Rusiyada gənc müəllimlərin işlə təmin olunması
istiqamətində müzakirələr aparılır. "Uçitelskaya
qazeta"nın məlumatına əsasən, gənc müəllimlərə işə
düzəlmək üçün təkcə diplom deyil, həm də təhsil
müddətinin sonunda onlara veriləcək portfolio kömək
edəcək.
Planlaşdırılır ki, gələcək müəllimlər universiteti
bitirdikdən sonra təkcə diplom deyil, həm də onun
bacarıq, vərdişlərinə daha obyektiv qiymət verməyə imkan
verən və təhsil nailiyyətlərinin əks olunduğu portfolio
alacaq. Hazırda bu layihə müzakirə mərhələsindədir.
Əgər portfolio ilə bağlı məsələ reallaşarsa, onda bu,
məzunların işə düzəlməsində mühüm rol oynayacaq. Digər
tərəfdən, portfolio vakant yerə namizədliyini vermiş
müəllimlərin səriştə və bacarıqlarını işəgötürənlər
tərəfindən tam qiymətləndirməyə imkan verəcək.
Portfolioda məzunun təhsil ərzində təklif etdiyi və
reallaşdırdığı müxtəlif layihələrin yerləşdirilməsi
nəzərdə tutulub. Qeyd olunur ki, bu gün diplom
tələbənin təhsil illərində aldığı biliklərin
keyfiyyəti barədə çox az məlumat verə bilər. Məhz
buna görə də gələcək müəllimlər üçün portfolionun
tətbiq olunması təklif olunub.
Yeri gəlmişkən, məktəblilərə də özlərinin dərsdənkənar
nailiyyətlərinin uçotunun aparılması üçün belə bir
sənədin tərtib olunmasına başlamaları tövsiyə olunacaq.
Ali məktəb bu sənədi yekun inşa işi kimi qəbul edərək
məzuna 20 bal verə bilər. |