Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Noyabr 2014 - №45

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi hesabat verdi

 

BŞTİ son bir ildə 

"Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi ilə bağlı  tədbirlər planı haqqında"  Azərbaycan Respublikası Prezidentinin  2006-cı il 31 mart tarixli 1399 nömrəli sərəncamına əsasən, Bakı şəhəri təhsil şöbələri ləğv edilmişdir. Nazirlər Kabinetinin 28 iyul 2006-cı il tarixli sərəncamı ilə Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Bakı Şəhəri üzrə Təhsil İdarəsi yaradılmışdır. Yeni idarənin yaranması idarəetmənin daha da təkmilləşdirilməsi, idarəetmə, nəzarət və təhsilin keyfiyyətinin, nizam-intizamın gücləndirilməsi baxımından mühüm hadisə kimi qiymətləndirilir. BŞTİ-nin fəaliyyətinin səmərəliliyinin artırılması, idarəetmədə müasir üsulların tətbiqinə və şəffaflığın təmin edilməsinə nail olmaq üçün Azərbaycan Respublikası təhsil nazirinin 30 oktyabr 2013-cü il tarixli 866 saylı əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsində struktur dəyişiklikləri aparılmışdır. 

Bakı təhsili inkişaf yolunda 

Ölkə iqtisadiyyatının dinamik inkişafı keyfiyyətli təhsil üçün əlverişli şərait yaratmışdır. Təhsili Azərbaycanın davamlı inkişafının əsas amillərindən biri hesab edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev onun inkişafına, dünyanın qabaqcıl ölkələrinin təhsil səviyyəsinə yüksəlməsinə böyük diqqət və qayğı göstərir. Məhz bu diqqət və qayğı sayəsində Azərbaycan təhsili son illər özünün yeni inkişaf dövrünə qədəm qoymuş, bu sahədə xeyli nailiyyətlər əldə edilmişdir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi fəaliyyətini təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəldib və bu fəaliyyət istiqaməti Təhsil İdarəsinə həm dövlət, həm də cəmiyyət tərəfindən dəstək qazandırıb.  Bakı Şəhəri üzrə Təhsil İdarəsi təkcə paytaxtın təhsil sistemindəki uğurları ilə deyil, həm də bütün ölkənin təhsil həyatı üçün böyük əhəmiyyət kəsb edən yeniliklərin təşəbbüskarı kimi çıxış edib. Ötən il Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" təsdiq edildikdən sonra İdarə fəaliyyətini Dövlət Strategiyasından irəli gələn məsələlərə yönəldib.

Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 300 tam orta, 3 ümumi orta, 7 xüsusi, axşam (qiyabi), 4 sağlamlıq imkanları məhdud uşaqlar üçün məktəb olmaqla, cəmi 314 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Bu məktəblərdə 339 min 771 şagirdin təlim-tərbiyəsi ilə 28068 müəllim məşğul olur.

Təhsilin inkişafı üçün tələb olunan şərtlərdən biri təhsilin maddi-texniki bazasının inkişaf etdirilməsi, yüksək səviyyəli təhsil mühitinin yaradılmasıdır. Bu baxımdan ölkəmizdə təhsilə dövlət səviyyəsində göstərilən diqqət və qayğının nəticəsidir ki, təkcə ötən tədris ilində Bakı şəhərində 65 məktəbdə cari təmir, 28 məktəbdə əsaslı təmir və tikinti işləri aparılmışdır. Eyni zamanda, 13 məktəbdə digər tikinti (korpus, idman, akt zalı, yeməkxana) işləri həyata keçirilmişdir. 

Ümumtəhsil müəssisələrinin rasionallaşdırılması 

Bakı şəhərində ümumtəhsil müəssisələrinin rasionallaşdırılması və təhsil infrastrukturunun səmərəli istifadəsi tədbirləri çərçivəsində uzun illər potensial şagird tutumundan dəfələrlə az şagird sayı ilə fəaliyyət göstərdiyinə və perspektivdə şagirdlərin artımı proqnozlaşdırılmadığına görə 152, 172, 88 saylı məktəblərin fəaliyyəti dayandırılmışdır. Şagird və müəllimlər yaxın məktəblərə yerləşdirilmişdir. Binalarında əsaslı təmir və tikinti işləri aparılan digər təhsil müəssisələri isə bu məktəblərin binalarında yerləşdirilmişdir.

