Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Noyabr 2014 - №44

 

Unudulmaz müəllim

 

Kəngərli Muxtar İsgəndər oğlunun əziz xatirəsinə həsr olunur 

"Mən dünyada müəllimlikdən yüksək ad tanımıram"

Heydər ƏLİYEV,
Azərbaycan xalqının ümummilli lideri
 

Kimdir Kəngərli Muxtar?!.. Muxtar müəllim 30 il Naxçıvan internat-məktəb kompleksinin direktoru olmuş görkəmli ziyalı, müəllim, tərbiyəçi-pedaqoq, təşkilatçı və ən əsası şəxsiyyət idi.  Bu adın qarşısında olan "Kəngərli" soyu, tayfası haqqında düşünərkən yadımıza yaxın-uzaq keçmişimizdə qürur duyduğumuz adlı-sanlı ziyalılar, elm və mədəniyyət xadimləri, sərkərdələr, cəngavər döyüşçülər, kimsəsizlərə əl tutan xeyriyyəçilər düşür. Kəngərlilər Azərbaycan xalqının formalaşmasında və soykökündə iştirak edən tayfalardan biridir. Onlar əsasən Naxçıvan bölgəsində yaşasalar da Urmiya ətrafı, Qərbi Azərbaycan, Borçalı və Göyçə gölü hövzəsində də məskun idilər. Cəsarətlə demək olar ki, Naxçıvan ərazisi kəngərlilərin ilkin yurd yeri, vətənidir. 

Muxtar Kəngərli bu soyun nümayəndələrindən biridir. Nəsil şəcərəsinə nəzər yetirəndə məlum olur ki, onun ulu babası XVI əsrdə yaşamış vəkil (sultan) qolunun başçısı Kərim Sultan-Bilici Kəngərli olub. O nəsil sonradan Naxçıvan xanlığının yaradıcılarından olub. Muxtar Kəngərli də bu nəsildən gələn soykökü üzərində Əlimərdan ağa və Novruz ağanın nəticələrindəndir.

Muxtar müəllim 1931-ci ildə, çox əzablı və ağrılı bir dövrdə Naxçıvanda dünyaya göz açıb. Bir tərəfdən aclıq, digər tərəfdən təqiblər, başqa bir tərəfdən sovet hökuməti tərəfindən unudulmuş diyar... Həmin dövrdə hökumət yoxsulluq içində boğulan Naxçıvan əyalətində bunun səbəblərini "xan-bəy ünsürləri"nin olmasında axtarır və naxçıvanskilərə-kəngərlilərə qarşı repressiyaları davam etdirirdi.

Bu soyun nümayəndələri dəfələrlə təqiblərə məruz qaldıqları üçün başqa soyadlar daşımağa məcbur olmuşlar. 1828-ci ildə Şimali Azərbaycan Rusiya tərəfindən işğal olunduqdan sonra yüksək silkə malik olanların bir çoxu "Naxçıvanski", 1930-cu illərin repressiyalarından yaxa qurtarmaq üçün "Qədimov", "Vəkilov" və s. bu kimi soyadlar daşımışlar. Muxtar müəllimin ailəsi isə, təqiblərə baxmayaraq, öz soyadını dəyişməmişdir.

1960-cı ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunu bitirən Muxtar Kəngərli təyinatla keçmiş Naxçıvan rayonunun Təzəkənd məktəbinə rus dili müəllimi göndərilir. 1961-ci ildə  Naxçıvan MSSR  Maarif  Nazirliyinin müvafiq qərarı ilə Naxçıvan şəhərində Əkbər Ağayev adına internat-məktəb fəaliyyətə başlayır. Elə həmin il internat-məktəbin ilk direktoru olmuş İsa Məmmədovun çağırışı ilə Muxtar Kəngərli bu təhsil müəssisəsinə gəlir və pedaqoji kollektivin üzvü olur. İnternat-məktəbdə 1961-1971-ci illərdə İsa Məmmədov (5 il), Bayram Məmmədov (3 il) və Həmzə Əhmədov (2 il) direktor vəzifəsində çalışmışlar.

Muxtar müəllim bu məktəbdə əvvəllər rus dili müəllimi və tərbiyəçi, sonra baş tərbiyəçi, 1972-2001-ci illərdə isə direktor vəzifəsində çalışmışdır. Onun işlədiyi dövrdə məktəb həmişə Naxçıvan şəhərinin qabaqcıl təhsil ocaqlarından olmuş, 1985-ci ildə Azərbaycan Respublikasında fəaliyyət göstərən 64 internat-məktəbi arasında keçirilən baxış-müsabiqədə 1-ci yerə layiq görülmüşdür.

Muxtar Kəngərlinin rəhbərlik etdiyi dövrdə məktəbin təhsil və təsərrüfat bazası genişləndirilərək günün tələbləri səviyyəsinə çatdırılmışdır. O zaman internat-məktəbin şəhər ətrafında yerləşən 3 hektar əkin sahəsində şagirdlər müxtəlif tərəvəz məhsulları yetişdirirdilər. Həmin tərəvəz məhsulları tamamilə şagirdlərin ehtiyacını təmin edirdi. Məhsul artıq olanda şəhərdə yerləşən uşaq bağçalarına verilirdi. Deməli, internat-məktəbdə şagirdlər həm təhsil alır, həm də əməyə, zəhmətə alışırdılar.

