Niyazi RƏHİMOV,
niyazisherifsoy@mail.ru
Dünyanın
təhsil sahəsində uğur qazanmış bir çox qabaqcıl
ölkələrində ibtidai siniflərdə dərs deyən müəllimlərə
köməkçi müəllimlər təyin olunur. Həmin köməkçi
müəllimlər tədris prosesində, təşkilati işlərdə, zəif
qavrayan şagirdlərin yazı və digər bacarıqlarının
formalaşmasında həm əsas müəllimə kömək edir, həm də öz
sahələrində təcrübə qazanırlar. Bəzi ölkələrdə ali
məktəbi bitirərək müəllim olmaq istəyənlər könüllü
olaraq bu işə cəlb olunur, öyrənmək məqsədi ilə heç bir
məvacib almadan çalışırlar. Ötən il Almaniya və
Kanadanın ümumtəhsil məktəblərində çalışan azərbaycanlı
müəllimlər də qəzetimizə verdikləri müsahibələrdə bu
məsələ ilə bağlı maraqlı fikirlər bildirmişlər.
Həmyerlilərimizin dediyinə görə, bu ölkələrin orta
məktəblərində müəyyən olunmuş müddətdə müəllim köməkçisi
kimi çalışmadan birbaşa müəllim vəzifəsinə qəbul edilmək
mümkün deyil. Hətta bu ölkələrdə diplomlu mütəxəssisin
müəllim vəzifəsinə qəbulu zamanı köməkçisi kimi
çalışdığı müəllimin, həmin məktəbin direktorunun verdiyi
rəy əsas şərtlərdən biri kimi qəbul edilir. Əlbəttə,
bu qaydalar həm məktəblərdə çalışan müəllimlərin
statusunu artırır, həm də işini yüngülləşdirir.
Digər tərəfdən isə, müəllim diplomu almış gənc
mütəxəssislərin yalnız təcrübələrini artırdıqdan sonra
sinfə müstəqil daxil olmaq hüququ qazanması, onların
işə məsuliyyətinin daha da artmasına gətirib çıxarır.
Ancaq araşdırmalarımız göstərdi ki, bu məsələ bizdə hələ
də gündəmdə deyil. Hətta orta mətəblərimizdə şagirdlərin
sayının 25-30 nəfər olduğu ibtidai siniflərdə belə,
onların təlim-tərbiyəsi ilə yalnız bir müəllim məşğul
olur. Müəllim köməkçilərindən isə ölkəmizdə fəaliyyət
göstərən bir neçə özəl məktəb və liseylər istifadə edir.
Bu məsələ ilə bağlı paytaxtın bir sıra orta ümumtəhsil
məktəblərində olduq, ibtidai sinif müəllimləri ilə
söhbətləşdik. Onların fikirlərini nəzərinizə çatdırırıq.
Fərqanə Mirzəyeva,
55 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi
Düşünürəm ki, köməkçi müəllim 1-ci sinifdə mütləq
lazımdır. Lakin uşaqları formalaşdırdıqdan sonra, yəni
sonrakı illərdə buna ehtiyac görmürəm. Amma birinci
sinifdə bununla bağlı bir çox çətinliklərimiz olur.
Hətta mən eşitdiyimə görə bəzi müəllimlər bundan
istifadə edir. Onlar öz yaxınlarını bu işə cəlb etməklə
səmərəliliyi daha da artırırlar. Fikrimcə, birinci
sinifdə hər uşağa xüsusi yanaşmaq lazımdır. Çünki
onların bünövrələri məhz elə birinci sinifdə qoyulur.
Düzdür, biz bu istiqamətdə var gücümüzlə çalışırıq. Amma
yenə də köməkçi müəllim olarsa effektivlik daha da artar.
Hazırda 4-cü sinfə dərs deyirəm. Sinfimdə 28 uşaq təhsil
alır. Mən onların hər biri ilə ayrı-ayrılıqda məşğul
olmuşam. Elə uşaqlar olub ki, onlarla saatlarla fərdi
dərslər keçmişəm. Çünki həmin şagirdlərdə qavrama və
müxtəlif vərdişlərə yiyələnmək bacarıqları zəif idi.
Məsələnin digər tərəfi isə birinci sinfə gələn uşaqların
çoxunun məktəbə hazırlıq mərhələsindən keçməməsidir. Biz
onlarla hər şeyi sıfırdan başlayırıq. Bu da tədrisin
keyfiyyətinə müəyyən qədər mənfi təsir göstərir. Lakin
köməkçi müəllim olarsa, müəyyən qədər uşaqlara daha çox
vaxt ayıra bilərik. Həm əsas, həm də köməkçi müəllimin
səyi nəticəsində zəif uşaqlara daha çox vaxt ayıra
bilərik. Bundan başqa, həmin müəllimlər valideynlərlə
təmasda onlara uşaqların dərslərinin yerini söyləməkdə
də bizə yaxından kömək edə bilər. Bu işə, əsasən gənc
müəllimlərin cəlb olunmasının tərəfdarıyam. Onlar
köməkçi müəllim kimi yaxşı təcrübə qazanar, əsas müəllim
olduqda isə sinfi daha asan idarə edə bilərlər. Sizi
inandırım, elə gənc müəllimlər olur ki, ilk dəfə sinfə
girəndə həyəcandan ayaqları titrəyir. Müəllim kimi
məktəbə və sinfə adaptasiya olmaları müəyyən vaxt
aparır. Belə olan təqdirdə də bir çox uşaqlar onların
təcrübəsizliyinin qurbanı olur.
Bəsti Mehralıyeva,
194 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi,
əməkdar müəllim
20 illik pedaqoji təcrübəm var. Bu illər ərzində bir
neçə ibtidai sinfim olub. İşimə həmişə ciddi yanaşmışam.
Düşünürəm ki, hər bir müəllim öncə dərs dediyi
şagirdlərə vicdanla yanaşmalıdır. Şagirdlər arasında
fərq qoymamalıdır. Şagird sıxlığına gəldikdə onu deyə
bilərəm ki, ibtidai siniflərdə dərs deyən müəllimlərin
ilk ili çox çətin keçir. Şagirdlərdə ilkin yazı və oxu
vərdişlərini aşılamaq, onlara hətta qələm tutmağı belə
öyrətmək kimi müəyyən çətinliklərlə rastlaşırıq. Lakin
buna baxmayaraq, işini düzgün quran və çalışqan müəllim
bunun öhdəsindən gələ bilir. Çalışqan müəllimlər metodik
vəsaitlərdən və vaxt bölgüsündən səmərəli istifadə
etməklə bu çətinliyə sinə gəlir. Məsələnin digər tərəfi
isə gənc müəllimlərin təcrübə qazanmasıdır. Düzdür, ali
təhsil müəssisələrində tələbələri bir aylıq pedaqoji
təcrübəyə göndərirlər. Lakin bu, müəllimin təcrübə
qazanması üçün kifayət etmir. Bir çox müəllimlər
pedaqoji fəaliyyətə başlayarkən bu kimi problemlərlə
qarşılaşır. Bu baxımdan köməkçi müəllimlərin olması gənc
müəllimlərin yetərincə təcrübə qazanması üçün səmərəli
ola bilər. Onlar təcrübəli müəllimlərdən bir çox şeylər
öyrənə bilərlər.
Həcər Məmmədova,
Xəzər Universiteti "Dünya Məktəbi"nin ibtidai sinif
müəllimi
Mən pedaqoji fəaliyyətə assistent müəllim (köməkçi
müəllim) kimi başlamışam. Bu mənə əsas müəllim olmaq
üçün çox kömək etdi. Xəzər Universitetində təhsil
alarkən bu məktəbdə pedaqoji təcrübə keçmişəm. Sonra 1
il assistent müəllim işləmişəm. Bundan başqa, 2 il də
sinif rəhbəri vəzifəsində çalışmışam. Məktəb
rəhbərliyinin etimadını qazandıqdan sonra mənə birinci
sinif verildi. Bu proses təxminən 3 il çəkdi. Assistent
müəllim olarkən topladığım təcrübə sayəsində ilk sinfim
olmasına baxmayaraq heç bir çətinliyim yoxdur. Bundan
başqa, hazırda mənimlə çalışan assistent müəllim var.
Biz birlikdə dərslərin öhdəsindən daha asanlıqla
gəlirik. Dərslərimiz də çox səmərəli keçir. Mən dərs
vaxtımın demək olar ki, bütün hissəsini tədrisə sərf
edirəm. Assistent müəllim isə əsasən təşkilati işləri
yerinə yetirir. Uşaqların gündəliklərinin yazılması, ev
tapşırıqlarının verilməsi, valideynlərlə ünsiyyət,
cədvəldəki dəyişikliklərlə bağlı bütün işləri assistent
müəllim aparır. Bununla yanaşı günün ikinci yarısında
keçirilən fiziki-tərbiyə dərslərində şagirdlərin
geyinib-soyunması, zəif şagirdlərlə əlavə dərslər və
sair məsələlər köməkçi müəllimin üzərinə düşür.
Nüşabə Əliyeva,
328 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi
İbtidai siniflərdə köməkçi müəllimlərin olması çox
vacibdir. Elə siniflər olur ki, 25 nəfərdən artıq
şagirdlə işləməli oluruq. Bu bir çox çətinliklərə
gətirib çıxarır. Nəzərə çatdıraq ki, ənənəvi təhsildən
fərqli olaraq yeni kurikulumlarla işləyərkən bu
çətinliklər özünü daha qabarıq şəkildə göstərir.
Bildiyimiz kimi yeni kurikulumların əsas prinsiplərindən
biri tədrisin şagirdyönümlü olmasıdır. Bu baxımdan
şagirdlərin hər birinə müəyyən qədər çox vaxt
ayırmalıyıq. Lakin etiraf edək ki, 45 dəqiqə müddətində
25-30 şagirdin hər birinə çox vaxt ayıra bilmirik.
Təşkilati işlərə daha çox vaxt sərf etmək
məcburiyyətində qalırıq. Unutmayaq ki, birinci sinfə
qədəm qoyan şagirdlər məktəbə gec adaptasiya olur.
Onların bir çoxu hətta çantalarını belə açıb bağlaya
bilmirlər. Dərs zamanı yeni motivasiyanın qurulması,
qruplarla iş, qrup işlərinin yoxlanılması və sair kimi
məsələlər mövcuddur. Həmin vaxt şagirdlər qruplara
bölünməkdə, hətta yerlərində oturmaqda belə çətinlik
çəkirlər. Təbii ki, belə işlərdə biz müəllimlər onlara
kömək edirik. Lakin bu da vaxt itkisinə səbəb olur.
Bundan başqa, iş dəftərlərinin yoxlanılması, nəticələrin
gündəlik valideynlərə çatdırılması və digər məsələlərdə
köməkçi müəllimlərin olmasını vacib hesab edirəm.
Düşünürəm ki, müəllimin təşkilati işlərə vaxt ayırması
tədrisin keyfiyyətinə mənfi təsir edir. |