189, 190 saylı məktəblər və 5, 292 saylı məktəblər isə ərazi baxımından yaxın yerləşməsi və birində nəzərdə tutulduğundan artıq, digərində isə az şagird təhsil aldığı üçün şagird sayının balanslaşdırılması, idarəetmənin təkmilləşdirilməsi və optimallaşdırılması üçün birləşdirilmişdir.

Cari tədris ilində analoji tədbirlərin davam etdirilməsi nəzərdə tutulur. 

Məktəblər dərsliklərlə təmin olunmuşdur 

Son illər təhsil siyasətinin ən uğurlu yönlərindən biri şagirdlərin pulsuz dərsliklərlə təminatı olmuşdur. Təhsil sahəsində həyata keçirilən islahatlar arasında öncül yerlərdən birini tutan dərsliklər həm forma, həm də məzmun cəhətdən yeniləşdirilmiş və təkmilləşdirilmişdir.

Cari tədris ili üçün təhsil müəssisələri dərsliklərlə tam təmin olunmuşdur. Qeyd edək ki, 2014-2015-ci tədris ili üçün Bakı şəhərinin ümumtəhsil məktəbləri şagirdlərinə 191 adda 1876247 nüsxə dərslik və müəllimlər üçün 74 adda 50846 metodiki vəsait çap edilmişdir.

X siniflər üzrə 27 adda 105570, XI siniflər üzrə isə 31 adda 319459 nüsxə dərslik çap edilmişdir. Digər siniflər üzrə də bu proses müəyyən faizlərlə həyata keçirilmiş və ehtiyacı ödəyəcək sayda dərsliklər məktəblərə paylanılmışdır. 

Müəllimlərin peşəkar səviyyəsi artırılmış və əməyi qiymətləndirilmişdir 

Qabaqcıl təhsil işçilərinin əməyinin qiymətləndirilməsi təhsilin keyfiyyətcə yüksəlməsinə təkan vermişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 sentyabr 2014-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində çalışan 22 müəllim "Əməkdar müəllim" fəxri adına layiq görülüb, 17 müəllim isə "Tərəqqi" medalı ilə təltif edilmişdir.

Həmçinin, Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun 25 sentyabr 2014 - cü il tarixli 11/1109 nömrəli əmri ilə təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə və 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 3 işçisi və idarənin tabeliyində olan məktəblərin 15 müəllimi "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə, 7 müəllim isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilmişdir.

Pedaqoji kadrların ixtisaslarının artırılması istiqamətində Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda keçən tədris ilində tematik, illik və aylıq ixtisasartırma kurslarında 2792 müəllim təhsil almışdır. Bundan başqa, 7352 müəllim kurikulum kurslarına cəlb edilmişdir. 

Daxili nəzarət gücləndirilmişdir

 Ötən tədris ili ərzində Bakı şəhərinin məktəblərində məktəbdaxili nəzarətin təşkilinə dair reydlər təşkil olunmuşdur. Reydlərin məqsədi şagirdlərin dərsə davamiyyəti, məktəbli kitabçasından istifadə, sinif jurnallarının aparılması, müəllimlərin fəaliyyətinə nəzarətin təşkili kimi məsələlər olmuşdur. Reydin nəticələri ümumiləşdirilərək məktəb direktorlarının iştirakı ilə geniş müzakirə olunmuş və nöqsanların aradan qaldırılması məqsədilə əməli tədbirlərin görülməsi üçün tapşırıq və tövsiyələr verilmişdir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində korrupsiya və digər qanun pozuntuları ilə mübarizə istiqamətində müvafiq tədbirlər aparılmışdır. Aparılmış araşdırmalar nəticəsində aşkar olunmuş qanun pozuntuları faktları barədə təqdimatlar əsasında 7 məktəb direktoru və 3 direktor müavini tutduğu vəzifədən azad edilmiş, 32 məktəb direktoru və 16 direktor müavini intizam məsuliyyətinə cəlb olunmuşdur. 

İstedad axtarışında... 

Uşaqların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, gələcəkdə müəyyən ixtisaslar seçmələrinə zəmin yaradılması, habelə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcı potensialının inkişafı üzrə Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin icrası ilə əlaqədar müvafiq işlər görülüb. İstedadlı şagirdlərin aşkara çıxarılmasında əhəmiyyətli rol oynayan fənn olimpiadalarının təşkili, keçirilməsi, yekunlaşdırılması və qaliblərin müəyyənləşdirilməsi ilə bağlı işlər yüksək səviyyədə yerinə yetirilib.

