Noyabrın
25-də Azərbaycan Müəllimlər İnstitutunda (AMİ)
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik
Fondunun icraçı direktoru Oktay Səmədov və qurumun
əməkdaşları ilə görüş olub. İnstitutun rektoru, Milli
Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı Bilik
Fondunun icraçı direktoru Oktay Səmədovla söhbətində
rəhbərlik etdiyi təhsil ocağının professor-müəllim
heyəti və tələbələrinin Bilik Fondu ilə birgə səmərəli
layihələr gerçəkləşdirə biləcəklərinə əmin olduğunu
vurğulayıb.
İnstitutun böyük akt zalında keçirilən görüşdə Bilik
Fondunun icraçı direktoru Oktay Səmədov qurumun
fəaliyyət istiqamətləri, maarifçilik tədbirləri ilə
bağlı iştirakçılara geniş məlumat verib. Bildirilib ki,
fondun əsas məqsədi Azərbaycan Respublikasının əhalisini
maarifləndirmək, dövlətin daxili və xarici siyasətinin,
ictimai-siyasi və sosial-iqtisadi proseslərin
mahiyyətini ictimaiyyətə çatdırmaqdır.
Bununla yanaşı, Azərbaycan Respublikası əhalisinin
elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji
və humanitar biliklərini artırmaq məqsədi ilə təşkilati
və təbliğat xarakterli tədbirlər həyata keçirmək,
əhaliyə qloballaşma şəraitində cərəyan edən proseslər
haqqında dolğun biliklər çatdırmaq, gənclərin bilik və
bacarıqlarının, peşəkarlıq səviyyələrinin və
dünyagörüşlərinin inkişafına dəstək göstərməkdir.
Tədbirdə fondun gördüyü işlər, könüllülərin layihələrə
cəlb olunması, tələbə və müəllimlərlə gələcək
əməkdaşlığın mümkün formaları haqqında ətraflı söhbət
açılıb, layihələrin icrasında təhsil işçiləri, tələbələr
yaxından iştirak etməyə dəvət edilib. Tədbirdə fondun
yaranması, məqsəd və vəzifələri, həyata keçirdiyi
layihələr haqqında slaydlar nümayiş olunub.
Müəllim və tələbələrin suallarını cavablandıran
O.Səmədov onları Bilik Fondunun tədbirlərində, əhali
arasında maarifləndirmə işlərinin aparılması ilə bağlı
layihələrdə fəal iştirak etməyə çağırıb.
Maraqla qarşılanan tədbirdə professor-müəllim heyəti və
tələbələr Bilik Fondunun layihələrində iştirak etməyə
hazır olduqlarını bildiribər. Tədbirdə əməkdaşlığın
perspektivləri barədə fikir mübadiləsi aparılıb, bir
sıra suallar cavablandırılıb, təkliflər dinlənilib.
Qeyd edək ki, Azərbaycan Müəllimlər İnstitutunun 15-ə
yaxın tələbə magistrantı noyabrın 26-da Bilik Fondunun "Dünya
elmi Azərbaycanda" layihəsi çərçivəsində Almaniyanın
Vürtsburq (Würzburg) Universitetinin professoru, Osvald
fon Volkenştayn Cəmiyyətinin prezidenti xanım Ziqlinde
Hartmann (Sieglinde Hartmann) tərəfindən keçirilmiş
ustad dərsində iştirak ediblər.
Mətbuat və informasiya şöbəsi |