Noyabrın
25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Bakı Oksford məktəbinin yeni binasının açılışında
iştirak edib.
Məktəbin təsisçisi Mehriban Məmmədova görülən işlərlə
bağlı dövlətimizin başçısına məlumat verdi ki, Bakı
Oksford məktəbi 1998-ci ildə təsis olunub. Məktəbdə həm
milli, həm də beynəlxalq təhsil standartlarını özündə
əks etdirən müasir proqram həyata keçirilir. Təhsil
ocağının binası ən müasir tələblər səviyyəsində inşa
olunub. Altımərtəbəli binanın ümumi sahəsi 30 min
kvadratmetrdir. Bakı Oksford məktəbinin həyətində
təhsilimizin inkişafında böyük xidmətləri olan ümummilli
lider Heydər Əliyevin abidəsi ucaldılıb. Prezident İlham
Əliyev Bakı Oksford məktəbinin yeni binasının rəmzi
açılışını bildirən lenti kəsdi.
Dövlətimizin başçısı Bakı Oksford məktəbi ilə tanış oldu.
Məktəbin birinci mərtəbəsində Heydər Əliyev Muzeyi
yaradılıb. Muzeydəki fotostendlər, əyani vəsaitlər ulu
öndər Heydər Əliyevin siyasi, dövlətçilik fəaliyyətinin
öyrənilməsi və gələcək nəsillərə çatdırılmasında mühüm
rol oynayır. Bildirildi ki, məktəbdə təhsil dörd mərhələ
üzrə keçirilir. "Məktəbə hazırlıq" mərhələsi 4-5 yaşında
uşaqlar üçün nəzərdə tutulub. Bu mərhələdə uşaqlar
Azərbaycan əlifbasını öyrənir, ingilis dili və hesab
fənlərindən ilk biliklərə yiyələnirlər. Şagirdlər
incəsənətə də xüsusi maraq göstərirlər. Bu baxımdan
məktəbdə bir neçə "ART studio" fəaliyyət göstərir.
Burada müxtəlif yaş qruplarından olan şagirdlər
yaradıcılıq potensialını həyata keçirə bilirlər. Təhsil
ocağında tez-tez incəsənət sərgiləri keçirilir və
şagirdlərin əl işləri nümayiş olunur. Növbəti, "İbtidai
siniflər" mərhələsi isə 6-10 yaşında uşaqlar üçün
nəzərdə tutulub və tədris Kembric Beynəlxalq Proqramı
üzrə keçirilir.
Bu
mərhələni bitirdikdə şagirdlər "Cambridge Chekpoint
Primary" imtahanlarını verirlər. Məktəbdə aşağı yaş
qrupları üçün kitabxana fəaliyyət göstərir. Bütün sinif
otaqları, fənn kabinetləri ən müasir tələblər
səviyyəsində qurulub. Şagirdlərin nəzəri biliklərini
laboratoriyalarda tətbiq etmələri üçün də zəruri
avadanlıq quraşdırılıb. Üçüncü mərhələ isə "Orta
məktəb"dir. Bu mərhələdə 11-13 yaşında uşaqlar təhsil
alırlar. Şagirdlər bu mərhələni bitirdikdə ingilis dili,
riyaziyyat və təbiət fənləri üzrə yenidən "Cambridge
Chekpoint Primary" imtahanları verirlər. Şagirdlərin
hərbi hazırlığının və vətənpərvərlik ruhunun
yüksəldilməsi məqsədilə məktəbdə hərbi hazırlıq sinfi də
yaradılıb. Məktəbdə yuxarı sinif şagirdləri üçün
müxtəlif dərnəklər fəaliyyət göstərir. Şagirdlər burada
qədim el sənətlərinin də sirlərini öyrənə biləcəklər.
