Mingəçevir Politexnik İnstitutunda mühəndis,
iqtisadiyyat və idarəetmə sahələri üzrə təhsil alan
tələbə və məzunlar üçün BP şirkətinin təşkilatçılığı ilə
"Nəyi kəşf edəcəksiniz?" karyera forumu keçirilib.
Tədbirin keçirilməsində məqsəd BP və onun
tərəfdaşlarının neft-qaz sahəsində yüksək ixtisaslı
yerli mütəxəssislərin maarifləndirilməsidir. Tədbirdə
"Elektroenergetika mühəndisliyi", "İstilik energetikası
mühəndisliyi", "Maşın mühəndisliyi", "Sənayenin təşkili
və idarə olunması", "İqtisadiyyat", "Kompüter elmləri",
"Ekologiya mühəndisliyi", "Yerüstü nəqliyyat vasitələri
mühəndisliyi", "İnformasiya texnologiyaları və
sistemləri mühəndisliyi" ixtisasları üzrə təhsil alan
yuxarı kurs tələbələri iştirak edib.
Tədbiri MPİ-nin tədris-elmi işlər üzrə prorektoru,
professor Veysəl Əyyubov açaraq qeyd edib ki, müxtəlif
ixtisas sahələrində təhsil alan tələbələr arasında
karyera qurmaq imkanlarını dəyərləndirmək baxımından
belə görüşlərin keçirilməsi çox əhəmiyyətlidir. Bu forum
BP şirkətindəki karyera imkanlarının interaktiv şəkildə
müzakirəsinə və BP-nin nümayəndələri ilə ünsiyyət
qurulmasına imkan yaradır. Tələbələr həmçinin BP
şirkətinin Azərbaycanda və regionda 20 il ərzində
təhlükəsiz və etibarlı şəkildə dənizdə və quruda həyata
keçirdiyi əməliyyatlar haqqında məlumat almaq imkanına
malik olacaqlar.
Sonra BP şirkətinin İnsan resursları şöbəsinin əməkdaşı,
"Tələbə və məzunların işə qəbulu üzrə" proqram
mütəxəssisi Dilarə Mustafayeva gənc mütəxəssislər
proqramı haqqında tələbə və məzunlara ətraflı məlumat
verib.
Gənc mütəxəssis, mühəndis Şahin Əliyev yay təcrübəsi
proqramı haqqında ətraflı məlumatı tələbələrin diqqətinə
çatdırıb.
Tələbə və məzunların işə qəbulu üzrə proqram
koordinatoru Həlimə Mahmudova isə bu proqramlara onlayn
müraciət formasını tələbələrə izah edərək, onları seçim
prosesini necə həyata keçirmələri barədə
məlumatlandırıb.
Tələbələri maraqlandıran suallar şirkətin mütəxəssisləri
tərəfindən cavablandırılıb.
Nazim NİFTƏLİYEV,
MPİ-nin iqtisadiyyat və idarəetmə fakültəsinin dekan
müavini |