Bakı şəhəri üzrə məktəblilərin fənn olimpiadasının I mərhələsində 6472 nəfər iştirak etmişdir. II mərhələyə vəsiqə qazanmış 311 nəfərdən hər sinif və fənn üzrə 3 ən yüksək nəticə göstərən 54 nəfər şagird respublika turuna vəsiqə qazanmışdır. Onlardan 2 nəfər I, 3 nəfər II, 6 nəfər III, 8 nəfər IV yerə layiq görülmüşdür.

Hesabat ili ərzində BŞTİ-nin tabeliyində olan məktəblərdən 28 nəfər qızıl, 1 nəfər gümüş medala layiq görülmüşdür.

Ali məktəblərə tələbə qəbulunda Bakı məktəblərinin xüsusi çəkisi artmışdır. Belə ki, 2013-cü il ilə müqayisədə ali təhsil müəssisələrinə qəbul olmuş məzunlarımızın həm sayı, həm də faiz göstəricisi (ümumi məzun sayına nisbətdə) artaraq (müvafiq olaraq 2013-cü ildə 20.041 məzundan 9.397 nəfər, 2014-cü ildə isə 19.684 məzundan 10.100 nəfər) 46.88%-dən 51,31%-dək artmışdır.

Eksternat imtahanının nəticələrinə görə 92 nəfər attestat, 21 nəfər şəhadətnamə almışdır.   

I sinfə qəbul artmışdır 

I sinfə şagird qəbulu Təhsil Nazirliyinin təlimati məktubuna uyğun olaraq aparılmışdır. Sevindirici haldır ki, son illər ümumtəhsil məktəblərinin I siniflərində şagird qəbulunun sayı artmaqda davam edir. 2014-2015-ci dərs ilində I sinfə 41946 nəfər şagird qəbul olunmuş və 1557 sinif açılmışdır.  

Azərbaycan Respublikası təhsil nazirinin "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları" barədə əmrinə müvafiq olaraq Bakı şəhərində yerləşən və BŞTİ-nin tabeliyində olan məktəblərə qəbul iyulun 20-dən avqustun 20-dək elektron ərizələr vasitəsilə aparılıb. Qeyd edək ki, "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları"na əsasən I sinfə qəbul həmin il sentyabrın 16-dan dekabrın 31-dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilir.

Xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu prosesinin (elektron ərizələrin qəbulu, bildirişlərin göndərilməsi, cavabarın saytda yerləşdirilməsi) www.bakuedu.az saytı vasitəsi ilə aparılması bu tədris ilinin yeniliklərindəndir. Prosesin şəffaflığını artırmaq üçün müsahibə prosesi bütövlükdə videokameralar vasitəsi ilə yazılmışdır. "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları"na uyğun olaraq Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə I sinfə qəbul olunmaq istəyənlərlə keçirilən müsahibədə bu il 3434 nəfər iştirak etmişdir. Müsahibələrdə iştirak edən uşaqların 1893 nəfəri I sinfə qəbul olmuş, 1541 nəfəri isə müsahibədən keçə bilməmişdir. 

Müsabiqə və stimullaşdırıcı tədbirlər keçirilir 

Asudə vaxtın təşkili və dərslərin canlandırılması üçün Qala və İçəri Şəhər qoruqlarına ekskursiyaların təşkili (3600 nəfər), Azərbaycan Tarixi Muzeyində dərslərin aparılması üçün danışıqlar aparılmışdır. Mədəniyyət və Turizm Nazirliyi ilə məktəblilərin müxtəlif tamaşalara gedişinin təşkil edilməsi sahəsində işlərə başlanılmışdır. Ötən tədris ilində dövlət-biznes əməkdaşlığı çərçivəsində "ParkCinema" kinoteatrlar şəbəkəsi tərəfindən əlaçı şagirdlər üçün  (Nəsimi, Yasamal, Nərimanov, Nizami və Səbail rayon məktəblərindən 15618 nəfər artıq iştirak edib) pulsuz film seansları layihəsi keçirilib. Hazırda "ParkCinema" kinoteatrlar şəbəkəsi ilə əməkdaşlıq davam edir, yeni dərs ilindən başlayaraq 21289 nəfər əlaçı şagird üçün film seansları təşkil edilmişdir. 

Böyük şəxsiyyət barədə dərslər   

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə mart, aprel, may ayları ərzində Azərbaycan dövlətinin qurucusu və memarı, ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi ilə əlaqədar Bakı şəhəri ərazisində fəaliyyət göstərən 475 ümumtəhsil məktəbinin (məcburi köçkün məktəbləri də daxil olmaqla) ümumilikdə 20120 XI sinif şagirdinə 272 dərs keçilmişdir. Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı müxtəlif mövzuları əhatə edən dərslərin tədrisi ilə 220 müəllim məşğul olmuşdur. Dərslərin tədrisi üçün Bakı şəhərinin müxtəlif ərazilərində yerləşən 26 lektoriya zalı ayrılmışdır.

Qeyd edək ki, bu dərslərin təşkilində əsas məqsəd Heydər Əliyevin ölkəmizin dövlət quruculuğu prosesindəki rolunun və xidmətlərinin öyrənilməsi, bütün bunların gənc nəsillərə çatdırılması olmuşdur.

Yaxın zamanda dərslərin yenidən başlaması nəzərdə tutulmuşdur.  

Dahi lider anılmışdır 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri arasında inşa yazı müsabiqəsi də keçirilmişdir. Müsabiqədə 249 nəfər iştirak etmişdir.

Hər il olduğu kimi, bu il də ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi yubileyi münasibətilə keçirilən gül bayramında məktəblərimiz çox fəal şəkildə iştirak etmişlər. Şagirdlərimiz özlərinin yaradıcı əl işlərini yüksək səviyyədə nümayiş etdirmişlər. 

Hərbi-vətənpərvərlik ruhu yüksəldilir 

Məktəblərdə hərbi dərslərin keçirilməsinə hərbçilərin cəlb edilməsi, hərbi-vətənpərvərlik ruhunun qaldırılması üçün proqramın qəbulu və hərbi kabinetlərin standartlara uyğun hazırlanması BŞTİ-nin fəaliyyətində əsas yerlərdən birini tutur. Bu sahədə digər əlaqədar dövlət qurumları ilə əməkdaşlıq aparılır.

Ümumtəhsil müəssisələrində şagirdlərin vətənpərvərlik tərbiyəsi üzrə aparılan işlərin daha intensiv xarakter alması, bu sahədə həyata keçirilən tədbirlərin davamlılığının təmin olunması, şagirdlərdə fəal vətəndaş mövqeyi və doğma torpağa sədaqət hissinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmrinə əsasən, 2013-2014-cü tədris ilindən başlayaraq ümumi təhsil müəssisələrinin V-XI siniflərində ilk dərslər "Mənim Vətənim - doğma yurdum" mövzusuna həsr olunmuşdur.

Vacib məqamlardan biri kimi 2014-2015-ci dərs ili ərzində məktəblilərin əsgər həyatı ilə yaxından tanış olmasını təmin etmək üçün onların daha sistemli şəkildə hərbi hissələrə aparılması nəzərdə tutulmuşdur. Əsas məqsəd hərbi hissələrdəki müasir silah və hərbi texnikalarla şagirdləri tanış etmək, onlardan istifadə qaydaları barədə məktəblilərə ətraflı məlumatlar vermək və əsgərlik xidməti barədə təsəvvürlərini genişləndirməkdən ibarətdir. Eyni zamanda şagirdlərin hərbi xidmətə başlayan əsgərlərin andiçmə mərasimlərində iştirakı da planlaşdırılmışdır. 

Bu il də yeniyetmə və gənclərin yay istirahətinin səmərəli və yaddaqalan təşkili məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və Səbail Rayon İcra Hakimiyyətinin birgə layihəsi əsasında Quba rayonunda "Şahinlər" hərbi vətənpərvərlik düşərgəsi təşkil edilmişdir. Artıq 9-cu ildir ki, davam edən bu layihə çərçivəsində məktəblilərə xüsusi təyinatlı dəstənin üzvləri tərəfindən hərbi dərslər keçirilir, şagirdlər hərbiçilərlə görüşür, əsgər həyatı ilə tanış olur, sıra təlimini öyrənir, ilkin hərbi vərdişlərə yiyələnir və hərbi hissələrə səfərlər edirlər. 

Yeni tədris ilinə yeniliklərlə... 

