Bakı Slavyan Universitetində həyata keçirilən maraqlı
layihələrdən biri də "Səfir saatı"dır. Layihə
çərçivəsində respublikamızda akkreditə olunmuş
səfirlərlə mütəmadi olaraq görüşlər təşkil olunur. Bu
dəfə də universitet öz ənənəsinə sadiq qalaraq noyabrın
12-də Çexiya Respublikasının Azərbaycandakı fövqəladə və
səlahiyyətli səfiri, cənab Vitezslav Pivonkanın görüşünü
keçirib. Tədbiri BSU-nun rektoru, professor Asif
Hacıyev açaraq qonağı salamlayıb, "Səfir saatı"
klubunun ənənələri haqda ətraflı məlumat verib.
Görüşdən və dəvətdən məmnunluğunu bildirən səfir
V.Pivonka Çexiya Respublikasının tarixi haqqında ətraflı
danışıb. O, Çexiya ilə Azərbaycan arasında olan iqtisadi,
siyasi, mədəni əlaqələrdən danışaraq ölkələrimiz
arasında mövcud münasibətlərdən razı qaldığını və
gələcəkdə bu əməkdaşlığın daha da möhkəmləndiriləcəyinə
inandığını bildirib. Xalqımızın çox zəngin mədəniyyətə
malik olduğunu, Bakının son illər ərzində çox sürətlə
inkişaf etdiyini qeyd edən səfir, vətənimizə
heyranlığını və yaxın günlərdə Azərbaycanın bir sıra
bölgələrinə səfər edəcəyini xüsusilə vurğulayıb.
Tələbələrin çoxsaylı suallarını cavablandıran səfir
görüşün sonunda BSU-nun "Fəxri Qonaqlar Kitabı"na ürək
sözlərini yazıb və tələbələrlə xatirə şəkli çəkdirib. |