Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Noyabr 2014 - №44

 

İlk uşaq bağçaları harada və necə yaranıb?

 

Böyük fransız yazıçısı və dramaturqu Viktor Hüqo deyir ki, məktəb açan şəxs həbsxanaları bağlayır. Əgər bir insan başqasına təhsil vermək üçün əlindən gələni əsirgəmirsə, o insanlığa ən böyük yaxşılığı edir.

Valideynlər uşaqlarını məktəbdən əvvəl uşaq bağçalarına etibar edirlər. Bu uşaqların inkişafı və məktəbə hazırlıq prosesinə yardım üçün ən yaxşı vasitələrdən bir hesab olunur. Hazırda dünyada dövlət və özəl olaraq fəaliyyət göstərən uşaq bağçaları var. Maraqlıdır ki, günü-gündən sayı artan uşaq bağçalarının təməli nə zaman və hansı ölkələrdə qoyulub? Kiçik yaşından uşaqların təlim-tərbiyəsinə diqqət ayıran pedaqoqlar kimlər olub?

Uşaqlar üçün ilk məktəbəqədər təhsil müəssisələrinin əsası XVIII əsrdə Fransa,  XIX əsrin əvvəllərində İngiltərə və İtaliyada qoyulub. Bu məktəblərdə də digər müəssisələrdə olduğu kimi uşaqlara dini təhsil, əlifba və gündəlik  ev işləri öyrədilir, oyuna çox az vaxt ayrılırdı.

İngiltərədə uşaqlar üçün məktəbəqədər müəssisə açmaq ideyasını ilk dəfə ictimai xadim Robert Oven 1816-cı ildə Şotlandiyanın Nyu-Lanarak şəhərində açdığı məktəblə həyata keçirib. O, bu məktəbdə uşaqlara maraqlı fəaliyyətlər göstərmək üçün şərait və sağlam mühit yaratmağa çalışıb.

Amma dilimizə uşaq bağçası kimi tərcümə olunan "kindergarten"in əsasını alman pedaqoqu və filosofu Fridrix Froybel (1782-1852) qoyub. Onun fikrincə, uşaqların tərbiyəsi açıq havada keçirilən təlimlər, oyun və musiqi ilə aparılmalıdır. Froybel yaratdığı məktəbin də uşaqların oyunlar vasitəsi ilə özlərini təkmilləşdirəcəyi və xarici dünyanı öyrəndiyi bir yer olacağını düşünüb. Həyatı İsveçrə və Almaniyada  keçən Froybel 1836-cı ildən fəaliyyətini məktəbəqədər təhsilə həsr edib. O, 1837-ci ildə kiçik yaşlı uşaqlar üçün Bad Blankenburqda oyun və fəaliyyət institutu açıb. Maraqlıdır ki,  1840-cı ildə oyun və fəaliyyət institutunun adını dəyişib və onu "kindergarten" sözü ilə əvəz edib.

Onun yaratdığı bağçada təlim özünün hazırladığı Froybel Gifts (Froybel hədiyyələri) oyun materiallarının əsasında aparılıb. Burada uşaqlar mahnı oxumaq, rəqs etmək, bağçılıq və özünü idarəetməni öyrəniblər.

Maraqlı məqam ondadır ki, Amerika Birləşmiş Ştatlarının ilk uşaq bağçası da alman üsulu ilə yaradılıb. Belə ki, bağçanı Fridrix Froybelin şagirdi Marqaret Skurz 1856-cı ildə Watertown şəhərində təsis edib. Bağçada təlim-tərbiyə də alman dilində aparılıb. Amma Skurzun uşaq bağçasından ilham alan Elizabet Piyabodi ABŞ-da ingilis dilində ilk uşaq bağçasını 1960-cı ildə Bostonda təsis edib.

İtaliyada ilk müasir məktəbəqədər təhsil müəssisəsinin əsasını "Montesorri metodu"nun yaradıcısı, İtaliyada həkim diplomunu alan ilk qadın və  pedaqoq Mariya Montesorri qoyub. Maraqlıdır ki, bu xanım Romanın San Lorenzo bölgəsində işləyən ailələrin uşaqlarına baxmaq üçün "Casa dei Bambi", yəni Uşaqlar evini yaradır. Bunun üçün dərs dediyi universitetdən və tibbi araşdırmalarından imtina edir.  

Hazırladı: Rüfanə GÜNƏŞ,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov