Ali təhsilin modernləşdirilməsi üzrə yüksək səviyyəli
Avropa Qrupu (The EUS High-Level Group on the
Modernisation of Higher Education) tərəfindən ali
təhsilin modernləşdirilməsi üzrə "Universitetlərdə
təlim və tədrisin yeni metodları" barədə yeni hesabat
açıqlanıb. Sənəddə Avropada və bütün dünyada ali
təhsilin modernləşdirilməsi sahəsində əldə olunmuş
təcrübə təhlil olunur, eləcə də təhsil və təcrübə
texnologiyasının yaxşılaşdırılması üçün 15 tövsiyə
təklif olunur. İrlandiyanın keçmiş prezidenti Meri
Makalisinin rəhbərliyi ilə hazırlanmış hesabatda
təhsilin keyfiyyətinin yaxşılaşdırılması və yeni
texnologiyalarla tədrisin təşkili üzrə konkret
tövsiyələr irəli sürülür.
Məruzənin əsas ideyası ondan ibarətdir ki, Aİ-yə daxil
olan bütün ölkələr birgə əməkdaşlıq sayəsində yeni
təlim metodlarının tətbiqi üçün ali təhsil
müəssisələrinin potensialından istifadə etməlidir. Bu
isə Avropanın ali təhsilin transformasiyası sahəsində
başlıca oyunçu rolunu gücləndirəcək. Avropa komissiyası
isə, öz növbəsində, Qrupun təklif etdiyi tövsiyələrin
inkişaf etdirilməsi məqsədilə Erasmus+ proqramı
çərçivəsində siyasətçilər və təhsil müəssisələri üçün
maliyyələşdirilməni təklif edir. Avropa Birliyinin
təhsil, mədəniyyət, gənclər üzrə ali komissarı Andrulla
Vasiliu hesabatın giriş hissəsində yazıb ki, növbəti 10
il ərzində internet təhsilə olan maraq təxminən 15
dəfə artaraq bütün təhsil xidmətlərinin 30%-ni təşkil
edəcək. Amma bu islahat müəllimlər və siyasətçilərin
köməyi ilə formalaşmalı və ən başlıcası, əldə olunmuş
yeniliklər bütün avropalıların hamısı üçün əlçatan
olmalıdır. |