Naxçıvan
Dövlət Universitetinin incəsənət fakültəsində görkəmli
bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqı İdarə
Heyətinin üzvü, respublikanın xalq artisti, "Şöhrət" və
"Şərəf" ordenli sənətkar, Prezident təqaüdçüsü Musa
Mirzəyev ustad dərsi keçib. Bəstəkarın universitetlə
tanışlığı, təsviri incəsənət müəllimliyi ixtisası
tələbələrinin rəsm əsərlərindən ibarət sərgiyə baxışla
başlayıb. Tədbirdə universitetin rektoru, AMEA-nın
müxbir üzvü Saleh Məhərrəmov muxtar respublikada
incəsənət üzrə mütəxəssis hazırlığı ilə məşğul olan
yeganə ali təhsil müəssisəsində belə ustad dərslərinin
keçirilməsinin, tələbələrin görkəmli sənətkarlarla
yaxından tanış olmalarının, onların canlı ifalarını
dinləmələrinin əhəmiyyətindən danışıb, bəstəkarın zəngin
yaradıcılığından bəhs edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının
humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş
şöbəsinin müdiri Rəhman Məmmədov çıxışında qeyd edib ki,
tanınmış bəstəkarın əsərlərinin əksəriyyəti nəinki
respublikamızda, habelə keçmiş SSRİ-nin mərkəzi
şəhərlərində, bir sıra xarici ölkələrdə tanınmış
kollektivlər, məşhur musiqiçilər tərəfindən ifa edilir
və sevilir. Həyatını milli musiqi mədəniyyətimizin
inkişafına həsr etmiş 81 yaşlı Musa Mirzəyev ömrünün
müdrik çağında da yaradıcılıq əzmi ilə çalışır,
yeni-yeni əsərlərlə musiqisevərləri sevindirir.
Sonra xalq artisti, böyük bəstəkar, professor Musa
Mirzəyev çıxış edərək Azərbaycanın qədim və zəngin
musiqi tarixinə nəzər salıb, bir əsrdən çox yol keçmiş
Azərbaycan professional bəstəkarlıq məktəbinin
təşəkkülündən və görkəmli nümayəndələrindən danışıb.
Tanınmış sənətkar tələbələrə musiqi sənətinin
incəlikləri, janr müxtəlifliyi, peşəkar ifaçılıq
məharətinin sirləri, milli mədəniyyətimizin təbliğinin
əhəmiyyəti barədə məlumat verib, kamera və simfonik
orkestr üçün əsərlərin səciyyəvi xüsusiyyətlərini izah
edib.
Ustad dərsi əksəriyyəti bəstəkarın repertuarından ibarət
konsert proqramının təqdimi əsasında keçib. "Adajio"
simli alətlər ixtisasının III kurs tələbəsi Cahangir
Qurbanovun, "Yeni il" mahnısı musiqi təlimi kafedrasının
müəllimi Zeynəb Yusifovanın, "Lirik sonata" fortepiano
kafedrasının müəllimi Nəzakət Gülməmmədovanın ifasında
səslənib. Konsertdə fortepiano kafedrasının müəllimi
Xalibər Namazova, xalq çalğı alətləri ixtisasının III
kurs tələbəsi Ələsgər Cəlilzadə digər Azərbaycan
bəstəkarlarının əsərlərini də tamaşaçılara təqdim
ediblər.
Professor, bəstəkar Musa Mirzəyev tələbələrin ifaçılıq
səviyyəsi ilə bağlı fikirlərini bildirib, onlara dəyərli
tövsiyələr verib, sualları cavablandırıb.
Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri |