Naxçıvan
Özəl Universitetində görkəmli pedaqoq, maarifçi və şair
Məhəmməd Tağı Sidqinin 160 illik yubileyi münasibətilə
"M.T.Sidqinin həyatı və maarifçilik fəaliyyəti"
mövzusunda elmi-bədii konfrans keçirilib.
Konfransı giriş sözü ilə universitetin rektoru,
professor İsmayıl Əliyev açaraq Naxçıvan Muxtar
Respublikası Ali Məclisi Sədrinin görkəmli pedaqoq,
maarifçi və şair Məhəmməd Tağı Sidqinin 160 illik
yubileyinin keçirilməsi və Ordubad şəhərində
ev-muzeyinin yaradılması ilə bağlı müvafiq
sərəncamlarının ədibin xatirəsinə verilən böyük
ehtiramın ifadəsi olduğunu diqqətə çatdırıb.
Tədris işləri üzrə prorektor, tarix üzrə fəlsəfə
doktoru, dosent İbrahim Kazımbəyli "M.T.Sidqi görkəmli
maarifçi, böyük mütəfəkkir qələm sahiblərindəndir"
mövzusunda məruzə edib. Məruzədə M.T.Sidqinin görkəmli
bir maarifçi və yaradıcı şəxsiyyət kimi Azərbaycan
ədəbiyyatının və ictimai fikrinin inkişafında mühüm
xidmətləri olduğu vurğulanıb. Qeyd olunub ki,
maarifçilik ideyalarının həm elmi, həm təcrübi sahədə
inkişafına təməl olan Sidqi yaradıcılığı xalqın
dünyagörüşünün formalaşmasına təsir edən əsərlər
məcmusudur. Naxçıvan torpağının yetirməsi olan Məhəmməd
Tağı Sidqi xalqının, millətinin maariflənməsi uğrunda
mübarizə aparan ilk maarif fədailərindəndir. O, Vətənin
ağır sınaqlara məruz qaldığı bir zamanda qorxmadan,
çəkinmədən maarifçilik uğrunda mübarizə aparıb.
Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimləri
Qənirə Əsgərova, Arifə Zeynalova və Nurlana Əliyeva
"M.T.Sidqinin Azərbaycan dilçiliyi sahəsindəki
fəaliyyəti", "M.T.Sidqinin Azərbaycan ədəbi dilinin
inkişafında rolu", "M.T.Sidqi uşaq ədəbiyyatının
yaradıcısı kimi" mövzularında çıxış ediblər. Çıxışlarda
vurğulanıb ki, zəngin mədəni irsə malik olan Azərbaycan
xalqının məktəb və pedaqoji fikir tarixinin müxtəlif
dövrlərində ayrı-ayrı maarifçi ədiblər məktəbəqədər
yaşlı uşaqların tərbiyəsinə aid maraqlı fikirlər
söyləmişlər. Bu baxımdan Məhəmməd Tağı (Sidqi) Səfərovun
(1854-1903) pedaqoji görüşləri, onun "Nümuneyi-əxlaq",
"Tənviri-əfkar" və "Təhfimi-insaniyyət" əlyazmaları,
müəllimlərə kömək məqsədilə tərtib etdiyi "Pedaqogika"
dərsliyi, digər qiymətli tədqiqatları diqqəti cəlb edir.
M.T.Sidqi "Əxtər", "Tərbiyə" və "Qız məktəbi" kimi milli
məktəblərin yaradıcısı kimi tədris və təlim-tərbiyə
sahəsində öz əhəmiyyətini itirməmiş dəyərli irs qoyub
getmiş görkəmli pedaqoqlardan biri olmuşdur.
Konfransda tələbələrin ifasında M.T.Sidqinin qəzəlləri,
hekayələri səsləndirilib, görkəmli pedaqoqun həyat və
fəaliyyətini əks etdirən slayd nümayiş etdirilib.
Nuray ƏSGƏROVA,
Naxçıvan Özəl Universitetinin mətbuat xidməti |