Noyabrın
7-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik
Fondunun "İlboyu bilik" proqramının "Qardaşlaşmış
məktəblər" layihəsi çərçivəsində növbəti saziş Bakıdakı
53 nömrəli tam orta məktəblə Astara rayonu 6 nömrəli
tam orta məktəb arasında imzalanıb. Fondun informasiya
təminatı sektorundan verilən məlumata görə, Bakı
məktəbliləri astaralı qonaqları Dövlət Bayrağı
Meydanında qarşılayıblar. Muzeylə tanışlıqdan sonra
şagirdlər 53 nömrəli tam orta məktəbdə olublar.
Məktəbin direktoru Firəngiz Həsənova təhsil ocağı barədə
qonaqları məlumatlandırıb.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, fondun
əməkdaşları, Yasamal RİH-in nümayəndəsi Vaqif Məmmədli
və rayonun 11 məktəbinin direktorlarının iştirak etdiyi
tədbirdə Bilik Fondunun yaranma zərurəti, fəaliyyət
istiqamətləri, həyata keçirdiyi layihələr diqqətə
çatdırılıb. O.Səmədov bu günədək 26 məktəbin
qardaşlaşdığını vurğulayıb.
Astara rayonu 6 nömrəli tam orta məktəbin direktor
müavini Xuraman Məmmədova, tarix müəllimi Teymur
Hüseynov, Uşaq Birliyinin rəhbəri Faidə Abdullayeva
təmsil etdikləri bölgə haqqında ətraflı məlumat
verərək, layihədə iştirak etməkdən məmnun olduqlarını
söyləyiblər. "Qardaşlaşma sazişi"nin imzalanmasının
ardından Yasamal məktəblilərinin nümayiş etdirdikləri
bədii-musiqili proqram - rəqslər, səsləndirilən şeirlər
iştirakçıları məmnun edib.
Tədbirdən sonra paytaxt gəzintisinə çıxan hər iki
məktəbin kollektivi Dövlət Sirkində tamaşaya baxıblar.
Tədbirin ikinci günü Bilik Fondunda bilik yarışması
keçirilib. Mükafatları qaliblərə Azərbaycanın Milli
Qəhrəmanı Vahid Quliyev təqdim edib. Bakı məktəbliləri
qalibiyyət kubokunu qardaşlaşmalarının təsdiqi kimi
Astara məktəblilərinə hədiyyə ediblər. Məktəblilərin
Bakıda görüşü Qala Açıq Diyarşünaslıq muzeyindəki
ekskursiya ilə yekunlaşıb. Astaralılar bakılı
yaşıdlarını təhsil aldıqları məktəbə dəvət ediblər.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |