Təhsil
Problemləri İnstitutunun bu günlərdə hazırladığı "Müasir
təhsilin aktual sosial-psixoloji problemləri" adlı
monoqrafiyası oxucuların ixtiyarına verilib.
Respublikamızda baş verən dəyişikliklər, qloballaşma,
inkişaf etmiş dünya dövlətlərinə inteqrasiya, cəmiyyətin
həyatının humanistləşdirilmə və demokratikləşdirilməsi,
azad bazar iqtisadiyyatının tələblərindən irəli gələn
yeni düşüncəli, rəqabətəqabil, çevik təfəkkürə malik,
risk etməyi bacaran şəxsiyyətlərin formalaşdırılmasını
tələb edir. Eyni zamanda "milli-mənəvi və ümumbəşəri
dəyərləri qoruyan və inkişaf etdirən" kadrların
hazırlanması təhsil sisteminin qarşısında duran mühüm
vəzifələrdəndir.
Qloballaşma, Qərbə inteqrasiya kursu nə qədər
zəruridirsə, ondan qaçmaq, təcrid olunmaq nə qədər
qorxuludursa, milli mənliyini, mədəniyyətini unutmaq da
o qədər təhlükəlidir. Kitabda qloballaşmanın
gətirdiyi pozitiv və neqativ təsirlər, onun
sosial-siyasi mahiyyəti, gənclərin sosial mühitdə
adaptasiyası və s. problemlərdən bəhs olunur.
Kitabda həmçinin koqnitiv fəaliyyət problemləri öz
əksini tapmışdır. Azərbaycan təhsil sistemində yeni
təfəkkür tərzinin daşıyıcıları olan şəxsiyyətlərin
formalaşdırılması, təhsilin şəxsiyyətyönümlü olması
prioritet məsələ kimi götürülür. Başlıca məsələlərdən
biri də "hafizə məktəbindən" "təfəkkür məktəbinə"
keçidlə bağlıdır. Kitabda bu yöndə araşdırmaların
nəzəri və praktik məsələlərinə geniş yer verilir.
Kitabın digər bir istiqaməti konkret təlim-tərbiyə
məsələləri ilə bağlıdır. Burada şəxsiyyətin
formalaşmasında qarşılıqlı münasibətlərin rolu, ailədə
məktəbəqədər yaşlı uşaqlarda gigiyenik vərdişlərin
yaranması, ailədaxili münasibətlərin psixi inkişafa
təsiri məsələləri də öz əksini tapmışdır. Kiçik
məktəb yaş dövrü sosiallaşma, təlim müvəffəqiyyəti və
şəxsiyyətin formalaşması baxımından mühüm mərhələdir.
Kitabda I sinif şagirdlərinin kollektivə adaptasiyası,
təhsilin humanistləşdirilməsi, ünsiyyət problemləri
geniş şəkildə təqdim olunur.
Kitab praktik psixoloqlar, tələbələr, təhsil işçiləri,
eləcə də psixologiya ilə maraqlanan ayrı-ayrı şəxslər
üçün nəzərdə tutulmuşdur.
Almaz HƏSRƏT,
TPİ-nin Beynəlxalq əməkdaşlıq və informasiya şöbəsinin
müdiri |