Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU)
Ümumdünya Elm Günü çərçivəsində keçirilən "Elm günləri"
başa çatıb.
ADİU-dan AzərTAc-a bildiriblər ki, yekun tədbirdə bu ali
məktəbin rektoru, professor Ədalət Muradov üç gün davam
edən mərasimlərdə qarşıya qoyulan məqsədə nail
olunduğunu söyləyib. Bildirib ki, İqtisad
Universitetində elmi tədqiqatların aparılması üçün
potensial var.
Tədbirdə Milli Məclisin iqtisadi siyasət komitəsinin
sədri, akademik Ziyad Səmədzadə iqtisad elminin
Azərbaycan cəmiyyətinin inkişafındakı rolundan danışıb.
Bildirib ki, ölkəmizdə iqtisadiyyatı qloballaşan dünyada
tələb və təkliflərə adekvat siyasət yürüdülür. "Hər bir
iqtisadçı alimin fikri öyrənilməlidir", deyən Z.
Səmədzadə, bu baxımdan ADİU-da keçirilən "Elm
günləri"nin əhəmiyyətini xüsusi qeyd edib.
Kulturoloq, professor Fuad Məmmədov çıxışında
iqtisadiyyatın mədəniyyətlə bağlı olduğunu
bildirərək, "Elm günləri" çərçivəsində təşkil
olunan tədbirlərin ali təhsil ocağının elm
mərkəzinə çevrilməsində böyük rol oynayacağını
söyləyib.
Kanadanın Vaterloo Universitetinin riyazi biznes və
mühasibat proqramının direktoru, ADİU-nun keçmiş
əməkdaşı İlham Axundov elmin kapitala çevrilməsi
yollarından danışıb. Riyaziyyat və biznesi birləşdirməyi
bacaran azsaylı alimlərdən olan İ.Axundov 15 ildir
çalışdığı Vaterloo Universitetində əldə etdiyi
təcrübəsini professor və müəllim heyəti ilə bölüşüb.
Tədbirdə ADİU-nun dosenti Həmid Həmidov "Neyro-linqvistik
Proqramlaşdırma" mövzusunda məruzə edib. H.Həmidov
NLP-nin müasir biznes mühitində faydalılığı,
danışıqların aparılması zamanı qarşı tərəfin psixoloji
durumunu analiz etmək və inandırmaq texnologiyası,
yaddaşın gücləndirilməsi texnikası və s. haqqında tədbir
iştirakçılarına məlumat verib.
Qeyd edək ki, ADİU-da Ümumdünya Elm Günü çərçivəsində
ilk dəfə olaraq "Elm günləri" keçirilib. Üç gün ərzində
bu ali təhsil müəssisəsində simpozium, seminar, "dəyirmi
masa", təlim, ustad dərsləri, tanınmış alimlərlə görüş
və elmi mühazirələr təşkil olunub. |