| 
						
						 Kanadada 
						təhsil alan Orxan Fətullayevlə söhbət 
						
						
						Orxan  Əbülfət oğlu Fətullayev 1994-cü il aprelin 10-da 
						Bakı şəhərində anadan olub. 2011-ci   ildə Bakı 
						şəhərindəki  279 nömrəli  orta  ümumtəhsil məktəbini  
						uğurla başa vurub.  Həmin ildə ali məktəblərə keçirilən  
						qəbul imtahanında  685 bal toplayaraq Bakı  Dövlət 
						Universitetinin  tətbiqi riyaziyyat və kibernetika 
						fakültəsinə kompüter elmləri ixtisası üzrə  qəbul olub.  
						Yüksək  göstəriciyə   görə  Prezident təqaüdünə layiq 
						görülüb. Maraqlıdır ki, Azərbaycanda ilk dəfə olaraq bu  
						ailənin iki üzvü - Orxan və Rauf Fətullayev qardaşları  
						Prezident təqaüdünə layiq görülüblər.  Rubrikamızın 
						budəfəki qonağı olan  Orxan hazırda  təhsilini   
						"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici 
						ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində  
						Kanadanın Vaterloo  Universitetində davam etdirir.
						 
						
						
						Orxanla söhbətimizə ilk təhsil illərindən başladıq.
						
						
						  
						
						- Orta məktəbdə daha çox riyaziyyat, fizika və kimya 
						fənlərinə üstünlük vermişəm.  Ən çox  sevdiyim  fənlər  
						isə  fizika və  riyaziyyat  idi. İbtidai sinifdən  
						başlayraq  bütün  dərslərimi əla qiymətlərlə oxuyurdum, 
						buna görə ilk müəllimlərim mənə qarşı  çox  diqqətcil 
						idilər.  
						
						
						- Sizdə xaricdə təhsilə necə maraq yarandı? 
						 
						
						- Bakı Dövlət Universitetinə qəbul olduqdan sonra 
						kompüter elmlərinə marağım daha da artdı.  Sonra 
						fikirləşdim ki, mən bu sahədə ölkəmə fayda verəcək  
						işlərlə  məşğul  olmaq üçün kompüter elmləri sahəsində 
						ən müasir texnologiyaları öyrənməliyəm.  Xaricdə təhsil  
						isə  bunun ən ideal  yoludur.  Məhz bundan  sonra  
						xaricdə  təhsil  almaq istəyi məndə qətiyyətə çevrildi.  
						Digər tərəfdən, Vaterloo  Universitetinin kompüter 
						elmləri sahəsində  dünyanın ən qabaqcıl 
						universitetlərindən olduğunu   öyrənmişdim. Ailəm mənim 
						xaricdə oxumaq istəyimi nəinki dəstəklədi, əslində   elə 
						onlar  məni bu işə həvəsləndirdi. Xüsusilə atam,  
						Əbülfət Fətullayev, mənə bu işdə çox böyük dəstək 
						verdi.  İxtisas seçimində böyük qardaşım Raufun rolu 
						böyükdür, çünki o mənə digər ixtisaslardan fərqli 
						olaraq, kompüter elmləri ilə məşğul olanların istənilən 
						ixtisas sahəsinə kömək edəcəyini izah etdi.  Məhz  
						bundan sonra mən kompüter elmləri ixtisasını  seçəcəyimə 
						qərar verdim. 
						
						
						- Dövlət Proqramı barədə təəssüratlarınız necədir? 
						
						- Dövlət Proqramına seçim mərhələsində xoşuma gələn 
						xüsusiyyət  odur ki, tələbələrin həm  danışıq 
						qabiliyyətinə,  həm də sosiallığına da fikir verilir.  
						Mənim fikrim budur ki, xaricə oxumağa gedən tələbə daima 
						yüksək əhvali-ruhiyyədə olmalıdır,  sakit  və könülsüz  
						görsənməməlidir.  Dövlət Proqramına  qəbul  olduğumu  
						böyük  sevinclə qarşılamışdım, çünki bu, həyatımda mənə 
						açılmış ən böyük qapı idi. Yəni,  bu addımı atmaqla mən 
						həyatımda çox şeyləri dəyişəcəyimi fikirləşirdim.   
						Xaricdə təhsil proqramı təhsil sahəsində atılmış çox 
						böyük addımdır. Düşünürəm ki, xaricdə təhsil almış 
						kadrlar öz ixtisaslarına uyğun olaraq elmdə ölkəmizə çox 
						böyük faydalar verəcəkdir. 
						
						
						- Təhsilimizdə gedən dəyişikliklərə münasibətiniz? 
						