Hər gün internat-məktəbin yeməkxanasında və yataqxanasında müəllimlər və şagirdlər növbətçilik edirdilər. Yataq otaqlarının təmizliyinə xüsusi nəzarət olunur və qiymətləndirilirdi. Verilən qiymətlər xüsusi cədvəldə qeyd edilərək divardan asılırdı. Bu isə şagirdlərin intizamında, kollektiv tərbiyəsində önəmli rol oynayırdi. Burada radio qovşağı fəaliyyət göstərirdi. Radio vasitəsilə hər gün dərsdən "əla" və "qeyri-kafi" qiymət alan şagirdlərin adları oxunur və məktəbin kollektivinə çatdırılırdı. Bu da şagirdlərin dərslərə marağını artırır, onlarda təhsilə, elmə, Vətənə, xalqa məhəbbət aşılayırdı.

İnternat-məktəbdə təhsilin və nizam-intizamın gücləndirilməsi üçün satirik "Sancaq" və "İrəli" divar qəzetləri, "Kim irəlidə gedir" adlı lövhə fəaliyyət göstərirdi. Həftədə bir dəfə bu qəzetlərdə intizamı pozan, dərsə gecikən, şagird yoldaşlarına qarşı kobudluq edənlərin karikaturası verilir, tənqid edilir və eyni zamanda irəlidə gedənlər, təhsili və əxlaqi davranışlari ilə fərqlənənlər nümunə göstərilirdi. Belə ictimai işlərdə şagirdlər yaxından iştirak edirdilər. Onların hərtərəfli inkişafına kömək edən müxtəlif dərnəklər fəaliyyət göstərirdi:- Bunlardan özfəaliyyət, musiqi, dram dərnəkləri, orkestr, müxtəlifyönlü əmək dərnəkləri (dülgərlik, çilingərlik, foto, dərzilik), ədəbiyyat, fizika, riyaziyyat, kimya,  rəsm  dərnəkləri və digərlərini göstərmək olar. Məktəbdə müxtəlif fənn kabinetləri, laboratoriyalar dərslərin əyani keçilməsinə xidmət edirdi. Bir qayda olaraq fizika və riyaziyyat dərsləri əyani keçirilirdi.

Məktəbin təhsil və təlim qrafiki təxminən bu cür idi (1-5-ci günlər):

-İdmana və şagirdlərin fiziki hazırlığına xüsusı diqqət yetirilirdi. Hər gün səhər saat 7-də şagirdlər məktəbin mərkəzi meydanına toplaşar və günə idmanla başlayardılar.

-Günorta yeməyindən 0,5-1 saat sonra ayrı-ayrı siniflərdə növbəti günə verilmış  dərslərin hazırlığı başlayar və bu, saat 4-5-ə kimi davam edərdi.

-Ondan sonra kimisi asudə vaxtını müxtəlif özfəaliyyət və əmək dərnəklərində, kimisi kitabxanada, kimisi idman dərnəklərində davam etdirərdi.

-Axşam yeməyindən sonra saat 10-da yatmaq vaxtının dəqiq icrasına tərbiyəçi müəllimlər nəzarət edərdilər. Onlar bəzi şagirdlərin həmin vaxt dərs oxumalarına və ya mütaliə etmələrinə mane olmazdılar.

İnternat-məktəbin fəaliyyət göstərdiyi 40 il ərzində (1961-2001-ci illər) bu təhsil ocağını 919 şagird bitirmişdir ki, onlardan 13 nəfəri qızıl, 2 nəfəri qızıl medalı əvəz edən fərqlənmə attestatı, 14 nəfəri gümüş medal almış, 69 nəfər tərifnaməyə layiq görülmüşdür (bəzən bu, qızıl və gümüş medalların yerinə verilirdi).  Bu, internat-məktəbi bitirən 98 nəfərin 10,6%-ni təşkil edir.

Məktəbin müəllim kollektivinin bir çox üzvünün xidmətləri ölkə başçısı, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən qiymətləndirilərək "Əməkdar müəllim" fəxri adına, "Qabaqcıl maarif  xadimi" döş nişanına layiq görülmüş, Təhsil Nazirliyinin fəxri fərmanları ilə təltif edilmişlər.

Bu gün Muxtar müəllim sıralarımızda yoxdur. Lakin onun bütün əməlləri, xoş gülüşü, təbəssümü heç zaman yadımızdan çıxmaz. Allah sənə rəhmət eləsin, ustad!..

Epiloq əvəzi: - "Mən babam Muxtar Kəngərli ilə və daşıdığım bu soyad ilə fəxr edirəm. Çalışacağam ki, babalarımın keçdiyi şərəfli yolu davam etdirəm və Vətən üçün layiqli övlad olam". Bu sözləri Muxtar müəllimin ocağını bu gün alovlandıran 11 yaşlı Muxtar Kəngərli deyir. Bəli, nəsillər bir-birini əvəz edir. Böyük Yaradana şükürlər olsun ki, Muxtar Kəngərli ocağında bu gün balaca Muxtar yanan o ocağın odunu həmişə qorumağa hazırdır.  

Abbas SEYİDOV,
tarix elmləri doktoru, professor

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov