Noyabrın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetində görkəmli alim Məmməd Arif
Dadaşzadənin anadan olmasının 110 illiyinə həsr olunmuş
"Ədəbi fikrimizin korifeyi" adlı yubiley tədbiri
keçirilib. Universitetin foyesində alimin kitablarından
ibarət sərgi nümayiş olunub. ADMİU-nun rektoru,
professor Fərəh Əliyeva Məmməd Arif Dadaşzadənin XX əsr
Azərbaycan ədəbi tənqidi və nəzəri-estetik fikri
tarixindəki mövqeyindən söhbət açıb.
Professor Nizaməddin Şəmsizadə Prezident İlham Əliyevin
M.A.Dadaşzadənin 110 illik yubileyinin keçirilməsi
haqqında müvafiq sərəncamını minnətdarlıq hissi ilə qeyd
edib. O, "Tənqidçinin şəxsiyyəti və ədəbi proses"
mövzusunda məruzəsində M.A.Dadaşzadəni ədəbiyyatımızın
beşiyi başında duran qüdrətli alim, yaşadığı dövrün
mədəniyyəti, incəsənəti və teatrının inkişafına böyük
töhfələr verən ictimai xadim kimi xarakterizə edib.
Professor Məryəm Əlizadə "Məmməd Arif və ədəbi tənqid"
mövzusundakı çıxışında alimin zəngin və çoxcəhətli
yaradıcılığını müxtəlif aspektlərdən təhlil edib.
Universitetin aktyor sənəti fakültəsinin tələbələrinin
ifasında təqdim edilən ədəbi-bədii kompozisiyada
zəmanəsinin görkəmli simaları - Səməd Vurğun, Mirzə
İbrahimov, Mir Cəlal Paşayev, Cəfər Cəfərov, Kamal
Talıbzadə, Abbas Zamanov və başqalarının ədəbiyyatşünas
alim haqqında dedikləri dəyərli fikirlər səsləndirilib.
Tədbirdə akademikin bədii yaradıcılığından da bir nümunə
- "Tar çalınır" hekayəsi oxunub, alimin həyat və
fəaliyyətinin müxtəlif anlarını əks etdirən fotoslaydlar
nümayiş etdirilib.
Sonda alimin nəvəsi, əməkdar incəsənət xadimi, professor
Zümrüd Dadaşzadə babası haqqında xoş xatirələrini
bölüşüb. Prezident İlham Əliyevin Məmməd Arif Dadaşzadə
irsinə verdiyi qiyməti Azərbaycan elminə göstərilən
diqqət və qayğı kimi dəyərləndirən Z.Dadaşzadə ailəsi
adından ölkə başçısına minnətdarlığını bildirib.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi |