Noyabrın 19-da Qafqaz Universitetində bu təhsil ocağının
nəzdində fəaliyyət göstərən Qafqaz Araşdırmaları
İnstitutunun növbəti nəşrinin - Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin zabiti, tarix elmləri doktoru,
professor Mehman Süleymanovun "Nuri paşa və
silahdaşları" kitabının təqdimatı olub.
İnstitutun araşdırıcılarının, tarixçi alimlərin və media
mənsublarının iştirak etdiyi təqdimat mərasimini Qafqaz
Universitetinin prorektoru, professor Niftalı Qocayev
açaraq Qafqaz Araşdırmaları İnstitutunda Azərbaycan Xalq
Cümhuriyyətinin tarixi və Qafqaz İslam Ordusunun
Azərbaycandakı fəaliyyətinə dair son illər sistemli
araşdırmalar aparıldığını, bu tədqiqatların nəticəsi
olaraq bir sıra nəşrlərin hazırlanıb geniş oxucu
kütləsinə çatdırıldığını bildirib. Təqdim olunan kitabın
bu silsilədən növbəti nəşr olduğunu söyləyən N.Qocayev
kitabın XX əsrin əvvəllərində Şərqdə ilk demokratik
dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında
və ölkənin erməni-daşnak və bolşevik işğalından azad
olunmasında müstəsna xidmətlər göstərmiş Nuri paşa və
silahdaşları, həmçinin Qafqaz İslam Ordusunun
xilaskarlıq fəaliyyətini ətraflı işıqlandırılması
baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Mərasimdə çıxış edən tarixçi alimlər Solmaz Rüstəmova -
Tohidi, Firdovsiyə Əhmədova və başqaları dəyərli əsər
ortaya qoymuş müəllifin və naşirlərin zəhmətini yüksək
qiymətləndirib, 1918-ci ildə - mürəkkəb hərbi-siyasi bir
dövrdə Nuri paşanın komandanlığı altında Qafqaz İslam
Ordusunun Bakıda, digər şəhər və rayonlarda xilaskarlıq
fəaliyyətindən söhbət açıblar. Bildirilib ki, bu nəşr
tariximizin öyrənilməsi üçün dəyərli mənbədir.
"Nurlar" Nəşriyyat-Poliqrafiya Mərkəzi tərəfindən çap
olunmuş və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş
kitabı nəşrə filologiya elmləri üzrə fəlsəfə doktoru
Mehmet Rıhtım və filologiya elmləri doktoru Minəxanım
Təkləli hazırlamışlar.
Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi" |