Prezident İlham Əliyevə məlumat verildi ki, sonuncu
mərhələ olan "Tam orta məktəb" isə 14-18 yaşında uşaqlar
üçün nəzərdə tutulub. Bu mərhələni bitirdikdə şagirdlər
mərkəzləşdirilmiş imtahanları verərkən Azərbaycan
Respublikasının tam orta təhsil haqqında sənədinə malik
olurlar. Məktəbdə informatika kabinetləri, fənn
laboratoriyaları yaradılıb. Fizika, kimya və biologiya
laboratoriyalarının hamısı müasir tədris vasitələri ilə
təmin edilib. Bu təhsil ocağında hər cür şəraiti olan
yeməkxana və müxtəlif tədbirlərin keçirilməsi üçün akt
zalı qurulub. Bildirildi ki, hazırda məktəbdə 550 şagird
təhsil alır. Bunlardan 30 faizi ABŞ, Avstraliya, Böyük
Britaniya, Fələstin, Hollandiya, İordaniya, İtaliya,
Kanada, Rusiya, Tailand, Türkiyə və başqa ölkələrdən
olan şagirdlərdir.
Məktəbdə şagirdlərin təlim və tərbiyəsi ilə 100 müəllim
məşğul olur. Onların arasında Böyük Britaniya, ABŞ,
Kanada, Kolumbiya, İsveç, Rumıniya, Malayziya, Cənubi
Afrika Respublikası və Nigeriyadan olan müəllimlər də
var. Dövlətimizin başçısının gənc nəslin intellektual və
mənəvi inkişafının təmin edilməsi, vətənpərvərlik
ruhunda tərbiyə olunması, onların innovativ ideyalarının
və yaradıcı təşəbbüslərinin reallaşdırılması haqqında
verdiyi sərəncamlara əsasən, həmçinin Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə
həyata keçirilən "Təhsilə dəstək" layihəsi çərçivəsində
2010-cu ilin noyabrında Bakı Oksford məktəbinin Şəmkir
filialı fəaliyyətə başlayıb. Hazırda orada 220 şagird
təhsil alır. Filialda Şəmkirlə yanaşı, Gəncə, Gədəbəy,
Tovuz, Qazax və digər ətraf rayonlardan gələn şagirdlərə
ən yüksək səviyyədə təhsil verilir. 2013-cü ildə isə hər
cür şəraiti olan "Campus" binası inşa edilib.
Bildirildi ki, Bakı Oksford məktəbində
şagird-müəllim-valideyn interaktiv şəbəkəsi yaradılıb.
Bu, valideynlərə şagirdlərin davamiyyəti,
müvəffəqiyyəti, davranışı, ev tapşırıqları haqda
operativ-interaktiv məlumat əldə etməyə imkan verir.
Məktəbin kitabxanası tədris planlarında nəzərdə tutulmuş
fənlərə dair tədris-informasiya mənbələri ilə
zənginləşdirilib. Məktəb fəaliyyətə başladığı gündən bir
sıra nailiyyətlər əldə edib. Təhsildəki uğurlarına və
yüksək standartlara görə Bakı Oksford məktəbi Kembric
Beynəlxalq İmtahanlar Mərkəzi statusunu alıb. Bu statusa
görə məktəb "Cambridge Checkpoint", "İGCSE"
proqramlarının tədrisi, imtahanların keçirilməsi və
Kembric Beynəlxalq Sertifikatını təqdim etmək hüququnu
qazanıb. 2006-cı ildə isə təhsil ocağı Avropa keyfiyyət
mükafatına layiq görülüb. Hazırda Bakı Oksford məktəbi
məzunlarına "İGCSE", "ALEVEL" sertifikatı və Azərbaycan
Milli Sertifikatını verir.
Təhsil ocağının həyətində abadlıq və quruculuq işləri
görülüb.
Bakı Oksford məktəbinin yeni binasının inşası bir daha
təsdiqləyir ki, Azərbaycan Prezidenti İlham Əliyevin
diqqəti sayəsində təhsil islahatları uğurla davam edir.
Bütün bunlar, ilk növbədə, şagirdlərin elmlərin
sirlərinə daha dərindən yiyələnmələri üçün hərtərəfli
imkanlar açır. Prezident İlham Əliyev təhsilin yüksək
səviyyədə aparılması üçün tapşırıq və tövsiyələrini
verdi.
AzərTAc |