Azərbaycanın
ayrılmaz tərkib hissəsi olan qədim Naxçıvan diyarı
haqqında son illərdə xeyli sayda fundamental kitablar,
xüsusilə 1 cildlik və 2 cildlik "Naxçıvan
ensiklopediyası"nın, 3 cildlik "Naxçıvan tarixi"nin ilk
cildinin və digər bir çox kitabların çap olunması qədim
diyarın tarixinin, mədəniyyətinin və iqtisadiyyatının
kompleks şəkildə dərindən öyrənilməsi baxımından çox
mühüm əhəmiyyətə malikdir.
Ancaq Naxçıvan tarixinin tədrisi baxımından orta
məktəbin müxtəlif siniflərində "Vətən tarixi"
dərsliyindəki və digər oxu dərsliklərindəki kiçik tarixi
materiallar və bəzi ali məktəblərdə Naxçıvan tarixinə
dair xüsusi kurslar nəzərə alınmazsa, bu sahədə bir
boşluq hiss olunurdu.
AMEA-nın müxbir üzvü, Naxçıvan Dövlət Universitetinin
Azərbaycan tarixi kafedrasının müdiri, Azərbaycan
Respublikasının əməkdar müəllimi Zəhmət Şahverdiyevin bu
yaxınlarda Bakıda "Mütərcim" nəşriyyatında çap
etdirdiyi "Naxçıvan tarixi. XIX əsr və XX əsrin
əvvəlləri" adlı dərslik (redaktor professor M.Əmrahov,
rəyçilər dosentlər E.Zamanov və A.Hüseynov) bu sahədə
atılmış ilk addım kimi çox uğurlu və təqdirəlayiqdir.
204 səhifədən ibarət olan, əlavə olaraq 1727-ci ildən
müasir dövrə qədər Naxçıvanla bağlı xeyli sayda
xəritələrin, qiymətli tarixi sənədlərin də yer aldığı bu
dərslik əsasən ali məktəblərin bakalavr pilləsi üçün
nəzərdə tutulmuşdur. Bu qiymətli tarixi mənbədən eyni
zamanda magistrlərin, orta ixtisas məktəbi
tələbələrinin, ümumtəhsil məktəbləri müəllimlərinin və
Naxçıvan tarixi ilə maraqlanan geniş oxucu kütləsinin də
faydalana biləcəyi qeyd olunmuşdur.
Dərslikdə qədim Naxçıvan bölgəsinin XIX əsr və XX əsrin
əvvəlləri tarixi- Naxçıvan xanlığının Rusiya imperiyası
tərəfindən işğalı, bölgənin inzibati ərazi quruluşunda
dəyişikliklər və idarəçilik sistemi, sosial-iqtisadi və
mədəni həyatı, ermənilərin Naxçıvana köçürülməsi və
onların azərbaycanlılara qarşı soyqırımı siyasəti çox
dəqiq və qiymətli sənədlər əsasında geniş şəkildə şərh
olunmuşdur.
Giriş, 5 fəsil və əlavələrdən ibarət olan dərsliyin ilk
fəsli "Naxçıvan xanlığının Rusiya imperiyası tərəfindən
işğalı. İnzibati-ərazi quruluşunda dəyişikliklər və
idarəçilik" adlanır. Bu fəsildə Naxçıvan xanlığının
işğalı və Türkmənçay müqaviləsinin mahiyyəti tam
dolğunluğu ilə təhlil olunmaqla yanaşı, həmin mərhələ
bir neçə dövrə bölünərək xronoloji ardıcıllıqla şərh
olunur.
Dərsliyin bu fəslinin işlənməsində müəllif indiyə qədər
Azərbaycan tarixşünaslığında istinad olunmamış xeyli
mənbələrdən istifadə etmiş və maraqlı sənədlər ortaya
çıxarmışdır.
