Naxçıvan Özəl Universitetinin bir qrup müəllim və
tələbəsi Şahbuz rayonundakı ahıllar evində olmuş, onlara
hədiyyələr aparmışlar. Görüşdə xarici dillər
fakültəsinin dekanı Hüseyn Bağırsoylu və müəllim Mehman
Şabanov müəssisənin sakinlərini universitetin
professor-müəllim və tələbə heyəti adından salamlamış,
ahıllara göstərilən qayğıdan danışmışlar.
Qeyd olunmuşdur ki, ölkəmizdə bu təbəqədən olan
insanların sosial müdafiəsinin gücləndirilməsi, maddi
və mənəvi tələbatlarının ödənilməsi uğurla həyata
keçirilən sosial siyasətin əsas istiqamətlərindən
biridir. Aparılan sosial-iqtisadi islahatlar nəticəsində
muxtar respublikada da ahıl vətəndaşlara göstərilən
sosial xidmətlərin səviyyəsi yüksəlmiş, onların cəmiyyət
həyatında fəal iştirakları üçün hərtərəfli şərait
yaradılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin
2006-cı il 30 may tarixli Sərəncamı ilə təsdiq edilmiş
"Naxçıvan Muxtar Respublikasında ahıl vətəndaşların
sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət
Proqramı" bu kateqoriyadan olan vətəndaşlara göstərilən
dövlət qayğısının əyani ifadəsinə çevrilmişdir.
Dövlət Proqramına uyğun olaraq tənha, hərəkət
qabiliyyətini itirmiş ahıl vətəndaşlara evdə xidmət işi
təşkil olunmuş, ahıllara göstərilən sosial xidmət
təkmilləşdirilmişdir. Bundan başqa, onların muxtar
respublikanın sosial-iqtisadi, ictimai və mədəni
həyatında fəal iştirakları təmin olunmuş və digər
tədbirlər həyata keçirilmişdir.
O da vurğulanmışdır ki, regionda ahıllara göstərilən
dövlət qayğısı, onların cəmiyyətə inteqrasiyası
istiqamətində aparılan tədbirlər bundan sonra da ardıcıl
olaraq davam etdiriləcəkdir.
Nuray ƏSGƏROVA,
NÖU-nun Mətbuat xidməti |