Ötən il Təhsil Nazirliyi direktorlar və direktor olmaq istəyən şəxslər üçün təlim elan etmişdir. Təlimə qəbul müsabiqə ilə həyata keçirilmişdir. Müsabiqənin birinci mərhələsində sənədlər qəbul edilmiş, müsabiqənin II mərhələsində isə pedaqoji kadrların məntiqi düşüncə və müəyyən mövzular üzrə esse yazma bacarıqları qiymətləndirilmişdir. Bu mərhələni keçən şəxslər arasında müsahibə təşkil edilmiş və seçilmiş namizədlər 4 aylıq təlimdən keçmişlər. Təlimdən sonra imtahan vermiş və yüksək bal toplamış namizədlər Təhsil Nazirliyində müsahibə prosesindən keçmişlər. Yalnız uğur qazanmış namizədlərdən 15 nəfər direktor və digərləri direktor müavini kimi təyinat almışdır.

Şəffaflıq məsələsinə xüsusi diqqət yetirən BŞTİ tərəfindən Bakı şəhəri ərazisində müəllimlərin yerdəyişməsi prosesində ilk dəfə olaraq imtahan keçirilmiş və müəllimlər topladıqları ballara uyğun olaraq yerləşdirilmişlər.

Daha bir yenilik ümumtəhsil məktəblərində təlim - tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) və laborant vəzifələrinə işə qəbul olunmaq üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müsabiqə keçirilməsidir. Belə ki, müsabiqə 3 mərhələdən ibarət olacaq. I mərhələdə müsabiqədə iştirak etmək istəyən namizədlər 17-24 noyabr 2014-cü il tarixlərində bakuedu.az saytında qeydiyyatdan keçə bilərlər.

Elektron ərizələrin qəbulu başa çatdıqdan sonra II mərhələdə müsabiqədə iştirak etmək istəyən namizədlər üçün imtahan təşkil olunacaq, imtahandan uğurla keçən namizədlər isə III mərhələdə komissiya tərəfindən təşkil olunmuş müsahibədə iştirak edəcəkdir.

Müsahibədən müvəffəqiyyət qazanmış namizədlər vakant vəzifələrə yerləşdiriləcək və vakant yerlər olmadığı təqdirdə namizədlərin sənədləri BŞTİ-nin kadrlar bazasında toplanılacaqdır. Yeni vakansiyalar yarandığı halda bu namizədlərin işlə təmin olunması nəzərdə tutulmuşdur.

Təhsil ictimaiyyətinin rəyini nəzərə almaq, təhsilverənlərin və təhsilalanların problemlərini təcrübəli insanlar tərəfindən qiymətləndirmək və mövcud məsələlərin həllində şəffaflığı təmin etmək məqsədilə BŞTİ-nin nəzdində "Ağsaqqallar Şurası" yaradılmışdır. Şuranın mütəmadi iclaslarının keçirilməsi nəzərdə tutulmuşdur.

Məktəblərlə BŞTİ arasında məlumat mübadiləsini asanlaşdırmaq məqsədi ilə bütün məktəblərə xüsusi korporativ elektron poçt ünvanları açılmışdır. İdarə və təhsil müəssisələri arasında yazışmalar elektron poçt vasitəsilə aparılır.

İctimaiyyətin məktəblərin fəaliyyətini daha yaxından izləməsi məqsədi ilə ümumtəhsil məktəblərinin saytlarının yaradılması istiqamətində işlər görülür və ilin sonundan bu saytların istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

Növbəti ilin fevral ayından etibarən şagirdlərin məktəblərə qəbulu elektron qaydada (məktəb seçimi elektron qaydada valideyn tərəfindən, müəllim seçimi isə xüsusi proqram tərəfindən həyata keçirilməklə) aparılacaqdır. Beləliklə, valideynlərin məktəb seçimi və qeydiyyatı prosesi asanlaşdırılacaq və yarana biləcək mənfi halların qarşısı alınacaqdır.

Bakı şəhərində yerləşən ümumtəhsil müəssisələrinin daxili təsərrüfat ehtiyaclarının ödənilməsində yaranan çətinliklərin aradan qaldırılması məqsədilə həmin müəssisələrin direktorlarına 2013-cü ilin dekabr ayından etibarən avans şəklində müvafiq aylıq vəsaitlərin (400-600 AZN) ödənilməsi prosesi həyata keçirilmişdir.

Məktəblərdə fəaliyyət göstərən bufetlərin məktəblərlə müqavilələr bağlaması da yenilikdir. Belə ki, təhsil müəssisəsi ilə imzalanan müqaviləyə əsasən məktəbləri qida məhsulları ilə hüquqi və yaxud fiziki şəxslər təmin edir. Məktəblərlə əməkdaşlıq imkanını əldə etmək üçün operatorlar pul vəsaitlərini BŞTİ-nin bank hesabına, şagirdlərin sayına mütənasib olaraq köçürür və bu vəsaitlər məktəbin maliyyə ehtiyaclarının təmin edilməsinə sərf edilir. 