Dərsliyin "Naxçıvan bölgəsinin iqtisadi vəziyyəti" və
"Naxçıvan bölgəsinin sosial həyatı. Demoqrafik vəziyyət"
adlanan ikinci və üçüncü fəsillərində kənd təsərrüfatı
və aqrar münasibətlər (taxılçılıq, maldarlıq, bağçılıq,
üzümçülük, ipəkçilik, toxuculuq), sənətkarlıq və sənaye
sahələrinə aid göstəricilər, nəqliyyat və ticarət
məsələləri dəqiq statistik rəqəmlər əsasında
göstərilmiş, eyni zamanda indiyə qədər tədqiqatdan
kənarda qalmış bir çox sahələr dərslikdə geniş şəkildə
əksini tapmışdır. Üçüncü fəsildə mətndən əlavə xeyli
sayda cədvəl və diaqramlar verilmişdir ki, həmin
cədvəllərdə də müxtəlif tarixi mənbələrə istinadən,
dərsliyin əhatə etdiyi dövrlərdə İrəvan və Naxçıvan
əyalətlərinin, Ordubad dairəsinin inzibati-ərazi bölgüsü
və əhalisi haqqında statistik məlumatlar öz əksini
tapıb. Eyni zamanda Naxçıvan, Ordubad və Dərələyəz
mahalları əhalisinin 1829 və 1873-cü illər üzrə say
dinamikası, həmçinin 1829 və 1917-ci illər üzrə Naxçıvan
bölgəsinin, Naxçıvan və Ordubad şəhərləri əhalisinin say
dinamikası dəqiq faktlar əsasında müqayisəli şəkildə
təhlil edilir. Dərsliyin həmin fəslində Naxçıvan
xanlığının son dövrlərində sosial-iqtisadi və milli
ədalətsizliklərə qarşı baş qaldıran xalq narazılığı,
qaçaq hərəkatı da yeni faktlarla, maraqlı şəkildə əks
olunmuşdur. Xüsusilə, görkəmli xalq qəhrəmanı Qaçaq
Nəbinin 1894-1895-ci illərdə Naxçıvana gəlişi,
Naxçıvanla əlaqələri diqqət çəkən cəhətlərdir.
Tarixdən məlumdur ki, çarizmin mürtəce siyasəti ilə
Azərbaycanın digər bölgələri kimi, Naxçıvana da
ermənilər köçürülmüş və Naxçıvanın bir çox bölgələrində
məskunlaşaraq bir neçə onilliklər boyu yaşamış və sonda
da onlar azərbaycanlılara qarşı törədilən soyqırımının
icraçılarına çevrilmişlər. Bu məsələlər dərsliyin
dördüncü fəslində geniş şəkildə öz əksini tapmışdır.
Dərsliyin son fəsli isə XIX əsr və XX əsrin əvvəlləri
Naxçıvan bölgəsinin mədəni həyatını əks etdirir.
Dərsliyin dəyərini artıran, çox mühüm tədris vəsaiti
kimi ona ehtiyacı zəruri edən əsas cəhətlərdən biri də
onun "Əlavələr" bölməsində 1804-1917-ci illər ərzində
Naxçıvanda baş verən, eyni zamanda Naxçıvanla bağlı bir
çox mühüm ictimai-siyasi hadisələrin xronoloji
ardıcıllıqla verilməsidir. Müstəqil Azərbaycan
dövlətinin tarixşünaslığımız qarşısında qoyduğu
vəzifələr baxımından icra edilən dərsliyə magistr
hazırlığı üçün "Naxçıvan bölgəsi XIX-XX əsrin
əvvəllərində" adlı seçmə fənn proqramının da
salındığını nəzərə alsaq, deyə bilərik ki, müəllif ali
məktəblərimizin bakalavriat və magistratura pilləsində
təhsil alan tələbələrə çox gərəkli bir dərslik təqdim
edə bilmişdir.
Vaqif MƏMMƏDOV,
tarix üzrə fəlsəfə doktoru, dosent |