Ruhiyyə MAHMUDOVA,
İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbin ingilis
dili müəllimi
Uzun
illər xarici dilin şagirdlərə mənimsədilməsi məqsədilə
müəllimlər tərəfindən tətbiq edilən səmərəli üsullardan
biri şeirlərdən istifadədir. Şeirlər əslində həyat
həqiqətlərini əks etdirən qafiyəli mətnlərdir. Bu
səbəbdən şagirdlərin əksəriyyəti şeirlər dinləməyi və ya
oxumağı çox sevir. İngilis dilində yeni sözlərın
öyrədilməsində şeirlərdən istifadə etdikdə onlar
şagirdlər tərəfindən həm tez qavranılır, həm də uzun
müddət yadda qalır. Amma əsas məqsəd şeirin özünü deyil,
şeirin köməyi ilə ingilis dilini mənimsətməkdir.
Şeiri təqdim etməzdən əvvəl kiçik bir şifahi tapşırığın
verilməsi daha məqsədəuyğundur. Məsələn, mövzuya uyğun
bir musiqi parçası səsləndirilərək sərbəstlik mühiti
yaradıldıqdan sonra mövzunu təqdim edən bəzi şəkillər
göstərilərək şagirdlərdə motivasiya yaradılır və onların
mövzu ilə bağlı nə düşündükləri soruşulur. Şeirdə
işlənmiş yeni sözləri əvvəlcədən izah edilərək şeir bir
və ya iki dəfə oxunur. Şagirdlər əvvəlcə cütlər, sonra
kiçik qruplar şəklində şeiri müzakirə edirlər və sonda
bütöv siniflə fikirlərini bölüşürlər. Şeirin rollarla
ifa edilməsi və ya səhnələşdirilməsi də dilin
mənimsədilməsində effektiv üsullardandır. Bu zaman
müəllimin şagirdin tələffüzünə də nəzarət etmək imkanı
olur. Şeir həm müəllimin ifasında, həm də CD vasitəsi
ilə təqdim edilə bilər. Amma müəllimin mükəmməl
tələffüzü olsa belə şagirdlərin fərqli səs dinləmələri
onların ingilis dilini eşidərək anlamaq qabiliyyətlərini
inkişaf etdirməyə daha çox kömək edir.
Şeir üzərində yazılı tapşırıqların aparılması
stimullaşdırıcı xarakter daşıyır. Şagirdlər öz
düşüncələrini misralar və ya bəndlər şəklində şeirə
əlavə edərək müəllifin üslubu ilə ahəng yarada
bilərlər. Əlbəttə ki, bu tapşırığı yerinə yetirmək üçün
şagirddən müəyyən istedad tələb olunur, amma hər halda
şagirdin yaradıcılıq qabiliyyətini inkişaf etdirmək üçün
onu ilhamlandırmağa dəyər. Məsələn, orijinaldan belə bir
şeir parçası səsləndirilir:
Roses are red.
Violets are blue.
Sugar is sweet.
And so are you.
Roses are red.
Asphalt is black.
If you're feeling hungry,
I'll give you a snack.
Bu müəllif Brus Lanskinin düçüncələridir. Şagirdlər "if
clauses" budaq cümlələri işlədərək şeiri başqa şəkildə
təqdim edə bilərlər. Nisbətən asan tapşırıq, məsələn,
şeirdə işlənmiş bəzi sözlərin sinonim və ya antonimini
tapıb yazmağı tələb etməklə hər bir şagirdin iştirakını
təmin etmək olar. Bu tapşırıq qruplarla yerinə
yetirildikdə daha maraqlı olur və şagirdlər
bir-birlərinin biliklərindən istifadə edərək öz söz
ehtiyatlarını artırmaq imkanı əldə edirlər. Şagirdlərin
daha həvəslə etdikləri çalışmalardan biri də sözləri
qarışıq verilmiş şeirə düzəliş etməkdir. Məsələn,
şagirdlərə belə bir şeir parçası verərək ona necə
əlavələr və ya düzəlişlər etmək mümkün olduğu soruşulur:
I climbed up the door and
I opened the stairs.
I said my pajamas
and buttoned my prayers.
I turned off the covers
and pulled up the light.
I'm all scrambled up since
she kissed me last night.
Şagirdlər öz yaradıcılıqlarına və məntiqi düşüncələrinə
əsasən bəndlərdəki sözləri mənasına görə uyğun sözlərlə
əvəz edirlər. Bu cür tapşırıqlar şagirdin yaradıcılıq
qabiliyyətini üzə çıxarır və onlarda dilə daha çox maraq
oyadır.
Şeirdən dərsə başlamaq üçün giriş (warmer) və ya
tamamlayıcı tapşırıq kimi istifadə edilə bilər. Bu,
istənilən yaş qrupu və istənilən səviyyədə olan
şagirdlərlə işləmək üçün çox uyğundur. Dərsin maraqlı
keçməsini təmin etmək üçün isə şeir seçiminə ciddi fikir
vermək lazımdır. Şeir seçimi müəllimin bir qədər vaxtını
aparsa da biz burada daha həssas olmalıyıq; şeirlər çox
uzun olmamalı, köhnəlmiş və ya az işlənən sözlərə daha
az yer verilməli və şagirdlərdə dinləmək həvəsi oyatmaq
üçün axıcı və maraqlı olmalıdır.
Biz dərsimizi müasir tələblər səviyyəsində qururuq və
müasir dərsi də İKT-siz təsəvvür etmək olmaz. Bu işdə
bizə Britaniya Şurasının təşkil etdiyi
britishcouncil.org saytı çox kömək edir. Saytın "Teaching
English" bölməsini müəllimlər üçün zəngin bir vəsait
hesab etmək olar. Learn Engilsh və Learn English Kids
səhifələrində isə müxtəlif yaş hədləri üçün istənilən
mövzuda material və tapşırıqlar tapmaq olar. Şagirdlər
bu saytdan həvəslə istifadə edirlər. Yenicə başladığımız
English Global Products layihəsinin də məramı şagirdlərə
bu saytdan istifadə etməyi öyrətmək və saytın zəngin
resurslarından istifadə edərək ingilis dili biliklərini
inkişaf etdirmək bacarıqlarını aşılamaqdır. 30 şagirdin
iştirakını nəzərdə tutan bu layihə may ayında İctimai
Televiziyada keçiriləcək "dəyirmi masa" ilə bitəcəkdir.
Saytın şagirdlərin maarifləndirilməsinə xidmət etdiyini
və ingilis dilini öyrənmək üçün mükəmməl bir bələdçi
olduğunu əsas tutaraq layihənin uğurla bitəcəyinə və
daha çox şagirdin faydalanacağına əminik. |