Rayon təhsil şöbəsindən verilən məlumatda deyilir ki,
"Ölkəmizi tanıyaq" devizi ilə keçirilən maarifləndirici
tur-aksiyanın ikinci mərhələsi çərçivəsində Bakının
Yasamal və Səbail rayonlarının IX-XI sinif şagirdləri
Masallı və Lənkəran ilə tanışlıqdan sonra Lerik
rayonunda olublar. Lerik şəhərinin Heydər Əliyev
meydanında məktəblilər mehribanlıqla qarşılanıblar. Bakı
məktəbliləri ümummilli lider Heydər Əliyevin abidəsi
önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad
ediblər. Sonra dahi rəhbərin adını daşıyan mərkəzdə ulu
öndərin zəngin və mənalı ömür yolunu əks etdirən
eksponatlar və fotoşəkillərlə tanış olublar.
Qeyd olunub ki, Lerik rayonu Talış dağlarının əhatəsində
yerləşir. Ən yüksək zirvələri dəniz səviyyəsindən 2493
və 2433 metr hündürlükdə yerləşən Kömürgöy və Qızyurdu
yüksəklikləridir. Rayon iqtisadiyyatının əsasını
əkinçilik, heyvandarlıq və kartofçuluq təşkil edir.
Burada tərəvəzçilik və meyvəçilik də inkişaf etdirilir.
Rayonda xalq sənətkarlığından ən çox yayılanı
xalçaçılıqdır. Bununla yanaşı, dülgərlik və dəmirçilik
sənəti də davam etdirilir. Məktəblilər rayonun
Tarix-Diyarşünaslıq və Uzunömürlülər muzeylərində
nümayiş etdirilən eksponatlara və fotoşəkillərə böyük
maraqla baxıblar.
Tur-aksiya iştirakçılarına məlumat verilib ki, Lerik
dünyada uzunömürlülər diyarı kimi tanınır. Planetin ən
qocaman sakini Şirəli Müslümov bu dağlar qoynunda 168 il
ömür sürüb. Hazırda rayonda yaşı 80-dən yuxarı olan 846
adam yaşayır. Sonra paytaxt şagirdləri "Relax" turizm və
istirahət mərkəzində yaradılan şəraitlə tanış olublar. |