Noyabrın
21-də Azərbaycan Dillər Universitetində Böyük
Britaniyanın "Pearson" şirkəti ilə anlaşma memorandumuna
əsasən həyata keçirilən böyük layihələrdən biri olan EDI
(Education Development International) Cert TEFL ("İngilis
Dilini xarici dil kimi Tədris edən müəllimlərin
Beynəlxalq Müəllimlik Sertifikatı") adlı layihənin
təqdimat mərasimi keçirilib.
ADU-nun Dil Xidmətləri Mərkəzinin təşkilatçılığı ilə baş
tutan mərasimi universitetin elmi işlər üzrə prorektoru,
professor Dünyamin Yunusov açaraq ADU-nun rektoru,
Milli Məclisin deputatı, professor Səməd Seyidovun
adından iştirakçıları salamlayıb. Qonaqları təqdim edən
prorektor "Pearson" şirkətinin yaranma tarixindən söz
açaraq qeyd edib ki, onun dünyanın 80 ölkəsində 40
mindən çox işçisi var, hazırda isə onlar bütün yaş
dərəcələrindən olan insanlara təhsil vasitəsilə uğurlar
qazanmaq üçün köməklik göstərirlər. Bildirilib ki,
təşkilatın verdiyi sertifikatlar dünyanın 100-dən artıq
ölkəsində tanınır.
Təhsil nazirinin müavini Ceyhun Bayramov tədbirin ölkədə
yaddaqalan hadisələrdən biri olacağını söyləyərək
qloballaşmanın, mədəniyyətlərarası proseslərin,
Azərbaycanın beynəlxalq aləmə sıx inteqrasiyasının
ölkəmizdə xarici dillərin tədrisi, beynəlxalq səviyyədə
kadrların yetişdirilməsi və Azərbaycan təhsil sisteminin
modernləşməsi zərurətini daha da önə çəkdiyini bildirib.
Nazir müavini bu istiqamətdə "Azərbaycan Respublikasında
təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın təsdiq
edilməsi haqqında Prezident İlham Əliyevin 24 oktyabr
2013-cü il tarixli sərəncam imzaladığını deyib.
C.Bayramov dünya səviyyəsində tanınan nüfuzlu
təhsil-təlim şirkəti olan "Pearson"un Azərbaycanda
ofisinin açılmasının ingilis dilinin tədrisi və ingilis
dili biliklərinin sertifikatlaşdırılması baxımından
önəmli olduğunu söyləyib. "Pearson" şirkətinin peşə
təhsili sahəsində də çox böyük işlər gördüyünü, tədris
resurslarının hazırlanması sahəsində dünyada tanınmış
şirkətlərdən biri olduğunu qeyd edən C.Bayramov
Azərbaycanda bu istiqamətdə görülən işlər və layihələr
haqqında məlumat verib. O, "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
Dövlət Proqramı", yeni nəsil təhsil standartlarının
tətbiqi ilə əlaqədar olaraq 2014-2015-ci tədris ilindən
etibarən ölkənin aparıcı təhsil müəssisələrində
reallaşan SABAH layihəsindən danışıb. C.Bayramov
Azərbaycanda Avropa dillərinin tədrisi sahəsində
elmi-metodik mərkəz funksiyasını yerinə yetirən
Azərbaycan Dillər Universiteti və "Pearson" şirkətinin "EDI
Cert TEFL" layihəsinin birgə həyata keçirmələrinin hər
iki tərəfə faydalı olacağını söyləyib və yüksək
səviyyəli kadrların yetişdirilməsində ölkəmizə töhfə
verəcəyinə əminliyini ifadə edib.
Oksbric Təhsil Xidmətlərinin direktoru Con Florey
layihənin təqdimatının Azərbaycan Dillər Universitetində
keçirilməsindən xoş hisslər keçirdiyini deyərək "Pearson"
şirkəti haqqında ətraflı məlumat verib və layihə ilə
maraqlananlara tərəfdaş qurum kimi gələcəkdə bilik və
bacarıqlarını inkişaf etdirməkdə kömək etməyə hazır
olduqlarını bildirib.
ADU-nun dil xidmətləri mərkəzinin direktoru Günel
Məmmədova və Oksbric Təhsil Xidmətlərinin təhsil üzrə
direktoru Tayson Lemons EDI (Education Development
International) Cert TEFL ("İngilis Dilini xarici dil
kimi Tədris edən müəllimlərin Beynəlxalq Müəllimlik
Sertifikatı") adlı layihə haqqında məlumat veriblər.
Layihədə yer alan qiymətləndirmə metodologiyası,
təlim-tədrisdəki təcrübə, müəllim müşahidəsi, yazılı
qiymətləndirmə, ixtisas seçimi, qeydiyyat qaydaları
haqqında geniş məlumat verilib.
"Pearson" şirkətinin fəaliyyəti və təqdim olunan layihə
haqqında videoçarx nümayiş olunub.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
ADU-nun İctimaiyyətlə əlaqələr departamenti |