Sağlam təhsil - sağlam millət 

Pilot məktəblərdə xüsusi siniflər üçün partalar quraşdırılmışdır. 10000 şagirdin müayinədən keçirilməsi nəzərdə tutulmuşdur (artıq 2500 şagird ixtisaslaşmış şəxslər tərfindən müayinədən keçib).

100-ə yaxın məktəbin növbəti ildə layihəyə qoşulması üçün hazırlıq işlərinə başlanılmışdır. "Sağlam təhsil - sağlam millət" layihəsi üzrə 23, 83 nömrəli məktəblərin hərəsində 2 sinif, 214, 114, 26 və 31 (Sumqayıt) nömrəli məktəblərin hər birində isə 3 sinif açılmışdır. 

Beynəlxalq əlaqələr genişləndirilmişdir 

Beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi sahəsində də yeniliklər özünü göstərir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) nümayəndələri rəsmi səfər çərçivəsində Paris Sorbonna Abu Dabi Universitetində (PSAD) olmuşlar.

Tədbirdə BŞTİ-nin nümayəndələri Azərbaycan təhsil sisteminə dair təqdimatla çıxış etmişlər.

Səfər çərçivəsində ADEC (Abu Dhabi Education Council) nümayəndələri ilə müxtəlif mövzularda müzakirələr aparılmış və müəllim hazırlığı və məktəb idarəedicilərinin hazırlanmasında əməkdaşlıq məsələlərinə toxunulmuşdur.

Bununla yanaşı, Paris Sorbonna Abu Dabi Universiteti (PSAD) ilə əməkdaşlq çərçivəsində məktəb menecerlərinə intensiv idarəetmə təlimləri keçiriləcəkdir.  

Sınaq qiymətləndirilməsi keçirilmişdir 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumtəhsil müəssisələrində işləyən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə 10-13 iyun və 20 sentyabr 2014-cü il tarixlərində Bakı şəhərinin dövlət ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi keçirilmişdir.

10-13 iyun 2014-cü il tarixində keçirilən sınaq qiymətləndirilməyə 30072 nəfər müəllim cəlb edilmişdir. Onların 96 faizindən çoxu bu qiymətləndirmədə iştirak etmişdir. Qiymətləndirmə 3 blokda (fənn, metodika, kommunikativ) aparılmışdır. Sınaq qiymətləndirilməsində iştirak edən müəllimlərin 14,4 faizi zəif, 85,6 faizi isə qənaətbəxş nəticə göstərmişdir. Bunlardan 18,2 faizi yüksək nəticə göstərmiş müəllimlərdir.

20 sentyabr 2014-cü ildə keçirilən sınaq qiymətləndirilməsində isə ümumilikdə Bakı üzrə 1493 nəfəri Azərbaycan, 260 nəfəri rus bölməsi olmaqla, 1753 müəllim iştirak etmişdir.

Müxtəlif üzrlü səbəbərdən qiymətləndirmədə iştirak etməyən müəllimlər istisna olmaqla, 99,9 % müəllim sınaq qiymətləndirilməsində iştirak etmişdir.

Sınaq qiymətləndirilməsinin nəticələrinə əsasən, pilot layihə olaraq xüsusi elektron qaydada dərs bölgüsü aparan proqram hazırlanaraq 20 məktəbdə sınaqdan keçirilmişdir. Bununla yanaşı, sınaq qiymətləndirilməsinin nəticələri bütün ümumtəhsil məktəblərinə göndərilmiş və dərs bölgüsü zamanı nəticələr nəzərə alınmışdır. 

Qapılar ictimaiyyətin üzünə açıqdır... 

Təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı şikayətlərin yaranmaması üçün onların işinə nəzarəti gücləndirmək, pedaqoji və texniki işçilərin müraciətlərinin yerində həll edilməsi, vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyətini artırmaq, valideynləri narahat edən məsələləri diqqətlə öyrənmək məqsədilə 2014-2015-ci tədris ilindən hər həftə Bakı şəhərinin rayonları üzrə ayrı-ayrı məktəblərdə müəllim və valideynlərin səyyar qəbulunun keçirilməsinə başlanılmışdır.

