dərslik,
dərs vəsaiti, elmi məqalə və s.) sayı 900-ə çatmışdır.
Bu əsərlərin də xeyli hissəsi dünyanın nüfuzlu elmi
jurnallarında işıq üzü görmüşdür.
Beynəlxalq əməkdaşlığı ixtisasartırma və
yenidənhazırlanma sahəsində uğurlu inkişafın əsası hesab
edərək Beynəlxalq əlaqələr şöbəsinin də yaradılmasına
nail olmuşuq. İnstitut Albaniya, Almaniya, Avstriya,
Böyük Britaniya, Belarus, İtaliya, İspaniya, İsveç,
Finlandiya, Fransa, Gürcüstan, Kipr, Latviya, Litva,
Macarıstan, Qazaxıstan, Özbəkistan, Rusiya, Sinqapur,
Türkiyə, Ukrayna və digər ölkələrin müvafiq nüfuzlu ali
məktəbləri, elmi-tədqiqat mərkəzləri, həmçinin
səfirliklərlə və beynəlxalq təşkilatlarla (Avropa
İttifaqı, Britsh Council və s.) fəal əməkdaşlıq,
beynəlxalq təhsil layihələrində uğurla iştirak edir.
Professor-müəllim heyəti beynəlxalq konfrans, simpozium
və seminarlarda məruzlərlə çıxış, elmi bölmələrə
rəhbərlik edir, təcrübə mübadiləsi aparırlar.
Sevindirici haldır ki, impakt-faktor göstəricili, Riqada
rus dilində, Nyu-Yorkda ingilis dillərində nəşr edilən "Mechanics
of Composite Materials" beynəlxalq dövri elmi jurnalının
redaksiya heyətində Azərbaycanı ilk dəfə 2011-ci ildən
institutumuzun professoru təmsil edir.
Beynəlxalq layihələrdəki uğurlarımız institut
əməkdaşlarının intellektual potensialının yüksəlməsinə
mühüm təsir göstərir, müəllim peşəkarlığının inkişafında
əhəmiyyətli rol oynayır ki, bu da son nəticədə təhsilin
keyfiyyətinin yüksəlməsinə səbəb olur. Təhsil sahəsində
müxtəlif ölkələrin mütəxəssisləri, müvafiq ali
məktəblərin rəhbərləri, professor-müəllim heyəti
institutumuzun əsas təşkilatçılığı ilə keçirilən
beynəlxalq elmi konfranslarda iştirak edir,
fəaliyyətimizlə tanış olurlar. Qeyd etmək yerinə düşər
ki, institutumuzun fəal təşkilatçılığı ilə son 6 ildə
50-dən çox respublika səviyyəli, 11 beynəlxalq elmi
konfrans keçirilmişdir. Materialları yüksək poliqrafik
və elmi səviyyədə nəşr edilmiş beynəlxalq konfransların
adlarını qeyd etmək yerinə düşər: "Повышение
квалификации педагогических кадров в условиях
глобализации: проблемы и перспективы"
(Азербайджан, Баку, 2008);
"Последипломное
педагогическое образование: европейские ориентиры и
региональные приоритеты"
(Украина, Белая Церковь, 2009);
"Духовное
воспитание и развитие: традиции и современность"
(Россия, Иваново, 2010);
"Инновация,
качество образования и развитие"
I Международная научная конференция (Азербайджан, Баку,
2010);
"Инновационная
образовательная деятельность: региональные аспекты"
(Украина, Белая Церковь, 2011);
"Инновационные
технологии в профессиональном развитии руководящих и
педагогических кадров учебных заведений"
(Украина, Белая Церковь, 2012);
"Инновация,
качество образования и развитие"
II Международная научная конференция (Азербайджан,
Баку, 2012);
"Новые
тенденции в преподавании иностранных языков: реальный
опыт и стратегии развития"
(Азербайджан, Баку, 2013),
"ТEMPUS
в Азербайджане: реформа в устном и письменном переводах"
(Азербайджан, Баку,2013),
"Устойчивое
профессиональное развитие"
(Азербайджан, Баку, 2014)
"Инновация,
качество образования и развитие"
III Международная научная конференция (Азербайджан,
Баку, 2014).
İnstitutun "Tarix, insan və cəmiyyət" jurnalı 2011-ci
ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali
Attestasiya Komissiyasının dissertasiyaların nəticələri
tanınan dövri elmi nəşrlər siyahısına daxil edilmişdir.
2008-ci ilin əvvəllərindən nəşr edilən "Psixoloq" qəzeti
məktəblərdə psixoloji xidmətin inkişafında xüsusi
əhəmiyyətə malikdir. Müvafiq qaydada qeydiyyata alınmış
"İnstitutun elmi əsərləri" və "Məktəb direktoru" dövri
elmi jurnallarının yeni ildən ilk nömrələrinin nəşr
etdirilməsi planlaşdırılır.
Qeyd etmək yerinə düşər ki, uğurlarımızda Təhsil
Nazirliyinin diqqət və qayğısı danılmazdır.
Sonda ümummilli lider Heydər Əliyevin BPKİYİ-nin 60
illik yubileyi münasibətilə institut kollektivinə
ünvanladığı müraciətdən bəzi məqamlara nəzər salmağı
məqsədəuyğun hesab edirəm. "İnstitut XX əsrdə
təhsilimizdə bərqərar olmuş ənənələri bu gün də davam
etdirir, pedaqoji kadrların yetişdirilməsi naminə var
qüvvəsini sərf edərək ölkəmizdə təhsil islahatının
həyata keçirilməsinə öz töhfəsini verir. Əminəm ki, siz
müstəqil Azərbaycanın milli və ümumbəşəri dəyərlər
əsasında beynəlxalq standartlara, demokratik prinsiplərə
əsaslanan milli təhsil sisteminin qurulması işinə,
dövlətçiliyimizin inkişafına bundan sonra da sədaqətlə
xidmət göstərəcəksiniz...".
İnanırıq ki, Bakı Pedaqoji Kadrların İxtisasartırma və
Yenidənhazırlanma İnstitutu təhsilverənlərin peşəkar
inkişafı, ölkəmizdə intellektual potensialın
formalaşması istiqamətində bundan sonra da uğurla
fəaliyyət göstərəcək, iyirmi birinci yüzilliyin
hədəflərinə doğru inamla irəliləyəcək, Azərbaycan
Respublikasının Prezidenti möhtərəm İlham Əliyev
cənablarının 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə
təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası"nın icrası
istiqamətində öz sözünü deyəcəkdir. |