						-  Prezident İlham Əliyev tərəfindən imzalanmış 
						"Azərbaycan Respublikasında təhsilin  inkişafı  üzrə 
						Dövlət  Strategiyası" və bu  sənəddən irəli gələn 
						vəzifələrin həyata keçirilməsində Təhsil Nazirliyinin 
						gördüyü işləri çox yüksək qiymətləndirirəm.  Hesab 
						edirəm ki, ölkəmizin təhsil sahəsindəki yeniliklər bu 
						sahədə ciddi irəliləyişlərə səbəb olacaqdır.  Hazırda  
						dünya təhsilində sürətli dəyişikliklər gedir.  Düşünürəm 
						ki,  ölkəmizdə  də  aparılan  yeniliklər təhsilimizin, 
						ali məktəblərimizin rəqabət qabiliyyətinin  güclənməsinə 
						gətirib çıxaracaq.  
						
						
						- Dərsləriniz necə keçir? 
						
						- Kanadada tələbə olmaq təhsilə güclü fikir vermək və 
						vaxtın çox hissəsini dərslərə ayırmaq deməkdir. Mən də 
						tələbə həyatımı faydalı keçirməyə çalışıram. Burada 
						kompüter elmləri ixtisası üzrə təhsil alıram.  Boş 
						vaxtımda əlavə proqramlaşdırma ilə məşğul oluram, çünki 
						proqramlaşdırmanı sevirəm. Kitab oxumağı da sevirəm, 
						xüsusilə ixtisasımla bağlı kitabları. 
						
						
						- Yaşadığınız şəhər,  oxuduğunuz universitet barədə nə 
						deyə bilərsiniz? 
						
						- Yaşadığım  Vaterloo -Kitçener regionu çox gözəl 
						təbiətə malikdir. Torontodan fərqli olaraq burada 
						insanlar azdır  və  evlərin  çoxu  birmərtəbəli və  ya  
						ikimərtəbəlidir. Adaptasiya prosesi çox rahat və tez 
						oldu, çünki burada bütün işləri görmək daha rahatdır. 
						Vaterloo  şəhərində əcnəbilər  çox olduğu üçün 
						mədəniyyətlər və davranışlar da müxtəlifdir.  
						
						Vaterloo  Universiteti Kanadanın Ontario əyalətində 
						yerləşir.  
						
						Universitetin əsası  1957-ci ildə qoyulub. Hazırda  
						burada 25000 tələbə təhsil alır.  Ölkənin aparıcı 
						universitetlərindən hesab olunur. Bütün dünya üzrə isə 
						ən yaxşı informasiya texnologiyaları sahəsində  bilik 
						verən  ali məktəblərdən biridir.  Təhsil müəssisəsinin 
						34 tədqiqat mərkəzi və institutlarında geniş səviyyədə 
						tədqiqatlar aparılır. Burada 90-dan artıq tələbə klubu 
						və qrupları var. Təhsil ocağında dünyaca məşhur olan 
						professorlar çalışır.  Universitet tələbələrin öz 
						təhsillərini əmək fəaliyyəti ilə əlaqələndirməyə imkan 
						verir ki, bu da təhsilalanlara praktik biliklər əldə 
						etməyi təmin edir. Universitet xüsusi istedadı ilə 
						seçilən birinci kurs tələbələri üçün təqaüdlər də  
						təklif edir.  
						
						
						- Universitetdə tədris prosesi necə təşkil olunur? 
						
						- İlk əsas məqam odur ki, burada çox məsələlər tələbənin 
						öz  ixtiyarındadır.  Məsələn, tələbə istədiyi vaxt  
						dərsə  getməyə  bilər, qiymət almaq  üçün  həftəlik  
						tapşırıqları  həll edib müvafiq yerlərə təqdim edirik və 
						s. Əksər fənlərdən  semestr ərzində iki dəfə imtahan 
						olur. İlk imtahan (midterm) təxminən semestrin ortasında 
						keçirilir.  Burada əsas  məqsəd  tələbələrin  fənnin 
						əsaslarını  necə başa  düşmələrini yoxlamaqdır.  Ona 
						görə  də  bu,  ümumi qiymətə  elə də ciddi təsir etmir.  
						Final imtahan  isə  semestr  qurtardıqdan  sonra  
						sessiya  zamanı verilir.  İmtahan  sualları  isə  
						çoxseçimli  testlərdən  və  qısa  cavab  tələb  edən 
						suallardan  ibarətdir. 
						
						
						- Müəllimlərinizdən razısınızmı?  
						
