10-13 noyabr tarixlərində "Baku Crystal Hall"da
məktəblilər arasında ilk dəfə "Nə? Harada? Nə zaman?"
intellektual oyunu üzrə Azərbaycan çempionatı keçirilib.
Təhsil Nazirliyinin dəstəyi və təşkilatçılğı ilə
keçirilən və AzTV kanalı ilə yayımlanan çempionatda bu
ilin aprelində məktəblilər arasında təşkil olunmuş "Nə?
Harada? Nə zaman?" oyunu üzrə regional məktəb
çempionatının qalibləri iştirak ediblər.
Məlum olduğu kimi, Təhsil Nazirliyinin 21 aprel 2014-cü
il tarixli əmri ilə bu il ölkəmizdə ilk dəfə olaraq
ümumtəhsil müəssisələrinin şagirdləri arasında "Nə?
Harada? Nə zaman?" intellektual oyununun regional məktəb
çempionatı keçirilib. "Azərbaycan gəncliyi 2011-2015-ci
illərdə" Dövlət Proqramından irəli gələn vəzifələrin
icrası ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planına
əsasən təşkil olunan oyunlarda məqsəd məktəblilərin
intellektual və yaradıcı inkişafına təkan vermək,
şagirdlərin intellektual fəaliyyətə daha geniş miqyasda
cəlb olunmasını və asudə vaxtlarının səmərəli təşkilini
təmin etməkdir. Yeni layihə həm də regionlarda gənclərin
intellektual klublarının yaradılmasını, yüksək
yaradıcılıq qabiliyyətinə, intellektual potensiala və
müxtəlif sahələrdə dərin biliklərə malik gənclərin
aşkara çıxarılması və inkişaf etdirilməsinə şərait
yaradılması hədəflərini özündə ehtiva edir.
Təhsil Nazirliyinin qeyd olunan əmri ilə intellektual
oyunları keçirmək üçün ictimai əsaslarla fəaliyyət
göstərən Təşkilat Komitəsi yaradılıb, onun tərəfindən
çempionatın keçirilmə qaydaları hazırlanıb.
Azərbaycan İntellektual Klublar Assosiasiyası ilə
birlikdə bu ilin aprel-may aylarında müxtəlif zonalarda
keçirilən "Nə? Harada? Nə zaman?" intellektual oyunu
üzrə regional məktəb çempionatında 11 komanda birinci
yeri tutaraq qalib adına layiq görülüb. Bunlar Bakı,
Gəncə, Sumqayıt, Naftalan şəhərlərinin, Qobustan,
Kürdəmir, Lənkəran, Şəmkir, Zaqatala, Cəbrayıl, Quba
rayonlarının komandalarıdır.
Həmin komandalar, habelə Bakıdakı fizika, riyaziyyat və
informatika təmayüllü liseyi, akademik Zərifə Əliyeva
adına liseyi və Türkiyə Diyanət Vəqfi Bakı Türk liseyini
təmsil edən komandalar noyabrın 10-da start götürən və 4
gün davam edən final mərhələsində respublika qalibi
adını qazanmaq üçün mübarizə aparıblar.
Xatırladaq ki, yarışmanın qaydalarına əsasən hər
komandada oyun masası arxasında maksimum 6 nəfər əyləşir
və onlardan biri komandanın kapitanı olur. Məktəb
çempionatında 36 sual səslənir və hər biri 12 sualdan
ibarət 3 tur oynanılır. Finalda isə eyni vaxtda yaşıl
və qırmızı masalar arxasında əyləşən iki komandaya hər
biri 1, 2 və 3 balla dəyərləndirilən suallar verilir.
Komandalar sualları 20 saniyə ərzində cavablandırır.
Hansı komanda suala tez və düzgün cavab verirsə o həmin
turun qalibi olur. Beləliklə, 5 sual təqdim olunur,
oyun rəqiblərdən birinin ən azı 3 bal toplamasına qədər
davam edir. Qalib komanda növbəti mərhələ üçün rəqibini
özü seçir. Sualları, bütün breyn-rinq oyunlarında olduğu
kimi, ya komandanın kapitanı, ya da onun adını elan
etdiyi komanda üzvü cavablandırır.
Çempionatın noyabrın 10-da keçirilən ilk turunda
aparıcı müvafiq qaydaları xatırlatdıqdan sonra püşkə
əsasən oyuna Lənkəran və Şəmkir komandaları çıxıblar.
Verilən sualların daha çoxunu düzgün cavablandıran
Lənkəran məktəbliləri ilk görüşün qalibi olub və
özlərinə rəqib seçmək hüququ qazanıblar. İkinci görüşdə
onların seçimi ilə rəqibləri Cəbrayıl komandası olub.
Lənkəranlı məktəblilər onları da 3:0 hesabı ilə məğlub
edərək növbəti mərhələyə çıxıblar. Onlar üçüncü
mərhələdə özlərinə rəqib olaraq seçdikləri Kürdəmir
komandasına qalib gəliblər. Dörd, beş və altıncı
mərhələlərdə Zaqatala, Quba və Qobustan komandalarından
da üstün olan Lənkəran komandası finalda oynamaq hüququ
qazanıb. Lənkəran komandasının bir neçə mərhələdə
ardıcıl qazandığı qələbəni xüsusi qeyd edən aparıcı
bunun breyn-rinq oyunları tarixində rekord nəticə
olduğunu söyləyib.
