Dövlət Pantomim teatrının gənc istedadlı aktyoru və
rejissoru Ceyhun Dadaşov Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin aktyor sənəti fakültəsində
təhsil alan tələbələr üçün V.E.Meyerxoldun "Biomexanika"
təlimi əsasında aktyor tərbiyəsi mövzusunda iki gün
ustad dərsi keçib. İlk nəzəri məşğələdə C.Dadaşov
biomexanika və onun yaranma tarixi ilə ümumi tanışlıq,
V.E. Meyerxoldun "Biomexanika"sı, onun aktyor
yaradıcılığının və ümumilikdə teatr sənətinin
inkişafinda rolundan söhbət açıb. "Aktyorun obraza,
onun hisslərinə yaxınlaşmasının yeganə yolu təcrübə
ilə, yaxud obrazın psixoloji mahiyyətini dərk etmə
cəhdi ilə deyil, hərəkətlə başlanır və hər şeydən öncə
əsl ustalıq səhnədə aktyor oyununun tamaşaçı
mənəviyyatına, hisslərinə toxuna bilməsidir", - deyən
C. Dadaşov bu sistemin aktyor yaradıcılığı və onun
texnikası üçün böyük əhəmiyyətə malik olduğunu qeyd
edib. Praktik şəkildə təşkil olunan ikinci məşğələdə,
aktyor və məkan, aktyor və obraz kimi məsələləri
tələbələr oyun, məşğələlər yolu ilə öz üzərlərində hiss
etməyə çalışıblar. Hər iki məşğələ müəllim və
tələbələrin fikir mübadiləsi, sual-cavab şəklində,
səmimi ab-havada keçib. |