Təhsil Nazirliyinin təşəbbüsü ilə noyabrın 19-da 2014-cü
il tarixdə Asiya İnkişaf Bankının (AİB) nümayəndə heyəti
- AİB-in Mərkəzi və Qərbi Asiya departamentinin təhsil
üzrə baş mütəxəssisi Cazira Asanova, Regional İnkişaf
Departamenti direktorunun müşaviri, Təhsil Komitəsinin
rəhbəri Yuko Sarvi və Azərbaycan Nümayəndəliyinin məsul
işçisi Nail Vəliyev Bakı Pedaqoji Kadrların
İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda
olmuşlar.
BPKİYİ-nin rektoru, professor Asəf Zamanov qonaqları
salamlayaraq onlara institutun tarixi, strukturu,
fəaliyyət istiqamətləri, o cümlədən ixtisasartırma və
yenidənhazırlanma fakültələri, beynəlxalq əlaqələr,
keyfiyyətin təminatı şöbələrinin fəaliyyəti barədə geniş
məlumat verdi. Asiya İnkişaf Bankının Azərbaycanda
fəaliyyətə başlamasının 15 illiyi münasibətilə
nümayəndə heyətini təbrik etdi.
Xanım Cazira Asanova Asiya İnkişaf Bankının Azərbaycanda
nəqliyyat, su təchizatı, energetika, biznes sektorunda
gördüyü işlər və layihələr haqqında məlumat verdi.
AİB-in Mərkəzi və Qərbi Asiyada həyata keçirdiyi təhsil
layihələri, onların mahiyyət və məzmunu, tətbiq
formaları, səmərliliyi və nəticələrindən bəhs etdi.
Asiya İnkişaf Bankının təhsil sektoru ilə əməkdaşlığı
çərçivəsində Azərbaycan Respublikasında həyata
keçirilməsi nəzərdə tutulan təhsil layihələri barədə
fikirlərini söylədi.
Cənab Yuko Sarvi təmsil etdiyi təşkilatın dünyanın
müxtəlif ölkələrində həyata keçirdiyi təhsil layihələri
və proqramlarından söz açaraq, bu layihələrin tətbiqi
zamanı ölkənin təhsil ənənə və xüsusiyyətlərinin nəzərə
alınmasından, yeniliklərin tətbiqi zamanı qarşıya çıxan
problemlərdən bəhs etdi.
İxtisasartırma və yenidənhazırlanma təhsilinin təşkili,
tədris resursları, müxtəlif beynəlxalq təşkilatlarla
əməkdaşlıq barədə qonaqları maraqlandıran suallar
institutun rektoru, həmçinin mütəxəssisləri tərəfindən
ətraflı cavablandırıldı.
Səmərəli müzakirələrin sonunda qonaqlar institutumuzla
tanışlıqdan, elm və təhsil sahəsində görülən önəmli
işlərin nəticələrindən məmnunluq ifadə edərək, gələcəkdə
Asiya İnkişaf Bankının Azərbaycanda həyata keçirəcəyi
təhsil layihələrində Bakı Pedaqoji Kadrların
İxtisasartırma və Yenidənhazırlanma İnstitutu ilə birgə
əməkdaşlıq imkanlarının yaranmasının mümkünlüyünü və
əhəmiyyətini qeyd etdilər. Beynəlxalq layihələrdə
iştirak, elmi və elmi-praktik konfransların təşkili
təcrübəsinin gələcəkdə bu əməkdaşlığın səmərəliliyi üçün
yardımçı olacağını xüsusi vurğuladılar.
Nümayəndə heyəti institutun Heydər Əliyev
muzey-lektoriyası, Beynəlxalq əlaqələr şöbəsi, tədris
otaqları, kompüter mərkəzləri ilə tanış oldular və
səmimi qəbula görə rektor, professor Asəf Zamanova
təşəkkürlərini bildirdilər.
Mətbuat xidməti |