Məktəblərdə səyyar qəbullar keçirilərək müəllim və valideynləri narahat edən məsələlər BŞTİ-nin rəhbər şəxsləri tərəfindən diqqətlə öyrənilir, problemli məsələlər həll edilir, lazımi təşkilati və maarifləndirmə tədbirləri görülür. Görüşlərin yeri və vaxtı barədə öncədən məlumat idarənin saytında və sosial şəbəkə ünvanında verilir. Artıq Bakı şəhərinin 7 rayonu (Qaradağ, Nəsimi, Pirallahı, Sabunçu, Xətai, Xəzər, Nizami) üzrə səyyar qəbul keçirilmişdir. BŞTİ-nin rəhbər şəxslərinin də iştirak etdiyi səyyar qəbullara 252 vətəndaş müraciət etmişdir.

Bundan başqa, təhsil nazirinin müvafiq əmri ilə dəyişiklik edilmiş "Vətəndaşların qəbulu qaydaları"na uyğun olaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində 5855 vətəndaşın ərizə və müraciətinə baxılmışdır.

Eyni zamanda, yeni tədris ilindən BŞTİ-nin qəbul otağı fəaliyyətə başlamış və hər gün əlaqədar struktur rəhbərləri tərəfindən vətəndaşların qəbulu aparılır. Bu günədək 4358 vətəndaş müraciət əsasında qəbul edilmişdir. Ümumi götürdükdə isə bir iş günü ərzində BŞTİ-nin qəbul otağına 50-120 nəfər vətəndaş müraciət edir. 

Məktəbəqədər hazırlıq qrupları açılmışdır

 Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmrinə əsasən, bir sıra məktəblərdə məktəbəqədər hazırlıq qrupları açılmışdır.

Oktyabrın 15-dən mayın 25-dək davam edəcək, həftədə 4 gün fəaliyyət göstərəcək hazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması, müəyyən bilikləri əldə etməsidir.

Təhsilə atılan ilk addım kimi mühüm xarakter daşıyan məktəbəqədər hazırlıq qruplarında təcrübəli, bacarıqlı, intellektual, müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsində yüksək nəticə göstərmiş ibtidai sinif müəllimlərinə üstünlük verilmişdir.

2015-ci il dekabr ayının 31-dək 6 yaşı tamam olan uşaqların təhsil ala biləcəyi məktəbəqədər hazırlıq qrupları ödənişli əsaslarla aparılır. Sonda hazırlıq qrupunu bitirən uşağa rəsmi sənəd - arayış veriləcəkdir.

Müəyyən səbəblərdən hazırlıq qrupuna vaxtında başlaya bilməyən uşaqlar üçün valideynlərin müraciətlərinə əsasən, dərs ilinin ikinci yarısından etibarən əlavə qruplar təşkil oluna bilər. Qruplar təşkil olunduğu halda, yanvar ayının 10-dan başlayaraq iyun ayının sonunadək davam edəcəkdir.

Qeyd edək ki, hazırlıq qrupları 89 məktəbdə fəaliyyət göstərir. 74 məktəbdə 139 qrup üzrə 1925 uşağın hazırlığı ilə 139 müəllim məşğul olur. Qalan 15 məktəbdə isə hazırlıq prosesi özəl quruma həvalə edilmişdir. 

Məktəbdənkənar fəaliyyət genişlənir 

2013-2014-cü tədris ilində uşaq, yeniyetmə və gənclərin dərnək, klub və studiyalara cəlbi, ümumtəhsil məktəblərində, məktəbdənkənar təhsil müəssisələrində və idman məktəblərində dərnək üzvləri və gənc idmançılar arasında tərbiyə işinin - sağlam həyat tərzi, mənəvi və fiziki tərbiyə, vətənpərvərlik və qəhrəmanlıq ruhunda, milli ruhda - dövlət atributlarına, adət-ənənələrə hörmət ruhunda tərbiyə işinin təkmilləşdirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi, metodiki işin müasir tələblər səviyyəsində qurulması istiqamətində bir sıra mühüm işlər görülmüşdür.