						- Vaterloo Universitetində müəllimlər və tələbələr 
						arasında  münasibətlər çox yüksəkdir. Əgər tələbə 
						semestr zamanı hansısa çətinliklə qarşılaşsa, çəkinmədən 
						dərs deyən müəllimlərə, həmçinin əlavə servislərə 
						müraciət edib öz probleminə həll yolu tapa bilər.  
						Müəllimlər  tələbələrə  qarşı  həmişə  mehribandırlar. 
						Kanadada təhsil məni ali təhsilə daha da həvəsləndirdi. 
						Çünki universitetdə təhsil sistemi elə qurulub ki, 
						burada oxuyan istənilən tələbə bu cür mühiti görüb 
						oxumağa həvəslənəcəkdir. Tələbəyə xidmət edəcək hər cür 
						servislər təşkil olunub və bu da yarana biləcək 
						problemlərimizi  tez  həll etməyə imkan verir. 
						
						
						- Xaricdə təhsil almaq istəyən gənclərimizə tövsiyən nə 
						olardı? 
						
						 - Gələcəkdə xaricdə təhsil almaq istəyən tələbələrə 
						tövsiyəm odur ki, onlar  ilk öncə xaricdə təhsil almağı 
						məqsəd yox, məqsədə çatmaq üçün vasitə kimi istifadə 
						etsinlər. Çünki məqsəd xaricdə təhsil almaqdırsa, 
						xaricdə təhsili bitirdikdən sonra o, nə edəcək? Ən yaxşı 
						halda yaxşı maaş alıb rahat həyat yaşayacaq. Amma o 
						tələbənin ki, gələcəkdə hansısa böyük məqsədi var, o, 
						xaricdə təhsilini sırf öz məqsədi üçün yönləndirər və  
						bu təhsil onun üçün böyük fundament yaradar. Təhsilini 
						bitirdikdə o öz məqsədinə daha da yaxınlaşmış olar. 
						Nəticədə o, nəinki özünə, həmçinin ölkəyə də çoxlu fayda 
						verə bilər. 
						
						
						- Kanadada ölkəmizi təmsil edə bilirsinizmi? 
						
						-  Bacardığım qədər ölkəmizi təmsil etməyə çalışıram.  
						Burada, xüsusilə  də oxuduğum Vaterloo Universitetində 
						Azərbaycanı  çox yaxşı tanıyırlar və azərbaycanlılara 
						hörmət edirlər, çünki bu universitetdə  kifayət  qədər  
						azərbaycanlı  tələbə təhsil alır.  Azərbaycan 
						həqiqətlərinin ictimaiyyətə çatdırılmasında, 
						mədəniyyətimizin, adət-ənənələrimizin təbliği 
						istiqamətində keçirilən bütün tədbirlər azərbaycanlı 
						tələbələrin yüksək fəallığı ilə təşkil olunur.   Hətta 
						universitetin saytında təhsil müəssisəsinə qəbul olmaq 
						istəyən azərbaycanlılar üçün ayrıca kömək səhifəsi də  
						var.   
						
						
						- Xaricdə təhsil sizə nə verdi? 
						
						-  Xarici universitetdə təhsil almaq, ilk öncə öz ölkəni 
						təmsil etmək, yenilikləri öyrənmək və onları lazımi 
						şəkildə tətbiq etməkdir.   İlk öncə, xaricdə təhsil 
						tələbəyə müasir elm və texnologiya öyrənmək imkanı 
						yaradır. Həmçinin, xaricdə təhsil tələbənin 
						dünyagörüşünün  ciddi  olaraq  artmasına təsir edir, 
						çünki  bu  zaman  müxtəlif  ölkələrdən,  müxtəlif  
						mədəniyyətlərdən  olan  insanları görmək və onlarla 
						ünsiyyət qurmaq mümkündür.  Digər  tərəfdən, tamamilə 
						fərqli təhsil sistemi  səciyyəvidir.  
						
						
						- Gələcək barədə hansı planlarınız var? 
						
						- Gələcəkdə magistr və PhD üzrə təhsil almağı, sonra isə 
						Azərbaycana qayıdıb məqsədimi həyata keçirərək ölkəmə 
						fayda verməyi planlaşdırıram.  Kompüter elmləri ixtisası 
						Azərbaycanda çox önəmli yeniliklər etmək üçün əsas 
						sahələrdən biridir. Kompüter elmlərinin istənilən sahədə 
						tez bir zamanda zəruri informasiyanı  əldə etməkdə 
						(məsələn, tərcümə sistemləri, çoxlu elmi elektron 
						kitablar və s.)  çox  böyük rolu vardır.   
						
						
						Oru/c MUSTAFAYEV,"Azərbaycan müəllimi"
 |