Noyabrın 11-də keçirilən növbəti tur Sumqayıt və
Naftalan komandalarının oyunu ilə başlayıb. Sumqayıtlı
məktəblilər qırmızı, Naftalan komandası isə yaşıl masada
yarışıblar. Bu görüşdə Naftalan məktəbliləri qalib
gəliblər: 4:0. Onlar ikinci mərhələdə Maştağa (Bakı)
komandası ilə yarışmalı olublar. Gərgin keçən oyun 3:2
hesabı ilə Maştağa məktəblilərinin xeyrinə qurtarıb.
Maştağalı uşaqlar növbəti mərhələdə yaşıl masaya dəvət
olunmuş Bakıdakı akademik Zərifə Əliyeva adına liseyin
şagirdlərini də həmin hesabla məğlub ediblər.
Dördüncü mərhələ (görüş) Maştağa və Gəncə komandaları
arasında olub. Maştağalı şagirdlər Gəncə komandasını da
udublar: 3:1. Beşinci mərhələdə (görüşdə) onların rəqibi
Türkiyə Diyanət Vəqfi Bakı Türk liseyinin şagirdləri
olublar. Liseyin komandası dörd mərhələdə (görüşdə)
dalbadal qələbə qazanan maştağalıları 3:0 hesabı ilə
məğlub edib və növbəti mərhələdə oynamaq hüququ qazanıb.
Yaşıl masada mübarizə aparan Bakı Türk liseyinin
komandası ikinci turun altıncı - sonuncu görüşünü də
inamla keçirib və rəqiblərinə - qırmızı masada oynayan
fizika, riyaziyyat və informatika təmayüllü liseyin
komandasına qalib gəlib. Maraqlı keçən bu görüşün
nəticəsi (3:2) Bakı Türk liseyinin xeyrinə olub. Onlar
finalda oynamaq şansı qazanıblar.
"Nə? Harada? Nə zaman?" intellektual oyununun üçüncü
turu noyabrın 12-də olub. Bu turun ilk mərhələləsində (I
görüş) oyun masalarının arxasında Şəmkir (qırmızı masa )
və Qobustan (yaşıl masa) komandaları əyləşiblər.
Şəmkirlilər 3:2 hesabı ilə qalib gəliblər. Növbəti -
ikinci mərhələdə (görüşdə) onların rəqibləri Zaqatala
komandası olub. Zaqatalılar böyük üstünlüklə (3:0)
qələbə qazanıblar. Üçüncü mərhələdə (görüşdə) oyun
əvvəlki mərhələlərin qalibi olan Zaqatala komandası ilə
Sumqayıt komandası arasında keçirilib və 4:0 nəticəsi
ilə sumqayıtlıların xeyrinə qurtarıb. Sumqayıtlı
məktəblilər növbəti mərhələdə (4-cü görüşdə) Kürdəmir
komandasına qarşı oynayıblar və 1:3 hesabı ilə
uduzublar. Qalib gəlmiş Kürdəmir komandası beşinci
mərhələdə (görüşdə) Naftalan komandasını da eyni hesabla
(3:1) udaraq üçüncü turun son oyununda Maştağa komandası
ilə qarşılaşıb. Kürdəmirli məktəblilərini 3:0 hesabı ilə
udan Maştağa komandası breyn-rinqin finalına vəsiqə əldə
edib.
Noyabrın 13-də "Baku Crystal Hall"da məktəblilər
arasında "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə
Azərbaycan çempionatının son turu-finalı olub. Öncə
dördüncü finalçını müəyyənləşdirmək üçün şans oyunu
keçirilib. Oyunun nəticəsinə əsasən Kürdəmir finala
çıxıb. İki seçim və iki final görüşündən ibarət olan
finalda Kürdəmir, Lənkəran, Maştağa və Türkiyə Diyanət
Vəqfi Bakı Türk Liseyinin komandaları mübarizə
aparıblar. Oyunlar rəqiblərdən birinin 5 xal toplamasına
qədər davam edib. İlk seçim görüşündə Kürdəmir komandası
ilə Lənkəran komandası qarşılaşıb. Bu oyun
kürdəmirlilərin böyük üstünlüyü ilə başa çatıb: 5:2.
İkinci seçim oyununda isə Maştaga komandası ilə Türkiyə
Diyanət Vəqfi Bakı Türk Liseyinin komandası görüşüb və
liseylilər 5:2 hesabı ilə qalib gəliblər.
İntellektual yarışmanın iki final görüşü Kürdəmir və
Diyanət Vəqfi Liseyinin komandaları arasında olub. Hər
iki görüş liseylilərin parlaq qələbəsi ilə başa çatıb.
Qalib komandanın üzvlərinə kubok və medallar, eləcə də
Təhsil Nazirliyinin hədiyyələri təqdim olunub.
Qeyd edək ki, oyunları izləməyə respublikanın şəhər və
rayonlarından, Bakı məktəblərindən xeyli məktəbli
gəlmişdi. Onlar azarkeşlik etdikləri komandaların
uğurlarını alqışlarla qarşılayıb, onu qələbəyə
ruhlandırıblar.
Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi" |