Könül NƏHMƏTOVA
konul.nehmetova@mail.ru
Bəzən böyük auditoriyaya daxil olursan, paylaşmağa bir
təəsürat belə tapmadan çıxırsan. Kiçik bir auditoriyadan
elə təəssüratlarla ayrıldım ki, bilmirəm sözü haradan
başlayım. Bu, sadəcə, məktəbdə bir sinif otağı idi...
Noyabrın 11-də "Zəkalar" liseyində mərhum əməkdar
riyaziyyat müəllimi, həmçinin liseyin yaradıcısı Rafil
İmanovun 65 yaşı qeyd olundu. Bu yubiley tədbiri
təsadüfdənmi, ya zərurətdənmi mərhumun vəfatının qırx
gününün tamamına təsadüf etdi. Amma bu sadə cümlələr
Rafil İmanovun anım gününün doğurduğu təəssüratları
ifadə etmək gücündə deyil.
Auditoriyaya daxil olanda içəridəki adam sıxlığı ilə
yanaşı diqqətimi baş tərəfdə bir lövhə çəkdi. Üzərində
aforizmlər olduğunu gördüm. Bunların Rafil müəllimin
təlim və tərbiyə prinsipləri olduğunu anlamaq çətin
olmadı. Lövhənin baş tərəfində ulu öndər Heydər
Əliyevin fikri yer alırdı: "Mən dünyada müəllimlikdən
yüksək ad tanımıram". Bu fikir elə Rafil İmanovun da
müəllim qəlbindən xəbər verirdi. Daha aşağılarda isə
riyaziyyat müəlliminin fitrətini ifadə edən öz fikirləri
öyrətmək və öyrənmək prinsipləri olaraq şagirdlərinin
gözü önündən asılmışdı.
Tədbir şagirdlərin aparıcılığı və çıxışları ilə başladı.
Çıxış edən şagirdlər öz həyat yollarında Rafil İmanovun
timsalında müəllim zəhmətini yüksək dəyərləndirdilər:
Rafil müəllimin ən son sinif rəhbəri olduğu şagirdlər
onun xatirəsi önündə söz verdilər ki, bu il qəbul
imtahanında ən yaxşı nəticə göstərəcəklər.
Şagirdlərin ifasında Rafil müəllimin ən çox sevdiyi əsər
- Şəhriyarın "Heydərbabaya salam" əsərindən bir parça
kompozisiya şəklində təqdim edildi. Saz havası
dinlənildi. Yeddinci sinif şagirdi Rzazadə Əbülfəzin ifa
etdiyi Bəxtiyar Vahabzadənin "Tələbələrim" şeiri
auditoriyanı kövrəltdi. "Mən sizinlə həmyaşam, hamınıza
yoldaşam" sözlərini sanki Rafil müəllimin dilindən
dinləyirdik...
Tədbir iştirakçıları liseyin müəllim, şagird kollektivi
ilə yanaşı, illər öncəsi məzunlardan, valideynlərdən və
həmçinin mərhum müəllimin ailəsi və qohumlarından,
dostlarından ibarət idi. Müəllim yoldaşları Şamxal
Məmmədov, Malik Vəliyev göz yaşları içərisində öz ürək
sözlərini paylaşdılar. Ailə üzvlərindən həyat yoldaşı
Gülbəniz xanım, qardaşları Kamil İbrahimov, Kərəm
İbrahimov, qohumları, ötən illərin məzunları, ilk
şagirdlərindən biri olan Tamilla xanım çıxış edərək bu
itkinin ağırlığını dilə gətirdilər. Bütün çıxışlarda
müxtəlif epizodlar içərisində eyni fikirlər qırmızı
xətlə keçirdi: böyük insan, böyük pedaqoq, böyük
riyaziyyatçı və həmçinin böyük ailə başçısı... Həqiqətən
də, hər kəlmənin başına yalnız bu böyük sözü yaraşırdı.
Vətənpərvər Rafil İmanovun milli duyğuları beş övlad
tərbiyəsində də özünü göstərirdi. Övladlarına verdiyi
adlar da müəllimin milli ideallarının ifadəsidir.
Tədbirin sonunda "Zəkalar" liseyinin direktoru Aygün
Əhmədli təhsil ocağının fəaliyyətində Rafil İmanovun
zəhməti haqqında geniş bəhs etdikdən sonra liseyə
müəllimin adının verilməsi arzusunu dilə gətirdi. İndi
məktəbin bütün kollektivi məhz bu arzu ilə yaşayır ki,
"Zəkalar" liseyi yaxın zamanlarda Rafil İmanovun adını
daşısın.
Tədbirdən sonra iştirakçılar tərəfindən Rafil İmanovun
məzarı ziyarət olundu. |