"Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyası
çərçivəsində Şəki-Qax-Zaqatala marşrutu üzrə
ekskursiyaya çıxan Sabunçu və Suraxanı məktəbliləri üçün
səfər maraqlı və yaddaqalan olub. Tur-aksiya
iştirakçıları əvvəlcə Şəkinin Kiş kəndindəki qədim alban
məbədini ziyarət edib və Qax rayonuna gəliblər. Sabunçu
və Suraxanı məktəblilərini Qax şəhərindəki Heydər Əliyev
Mərkəzinin qarşısında rayon icra hakimiyyətinin, təhsil,
mədəniyyət və turizm şöbələrinin rəhbər işçiləri
qarşılayıblar. Tur-aksiya iştirakçılarına Qax rayonunun
tarixi, mədəniyyəti, iqtisadiyyatı, turizm potensialı
barədə məlumat verilib və qonaqlar mərkəzlə yaxından
tanış olublar.
Bildirilib ki, 2013-cü ilin avqustunda Prezident İlham
Əliyevin bilavasitə iştirakı ilə istifadəyə verilən
Heydər Əliyev Mərkəzi ümummilli liderin xatirəsinə dərin
ehtiramın nümunəsidir. Milli memarlıq ənənələri
saxlanılmaqla ən müasir üslubda tikilən mərkəzin
foyesində ulu öndərin əzəmətli heykəli qoyulub. Xüsusi
ekranlar və tablolarda ümummilli lider Heydər Əliyevin
həyat və fəaliyyətini əks etdirən fraqmentlər
işıqlandırılır. Tur-aksiya iştirakçıları Heydər Əliyev
Mərkəzinin arxitekturasına, ekspozisiya zalının
qeyri-adi gözəlliyinə heyranlıqlarını gizlətməyiblər.
Məktəblilər mərkəzin önündə xatirə şəkilləri
çəkdiriblər.
Paytaxt şagirdləri Qax şəhərindəki "İçəribazar" Turizm
və Mədəniyyət Mərkəzi ilə tanışlıqdan sonra rayon
tarix-diyarşünaslıq muzeyində olublar. Məlumat verilib
ki, 1981-ci ildən fəaliyyət göstərən bu muzeydə hazırda
rayonun tarixi keçmişindən soraq verən 11 mindən artıq
muzey əşyası saxlanılır. Məktəblilər daha sonra geniş
turizm potensialına malik İlisu kəndinin tarixi
məkanları ilə tanış olublar. İnşa tarixi XVII-XVIII
əsrlərə aid edilən, yerli əhali arasında "Sumuq qala"
adı ilə tanınan müdafiə qülləsi ilə tanışlıq
məktəblilərin ürəyincə olub. Məlumat verilib ki, sümük
kimi möhkəm olduğu üçün bu qüllə məhz belə adlanır.
Qalanın inşa tarixi İlisu sultanlığının inkişaf etdiyi,
çiçəkləndiyi bir dövrə təsadüf edir. Qax rayonuna
səfərləri çərçivəsində tur-aksiya iştirakçıları,
həmçinin İlisu kəndindəki Ulu Məscid, Qala bürcü, Ulu
körpü və digər tarixi abidələrə də baş çəkib, rayonun
görməli yerlərini ziyarət ediblər. Əsrarəngiz təbiəti
olan Qax rayonunun tarixi məkanları ilə tanışlıq
tur-aksiya iştirakçılarında zəngin təəssürat yaradıb.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |