Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Noyabr 2014 - №45

 

Düzgün seçilmiş metod uğurlu dərsin açarıdır

 

Nüşabə ƏMİROVA,
Lerik rayonu, Vizəzəmin kənd Ə.Musayev adına tam orta məktəbin riyaziyyat-informatika müəllimi
 

Elm və texnikanın sürətlə inkişaf etdiyi bir dövrdə, "Təhsil əsri" elan olunmuş XXI əsrdə təhsil də daim inkişaf edir, təkmilləşir. Təhsil sistemində demokratik, milli və ümumbəşəri dəyərlərə istinad etməklə islahat aparılır.  Ümumi təhsilin keyfiyyətini daha da yüksəltmək məqsədilə həyata keçirilən islahatlarla təhsilalanlarda müstəqil fikir yürütmək, qərar qəbul etmək, başqaları ilə əməkdaşlıq etmək kimi bacarıqları inkişaf etdirmək, bir sözlə, hərtərəfli inkişaf etmiş şəxsiyyət formalaşdırmaq məqsədi qarşıya qoyulmuşdur.

İslahatin gedişində hər bir müəllim fəaliyyətini daha da yüksək səviyyədə qurmağa, təhsil və təlimin səviyyəsini yüksəltməyə, şagirdlərin ideya-siyasi, əmək tərbiyəsinə, estetik və fiziki inkişafına nail olmağa çalışır. Təhsil prosesinə müasir baxışların formalaşdığı bir dövrdə təhsilin keyfiyyətini yüksəltmək üçün yeni yanaşmalar tələb olunur. Təhsilin nəticəsi kimi təkcə bilik və bacarıqların səviyyəsi deyil, həm də insanın dünyaya, cəmiyyətin inkişafına münasibəti başa düşülür.

Hazırda məktəbin qarşısında duran əsas vəzifə müstəqil düşünüb qərarlar qəbul edə bilən, ətrafdakılarla əməkdaşlıq etməyi, ünsiyyət qurmağı, qazandığı bilikləri tətbiq etməyi bacaran, Vətəninə, millətinə sadiq, geniş dünyagörüşünə, milli və ümumbəşəri dəyərlərə malik şəxsiyyət yetişdirməkdir. Bu vəzifənin həyata keçirilməsində bütün fənlər kimi riyaziyyatın da böyük rolu vardır. Riyaziyyat tədrisinin ümumi məqsədi riyaziyyatın əsaslarını şagirdlərə mənimsətmək, onların məntiqi təfəkkürünü, idrak fəaliyyətini və fəza təsəvvürlərini inkişaf etdirmək, onlara riyaziyyat üsullarını təcrübədə tətbiq etmək bacarığı və vərdişləri verməkdir.

Bu baxımdan riyaziyyat tədrisinin ümumi məqsədini üç əsas cəhətdən konkretləşdirmək olar:

1) təhsil məqsədi;

2) tərbiyəvi məqsəd;

3) əməli-tətbiqi məqsəd.

Dərsin ümumi məqsədinə daxil olan zəruri elementlərdən biri,  konkret olaraq hər bir fənnin tədrisinin öz məqsədi ilə yanaşı, onun şagirdlərlə təlimin daha da səmərəli təşkilinə imkan verən,  bilik, bacarıq və vərdişləri formalaşdırmasını nəzərdə tutan məqsədidir.

Elmin müasir dövrdəki inkişafı hər bir müəllimdən nəinki şagirdlərə bilik, bacarıq və vərdişlər verməyi, həm də yeni ideyalar əsasında tərtib edilmiş, təkmilləşdirilmiş riyaziyyat proqramının mövzularının tədrisi üçün  səmərəli yollar tapmağı, müxtəlif məsələləri həll etməyi, müstəqil olaraq qarşıya yeni problemlər qoymağı və onların həllində yaradıcılıq göstərməyi tələb edir.

Konkret dərs zamanı təlimin ümumi və xüsusi məqsədlərinin müəyyən edilməsi ilə əlaqədar qarşıya çıxan metodik çətinliklərdən biri optimal təlim üsulunun seçilməsi məsələsidir.

Müəllim tərəfindən seçilən üsul aşağıdakı şərtlərdən heç olmazsa biri ödənilmədikdə, düzgün hesab oluna bilməz:

1) dərsin məqsədi (təlimverici, tərbiyə-edici və inkişafetdirici);

2) öyrənilən materialın məzmun xüsusiyyətləti (mürəkkəbliyi, yeniliyi, xarakteri);

3) sinifdəki şagirdlərin xüsusiyyətləri;

4) müvafiq təlim materialının, resursların olması;

5) şagird heyətinin çoxluğu;

6) müəllimin fərdi xüsusiyyətləri.

Hər bir metod təlimin məzmunu  və məqsədi ilə sıx bağlıdır.  Ona görə də təlimin məzmun və məqsədindəki dəyişikliklər müəllimdən bəzi ənənəvi metodlardan imtina etməyi,  bəzilərini təkmilləşdirməyi,  fəal təlim metodlarına daha çox üstünlük verməyi tələb edir.

