Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Noyabr 2014 - №45

 

BPKİYİ-nin yenidənhazırlanma fakültəsində tədris prosesi başlanıb

 

Böyütmək üçün şəkili seçinNoyabrın 14-15-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda 2014-2015-ci tədris ili üzrə yenidənhazırlanma fakültəsinə "Azərbaycan dili və ədəbiyyatı", "riyaziyyat və informatika", "təhsildə sosial-psixoloji xidmət", "məktəbəqədər təlim və tərbiyə" ixtisasları üzrə qəbulla əlaqədar müsahibə keçirilib. Müsahibədən öncə keçirilən görüşdə institutun rektoru, professor Asəf Zamanov adıçəkilən ixtisaslar üzrə ali təhsilin əhəmiyyətini vurğulayaraq bildirib ki, müasir təhsilin uğurları daim dəyişən şəraitə çevik uyğunlaşma qabiliyyəti ilə müəyyənləşdirilir. Bu baxımdan yenidənhazırlanma yolu ilə mütəxəssis hazırlığı "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda öz əksini tapıb. İnstitutda bu sahəyə xüsusi diqqət yetirildiyini söyləyən A.Zamanov müsahibə prosesinin obyektiv və şəffaflığının təmini üçün şərait yaradıldığını diqqətə çatdırib, müsahibəyə qatılan şəxslərə, həmçinin  komissiya üzvlərinə uğurlar arzulayıb.

Təhsil Nazirliyinin məsul işçisi Eşqi Bağırov da müsahibə prosesində iştirak edib.

Müsahibədə müsbət nəticələr göstərmiş və müvafiq ixtisaslar üzrə Yenidənhazırlanma fakültəsinə qəbul olunmuş tələbələr, onların valideynləri, institutun professor-müəllim heyəti və KİV nümayəndələri ilə noyabrın 17-də institutda görüş keçirilib. Tədbiri giriş sözü ilə açan BPKİYİ-nin rektoru, professor Asəf Zamanov 17 noyabrın Azərbaycan xalqı üçün müqəddəs bir gün olduğunu diqqətə çatdıraraq Milli Dirçəliş Gününün tarixi əhəmiyyətindən söz açıb. Bildirib ki, bu gün dünyaya sürətlə inteqrasiya edən müstəqil Azərbaycan  dövlətinin, bütün istiqamətlərdə həyata keçirilən uğurlu islahatların təməli məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Rektor dahi lider Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə  2011-ci ildə Azərbaycan Respublikasının ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsini, 2013-cü ildə dünyanın "kosmik ölkələri" sırasına, BMT-nin 2010-cu il üzrə insan inkişafı hesabatında göstərildiyi kimi "orta insan inkişafı" qrupundan "yüksək insan inkişafı" qrupuna daxil olmasını, Dünya İqtisadi Forumunun hesabatında iqtisadi rəqabətlilik qabiliyyətinə görə Azərbaycanın 146 ölkə sırasında 38-ci yerdə həm region, həm də MDB üzvü olan ölkələrdən öndə olmasını xüsusi vurğulayıb. Təhsilin maddi-texniki bazasının gücləndirilməsi, həmçinin insan resurslarının formalaşdırılması istiqamətində görülən işlərdən söz açan rektor Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın əhəmiyyətini vurğulayıb.  A.Zamanov çıxışında neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində görülən işlərdən, o cümlədən, dövlət proqramı əsasında dünyanın aparıcı universitetlərində təhsil almaq üçün göndərilən gənclərin Azərbaycanın intellektual potensialının formalaşması üçün əhəmiyyətindən də bəhs edib. Təhsilin və elmin maddi-texniki bazasının möhkəmlənməsində, insan resurslarının inkişafında həm dövlətimizin, həm də Heydər Əliyev Fondunun fəaliyyətindən söz açaraq, qazanılan bütün uğurların fövqündə müstəqilliyimizin durduğunu əsaslandırıb. 23 ildə Azərbaycanın əsrə bərabər inkişaf yolu keçdiyini diqqətə çatdırıb.

Natiq son altı ildə BPKİYİ-nin yüksək ixtisaslı kadr potensialının formalaşdığını, dünyanın 50-dən çox ali məktəbi və elmi-tədqiqat institutu ilə səmərəli əməkdaşlığını, professor-müəllim heyəti tərəfindən respublikamızda və xaricdə 900-ə qədər elmi əsərin (monoqrafiya, dərslik, dərs vəsaiti, elmi məqalə və s.) nəşr edildiyini qeyd edib.

Rektor çıxışının sonunda institutun tələbəsi adını qazanan gəncləri təbrik edib, onlara keyfiyyətli təhsil verilməsi üçün şərait yaradıldığını bildirərək yüksək təhsil uğurları arzulayıb.

Digər çıxış edənlər də BPKİYİ-nin Yenidənhazırlanma fakültəsinə qəbul olunmuş tələbələrə ürək sözlərini bildiriblər.  

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov