Rusiyanın Anapa şəhərində boks üzrə yeniyetmələr
arasında keçirilən Avropa birinciliyi davam edir.
Azərbaycan Boks Federasiyasından aldığımız məlumata
görə, yarışın üçüncü günü Azərbaycan idmançıları üçün
uğurlu olub. Rinqə çıxan 5 boksçumuzun hamısı qalib
gəlib. 70 kq çəki dərəcəsində çıxış edən Rasim Çobanlı
çexiyalı Daniel Svestkanı mübarizədən kənarlaşdırıb -
3:0. Boksçumuz 1/4 finalda Belarus nümayəndəsi Mikita
Krasnabayevlə qarşılaşacaq.
Təcrübəli boksçumuz Ruslan Rüstəmovun 46 kq çəki
dərəcəsində qələbəsi isə daha əlamətdar olub. Milli
komandamızın üzvü erməni boksçusu Jirayr Sargeyan
üzərində inamlı qələbə qazanıb - 3:0. Həmyerlimiz 1/4
finalda rusiyalı Pavel Ryasniylə üz-üzə gələcək.
75 kq çəki dərəcəsində mübarizə aparan Hacı Dilbazov da
Avropa birinciliyinə qələbə ilə başlayıb. Dilbazov
İsrail təmsilçisi Vyaçeslav Şemetovu məğlub edib - 3:0.
Boksçumuz 1/4 finalda ukraynalı İvan Çubreviçevlə
görüşəcək.
Həmyerlimiz Malik Həsənov isə 48 kq çəkidə Ukrayna
təmsilçisini yarışdan kənarlaşdırıb. O, Sergey Korol
üzərində qələbə qazanıb - 3:0. Məhəmməd Abdullayev 80 kq
çəki dərəcəsində Avropa birinciliyində ikinci görüşünü
nokautla başa vurub. Boksçumuz litvalı Marek Korolkovu
2-ci raundda təslim olmağa məcbur edib. Yarımfinala
vəsiqə əldə edən təmsilçimiz Ukrayna idmançısı Vyaçeslav
Qavrilyukla qarşılaşacaq. Avropa birinciliyinə noyabrın
8-də yekun vurulacaq. |