Noyabrın
11-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) "Ümumdünya
elm günü" çərçivəsində ilk dəfə olaraq "Elm günləri"
keçirilib. Üç gün davam edən "Elm günləri" çərçivəsində
simpozium, seminar, "dəyirmi masa", təlim,
master-klasslar, tanınmış alimlərlə görüş və elmi
mühazirələri təşkil olunub. Bu tədbirlərin əsas müzakirə
mövzusu universitetdə elmi fəaliyyətin
populyarlaşdırılması, bakalavr və magistrlərin elmi
fəaliyyətə maraqlarının artırılması, iqtisadi problemlər
üzrə yeni diskussiya platformalarının yaradılması olub.
"Elm günləri"nin açılışında çıxış edən ADİU-nun rektoru,
professor Ədalət Muradov tədbirin əsas məqsədi barədə
məlumat verərək Prezident İlham Əliyevin elm
ictimaiyyəti qarşısında qoyduğu vəzifələrdən söz açıb.
Ali məktəbdə elmi tədqiqatlar apara biləcək alimlərin
kifayət qədər olduğunu vurğulayan rektor bu fəaliyyəti
həyata keçirmək üçün ADİU-da institusional
dəyişikliklərə başlanıldığını bildirib.
Qeyd edilib ki, 10 noyabr dünyanın əksər ölkələrində elm
günü kimi qeyd olunur. 1999-cu ildə Budapeştdə keçirilən
Ümumdünya Elm Konfransında bu haqda təşəbbüs irəli
sürülüb. 2001-ci ildə UNESCO-nun Baş konfransının 31-ci
sessiyasında elm gününün qeyd olunması qərarı rəsmi
şəkildə elan olunub. 2002-ci ildən etibarən 10 noyabr
dünyanın bir çox ölkələrində elm bayramı kimi qeyd
edilir.
Rüfanə GÜNƏŞ,
"Azərbaycan müəllimi" |