Təlim metodu təkcə şagirdlərin biliklərinin yaradılması ilə məhdudlaşmayıb,  həm də şagirdlərin yaradıcı qüvvələrini inkişaf etdirmək,  onları müstəqil olaraq həqiqəti axtarıb tapmağa təhrik etmək,  onlarda elmi biliklərə əsaslanan düzgün baxışlar və əqidə,  milli və ümumbəşəri dəyərlərə əsaslanan dünyagörüşü tərbiyə etmək məqsədi daşımalıdır.

Riyazyyat dərsi şagirdin təlim fəaliyyətinin rəngarəng təşkil edilməsi forması ilə xarakterizə olunur.  Deməli,  riyaziyyat dərsində müxtəlif təlim üsullarından - məlumat-inkişafetdirici,  evristik,  reproduktiv üsullardan istifadə olunur.  Təlim prosesində təfəkkür və təxəyyülün inkişafını intensivləşdirən,  yaradıcılıq münasibətlərini formalaşdıran,  bilikləri surətdə axtarıb tapmağa təhrik edən,  şagirdləri məntiqi surətdə düşünmək,  sübut etmək,  öz mühakimələrini,  çıxardığı nəticələri əsaslandırmaq üçün mövcud biliyi səfərbərliyə almaq bacarığı ilə silahlandıran müasir fəal təlim metodlarından ("Beyin həmləsi", "Əqli hücum", "BİBÖ",  "Klaster",  "Müzakirə"("Diskussiya"),  "Problemin həlli",  "Kublaşdırma",  "Venn diaqramı" və s. ) istifadə etmək təlimin səmərəsini xeyli artırır.

Kiçik və böyük qruplarla,  cütlərlə,  fərdi iş formalarından istifadə olunan fəal dərslərdə müəllimin mövqeyi "bələdçi" (fasilitator),  şagirdin mövqeyi isə "kəşf edən",  "tədqiqatçı" mövqeyidir. "Monoloji" təlim "dialoji" təlimlə əvəz olunur. Hafizəyə, yaddaşa əsaslanan təlim təfəkkürə (məntiqi, tənqidi və yaradıcı) əsaslanan təlimlə əvəz olunur. Belə dərsdə müəllim şagirdlərlə sistemli,  məqsədyönlü şəkıldə əməkdaşlıq edir,  problemli vəziyyət yaradır,  tədqiqat məqsədlərinin qoyulmasında,  biliklərin əldə edilməsində şagirdlərə istiqamət verir. Şagirdlər tədqiqat prosesində "kəşf etdikləri",  öyrəndikləri bilikləri daha yaxşı mənimsəyir,  tətbiq edir və yadda saxlayırlar.

Təfəkkür o vaxt fəal və müstəqil olur ki,  onun qarşısında bir sual,  bir problem qoyulmuş olsun. Bu baxımdan riyaziyyat dərslərində problemin qoyulması və həlli yolunun axtarılması riyazi istedadın inkişafında əlverişli vasitədir.  Məsələn,  şagirdlərin kəsik piramida və  piramidanın həcmi  haqqında biliklərinə əsaslanıb kəsik piramidanın həcmini necə tapmağı qarşıya problem kimi qoymaq olar.

Şagirdlərin əqli fəaliyyət prosesi olan təlim prosesində insanın öyrənmək üçün fəaliyyət  prosesləri - müşahidə,  təcrübə,  müqayisə,  analogiya,  ümumiləşdirmə,  mücərrədləşdirmə və konkretləşdirmə kimi metodların hər birindən istifadə etməyi bacarmalıyıq. Riyaziyyat tədrisində idrakın məntiqi yanaşma üsulu olan analogiyadan riyazi anlayışlara tərif verilməsində,  teoremlərin isbatında,  məsələlərin həllində,  düsturların çıxarılmasında istifadə olunur. Məsələn,  planimetriyadan çevrənin və dairənin diametri anlayışından istifadə edib stereometriyada kürə və sferanın diametri anlayışı verilir.

Hər şeydən əvvəl şagirdlərdə tədris olunan fənnə maraq oyatmaq,  fənnin məna və əhəmiyyəti haqqında fikir formalaşdırmaq lazımdır. Məsələn, şagird düzbucaqlının perimetri və sahəsinin, faizin hesablanmasının, çevrənin uzunluğu, dairənin sahəsi, düzbucaqlı paralelepipedin həcmi və s. ona harada, nə zaman, nə üçün lazım ola biləcəyini başa düşsə, onları daha həvəslə öyrənər və yadda saxlayar.  Düşünürəm ki, şagirdlərdə riyaziyyata maraq yaratmağın,  onu tərbiyə və inkişaf etdirməyin mühüm şərti müəllimin şəxsi keyfiyyətləri,  onun dünyagörüşünün genişliyi,  peşəsini ürəkdən sevməsi,  öz fənnini və yaxın fənləri yaxşı bilməsi,  riyaziyyat tarixi və riyazi kəşflər tarixi ilə tanış olmasıdır. 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov