Noyabrın 16-da "Bilik kuboku" uğrunda breyn-rinqin
növbəti oyunu keçirilib. Xatırladaq ki, Təhsil
Nazirliyinin təsis etdiyi baş mükafatı qazanmaq üçün
ölkənin 15 bölgəsindən 30 komanda mübarizə aparır.
Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən
yarışmaya Heydər Əliyev Fondu, Gənclər və İdman
Nazirliyi, "Nar Mobile" şirkəti dəstək verir. Oyunlar
hər bazar günü keçirilir və AzTV kanalı ilə yayımlanır.
Sentyabrın 7-dən start götürmüş yarışmada sentyabr və
oktyabr ayları üzrə qaliblər artıq müəyyənləşdirilib.
Noyabr ayı birinciliyinin isə hələlik üç finalçısı
məlumdur. Üçüncü finalçı ötən bazar günü keçirilən
oyunda məlum olub.
Bu oyun da əvvəlkilər kimi 2 seçim və 2 final görüşündən
ibarət olub. İlk seçim görüşündə qırmızı və yaşıl
masalara müvafiq olaraq "Naxçıvan" və "NUR" (Bakı)
komandaları dəvət olunublar. "NUR" (Bakı) rəqibinə 5:0
hesabı ilə qalib gəlib.
İkinci seçim görüşü "NORM Sement" və "Romantik" klubları
arasında baş tutub və "Romantik"in böyük hesabla (6:0)
qələbəsi ilə başa çatıb.
Final görüşlərində "NUR" (Bakı) və "Romantik"
qarşılaşıblar. Bərabər mübarizə şəraitində keçən
görüşlərdə əvvəlcə "Romantik" (5:3), sonra isə "NUR"
(Bakı) (5:4) üstün olub. Verilən əlavə sual "Romantik"i
ayın finalına çıxarıb. Noyabr ayının birinciliyi uğrunda
oyun 30 noyabr tarixində olacaq. Həmin oyunun qalibi
noyabr ayının birincisi kimi breyn-rinqin finalında
iştirak edəcək. Final görüşü dekabrın 14-də baş tutacaq.
Qalibi "Bilik kuboku", eləcə də təşkilatçı və
sponsorların digər mükafatları gözləyir.
Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi" |