Tədris ili ərzində məktəbdənkənar təhsil müəssisələrində və idman məktəblərində Azərbaycan Respublikasında Futbolun inkişafına dair (2005-2015), Şahmatın inkişaf etdirilməsi haqqında (2008-2014), Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizəyə dair (2013-2018) dövlət proqramlarından irəli gələn vəzifələrin, "Hər kəsə bərabər imkanlar yaradaq", "Uşaqlar və yol təhlükəsizliyi" layihələrinin həyata keçirilməsinə nail olunmuşdur.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar məktəblilər arasında inşa və şahmat müsabiqəsi, idmanın 8 növü üzrə məktəblilərin XXVI Spartakiadası, "Cırtdan" uşaq idman şənliyi, Azərbaycan Tennis Akademiyasında "Tütünsüz həyat" aksiyası, Muğam teatrında F.Köçərli adına Respublika Uşaq Kitabxanası ilə birgə "Dünyanın Mədəniyyət Rəngləri" mövzusunda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Uşaq Yaradıcılıq Mərkəzləri arasında müsabiqə, 164 nömrəli tam orta məktəbdə "Ekoerudit" məktəblilərin ekoloji breyn-rinq yarışının Bakı zona mərhələsi, Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzində "Meşələri qoruyun!" devizi altında gənc məşqçilərin III Respublika müsabiqəsi, 152 nömrəli tam orta məktəbdə "Azərbaycan Respublikası İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı"nın təsdiq edilməsinin 10 illiyi ilə əlaqədar elan edilmiş "İnsan alverinə qarşı mübarizə aylığı" çərçivəsində məktəblilər arasında "İnsan alveri və məcburi əmək" mövzusunda rəsm müsabiqəsi, Bakı şəhəri 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin bazasında Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə məktəblilər arasında "Diqqət, uşaqlar" yol təhlükəsizliyi həftəliyinin yekunu, məktəbdənkənar təhsil müəssisələrinin komandaları arasında "100 sual-100 cavab" intellekt yarışı, Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr olunmuş bayram tədbiri, "Fövqəladə hallar uşaqların gözü ilə" respublika uşaq yaradıcılıq müsabiqəsinin Bakı şəhər mərhələsində istedadlı uşaqlar üzə çıxarılmış, "İstedad bankı"nın sıraları zənginləşdirilmişdir.

Tədris ilinin ikinci yarımilində Təhsil Nazirliyinin həyata keçirdiyi "Hər kəsə bərabər imkanlar yaradaq" layihəsində könüllülük əsasında məktəbdənkənar təhsil müəssisələrinin və idman məktəblərinin dərnək rəhbərləri, məşqçi-müəllimlər həvəslə iştirak etmişlər. Layihə çərçivəsində Bakının 14 internat məktəbində 1590 uşaq əhatə olunmaqla "Şahmat", "Bədii yaradıcılıq", "Tarix", "Yol hərəkəti qaydaları", "İbtidai texniki modelləşmə", "Gənc dizayner", "Uşaq xalq rəqsləri", "Bacarıqlı əllər" və "Dram" dərnəkləri üzrə hazırlıq məşğələləri, "Ekopark"a ekskursiyalar təşkil edilmişdir.

Tədris ili ərzində müxtəlif idman növləri üzrə respublikadaxili və xarici ölkələrdə keçirilən yarışlarda gənc idmançıların iştirakı təmin edilmişdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən idman məktəblərinin yetirmələri 190 qızıl, 166 gümüş, 192 bürünc medala layiq görülmüşlər. 

Tədbirlərlə bol olan təhsil müəssisələrimiz 

Əlamətdar günlərin, tarixi hadisələrin, tanınmış insanların yubileylərinin təhsil müəssisələrində qeyd edilməsi də daim BŞTİ-nin diqqət mərkəzində olan məsələlərdəndir. Bu baxımdan ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrində il ərzində bir sıra tədbirlər təşkil olunur. 20 Yanvar, Xocalı faciəsi, 31 Mart soyqırımının ildönümləri, Respublika, Milli Qurtuluş, Müstəqillik, Dövlət Bayrağı, Konstitusiya, Milli Dirçəliş, Dünya Azərbaycanlılarının Həmrəyliyi günləri, habelə beynəlxalq xarakter daşıyan ana dili, mülki müdafiə, ailə, uşaqların müdafiəsi, ümumdünya ətraf mühit, Yer günü və s. günlər, tanınmış elm, mədəniyyət xadimlərinin doğum günləri geniş tədbirlərlə qeyd edilir. Şagirdlərin ziyalılar ilə mütəmadi görüşləri, tarixi məkanlara ekskursiyaları təşkil olunur. 

Bütün bunlar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2013-2014-cü tədris ilində qazandığı uğurların kiçik bir hissəsidir. Uğurlarımızın sonsuz olması arzusu ilə...  

www.edu.gov.az

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov