Səfər
çərçivəsində nazir bir sıra görüşlər keçirib
Azərbaycan Respublikasının təhsil naziri Mikayıl
Cabbarov Fransa Respublikasının milli təhsil, ali təhsil
və tədqiqat naziri xanım Najat Vallo-Belkasemin dəvəti
ilə 12-13 noyabr tarixlərində Fransanın paytaxtı Paris
şəhərinə işçi səfər edib.
Səfər çərçivəsində təhsil naziri Mikayıl Cabbarov
fransalı həmkarı xanım Najat Vallo-Belkasem ilə
görüşərək Azərbaycanla Fransa arasında təhsil sahəsində
əməkdaşlığın genişləndirilməsi, iki ölkənin ali təhsil
müəssisələri arasında müəllim və tələbə mübadiləsinin
təşviq olunması yolları, ikili diplom proqramlarının
təşkili imkanları və digər qarşılıqlı maraq doğuran
məsələlərı müzakirə edib.
Təhsil naziri Mikayıl Cabbarov həmçinin Fransa
Prezidentinin diplomatik məsələlər üzrə müşaviri Fabien
Penon, ali təhsil və tədqiqatlar üzrə müşaviri Vənsan
Berje və Strasburq Universitetinin prezidenti Alen
Beretz ilə görüşlər keçirərək ölkələrimiz arasında
təhsil sahəsində əməkdaşlıq perspektivlərinə dair fikir
mübadiləsi aparıb.
Nazir 2012-ci ildən etibarən Heydər Əliyev Fondunun
dəstəyi ilə Azərbaycan dilinin tədrisi proqramının
həyata keçirildiyi Şərq Dilləri və Sivilizasiyaları
Milli institutunu ziyarət edərək institutun prezidenti
xanım Manuel Frank və Azərbaycan dili proqramının
iştirakçıları olan müəllim və tələbələrlə görüşüb.
Bununla yanaşı, təhsil naziri Azərbaycan Mədəniyyət
Mərkəzində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"
çərçivəsində Fransada təhsil alan tələbələrlə görüşərək
onların təhsili və üzləşdikləri problemlərlə maraqlanıb,
Azərbaycanda aparılan təhsil islahatları barədə məlumat
verib və tələbələrin məzun olduqdan sonra Azərbaycanın
inkişafına verə biləcəyi töhfələrə dair fikirlərini
bildirib. |