İmran VERDİYEV,
Oğuz rayon Yaqublu kənd T.Babayev adına tam orta
məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi
Mövzu:
"Felin qrammatik məna növləri haqqında ümumi məlumat"
Standart: 4.1.2; 1.2.4; 3.1.1
Məqsəd: 1.felin qrammatik məna növləri barədə ümumi
məlumat vermək;
2. sözləri ümumi qrammatik mənalarına görə
fərqləndirmək;
3. söylənmiş müxtəlif fikirlərə münasibət bildirmək;
4. verilmiş mövzunu müxtəlif formalarda ifadə etmək.
İnteqrasiya: Əd.1.2.4; Əd.1.2.1; Əd.2.2.3 / musiqi.
İş forması: bütün siniflə, kiçik qruplarla
iş.
İş üsulları: əqli hücum, klaster, diskussiya, esse.
Resurslar: kompüter, proyektor, slaydlar, işçi
vərəqələri, sxemlər, şəkillər, flamaster, yapışqan,
ekran lövhəsi, rəngli vərəqələr.
Motivasiya məqsədi ilə ekranda şəkil (sıradakı I şəkil)
və animasiyalar nümayiş etdirilir.
Şagirdlər tərəfindən müxtəlif fərziyyələr irəli sürülür.
İrəli sürülən fərziyyələr nə təsdiq, nə də inkar
edilir.
Uşaqlar müəllimin köməyi ilə belə bir nəticəyə gəlirlər
ki, təsvir edilən hərəkətlər subyekt, obyekt və
hərəkətin arasındakı münasibətlərə görə müəyyən edilir:
Buradan tədqiqat sualı formalaşdırılır:
Tədqiqat sualı
Bəs subyekt, obyekt və hərəkətin qarşılıqlı münasibəti
dedikdə nələr başa düşülür? (fərziyyələr dinlənilir).
Tədqiqat sualı ətrafında axtarışlar - kiçik tədqiqat işi
başlayır. Bu məqsədlə şagirdlər müəllimin tapşırığı ilə
əvvəlcədən sinif nümayəndəsi tərəfindən onlara paylanmış
rəngli vərəqələrə görə qruplara bölünürlər. Qruplara
müəllimin təklifi ilə "Məlum", "Məchul", "Qarşılıq",
"Qayıdış", "İcbar" adları verilir və onların liderləri
seçilir. Qruplara verilmiş tapşırıqlar (slaydlar) həm
ekrana verilir, həm də ayrıca olaraq hər qrupa təqdim
edilir.
Qruplara slaydlardan çıxarılmış iş vərəqələri paylanır.
Tədqiqatın aparılması
Qruplar animasiyalarda təsvir edilən hərəkətlərin necə
icra edildiyini müəyyən etməli və yazı taxtasına
çəkilmiş klasteri tamamlamalıdırlar.
Tədqiqatlar başa çatandan sonra qruplar öz
təqdimatlarını edirlər.
Qrupların təqdimatlarından sonra yazı taxtasındakı
klaster aşağıdakı kimi (sıradakı II şəkil) formalaşır:
Qrupların təqdimatları bütöv siniflə birlikdə geniş
müzakirə edilir.
Tədqiqatlardan sonra məlum olur ki, subyekt, obyekt və
hərəkətin qarşılıqlı münasibəti dedikdə subyektin məlum
olması, məlum olmaması, işi öz üzərində görməsi, işi
başqasına icra etdirməsi, işi digər subyektlərlə birgə
və ya qarşı-qarşıya icra etməsi və s. əsas götürülür.
Beləliklə, tədqiqat sualına cavab tapılır. Şagirdlər
öyrənirlər ki, hərəkətin subyekti məlum olanda - məlum
fellər, məlum olmayanda - məchul fellər, subyekt
hərəkətin öz üzərində icra edəndə - qayıdış fellər,
hərəkət başqasına icra etdiriləndə -icbari fellər,
hərəkət bir neçə subyekt tərəfindən birgə və ya
qarşı-qarşıya icra ediləndə - qarşılıq-birgəlik növ
fellər formalaşır.
Sonra istirahət dəqiqələri başlayır. Şagirdlər
məktəblilərin ifasında Vətənə həsr edilmiş mahnıya qulaq
asırlar. Bu zaman ekranda ümummilli liderimiz Heydər
Əliyevin Azərbaycan dili haqqında söylədiyi qiymətli
fikirlər nümayiş etdirilir.
Yaradıcı tətbiqetmədə şagirdlərə qrup formasında işləmək
üçün tapşırıq verilir. Verilmiş nümunələrin içərisindən
I qrup məchul fel, II qrup qayıdış fel, III qrup
qarşılıq (birgəlik) fel, IV qrup icbar, V qrup isə məlum
fellər olan cümlələri qruplaşdırır (qruplar adlarına
uyğun felləri seçirlər).
Tapşırığın icrası başa çatandan sonra düzgün cavablar
kompüter vasitəsi ilə yoxlanılır və qruplar öz
təshihlərini aparırlar.
Daha sonra qruplar şəkilli test işləməyə başlayırlar.
Onlar adlarına uyğun hərəkətlərin əks olunduğu şəkilləri
tapmalıdırlar (sıradakı sonuncu şəkil).
Tapşırıq başa çatandan sonra düzgün cavablar yenə də
kompüterin köməyi ilə nümayiş etdirilir.
Qiymətləndirmə əvvəlcədən şagirdlərə elan edilmiş
meyarlar əsasında aparılır.
Evdə dərs haqqında esse yazmaq və bədii ədəbiyyatdan
felin qrammatik məna növlərinə aid nümunələr (cümlələr)
seçmək tapşırılır. |