Naxçıvan
Dövlət Universitetində Azərbaycan Respublikası
Konstitusiyasının yaradılmasının 19 illiyinə həsr
olunmuş "Heydər Əliyev və Azərbaycan Konstitusiyası"
mövzusunda elmi konfrans keçirilib. Yeni Azərbaycan
Partiyası Universitet ərazi ilk təşkilatının
reallaşdırdığı konfransı NDU-nun rektoru, AMEA-nın
müxbir üzvü Saleh Məhərrəmov açaraq bildirib ki,
ümummilli lider Heydər Əliyevin müəllifi olduğu,
müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını
təşkil edən ilk Konstitusiya Azərbaycan dövlətinin
suverenliyini və ərazi bütövlüyünü qoruyan, demokratik,
hüquqi, dünyəvi dövlət quruluşuna təminat verən ali
hüquqi sənəddir.
Konfransda hüquq fənləri kafedrasının müəllimi, Naxçıvan
Muxtar Respublikası Vəkillər Kollegiyasının sədri Tural
Hüseynov "Heydər Əliyev və Azərbaycan Respublikasının
Konstitusiyası", YAP Universitet ərazi ilk təşkilatının
sədr müavini, tarix üzrə fəlsəfə doktoru Şamxal Məmmədov
"Konstitusiyanın beynəlxalq əhəmiyyəti", Prezident
təqaüdçüsü, hüquqşünaslıq ixtisası üzrə II kurs tələbəsi
Surə Qurbanovanın "Naxçıvan Muxtar Respublikasında
konstitusion əsaslar", YAP fizika-riyaziyyat fakültə
gənclər birliyinin sədri, riyaziyyat-informatika
müəllimliyi ixtisası üzrə III kurs tələbəsi Leyla
Şirzadzadənin "Heydər Əliyev Azərbaycan
Konstitusiyasının memarıdır" mövzularında məruzələri
dinlənilib. Məruzələrdə ümummilli liderin Azərbaycan
dövlətçiliyinin, eləcə də onun Konstitusiyasının banisi
olmasından bəhs olunub. Qeyd olunub ki, ümummilli lider
Heydər Əliyevin uzaqgörənliyi sayəsində Azərbaycanın
gələcək perspektivləri müəyyənləşdirən Konstitusiyada
Azərbaycan dövlətinin demokratik, hüquqi, dünyəvi,
unitar respublika olması, ərazi toxunulmazlığı,
idarəçilik prinsipləri, vətəndaşların hüquq və
azadlıqları təsbit olunub.
Konfransın sonunda YAP sıralarına qəbul olunmuş
tələbələrə üzvlük vəsiqələri təqdim olunub.
Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri |