Xeyransa SADIQOVA,
Ağsu rayonu, Pirhəsənli kənd tam orta məktəbinin
informatika müəllimi
Fənn: İnformatika.
Standartlar: 3.1.2, 3.2.2, 3.2.6, 3.3.1,
Dərsin mövzusu: Mozaikaların və naxışların qurulması.
Dərsin məqsədi:
* Seçilmiş fraqmenti çoxaltmaq.
* Mozaikanın elemetlərini çəkmək.
* Çəkilmiş elementləri çoxaltmaqla müxtəlif mozaikalar
hazırlamaq.
* Naxışlar çəkmək.
Əsas elementlər: Mozaika elementləri, naxışlar.
Dərsin tipi: deduktiv.
İş formaları: qruplarla iş, bütun siniflə iş,
çütlərlə iş, fərdi iş.
İş üsulları: modelləşdirmə, "beyin həmləsi", diskussiya,
təqdimat kompüterdə iş.
İnteqrasiya: Riyaziyyat - 3.2.2, H-b -4.2.1, 4.2.2,
Tex-4.1.1, 4.1.3, Ti-2.2.4, Azərbaycan dili 1.2.2.
Təchizat: mozaikalı şəkillər, naxışları olan əşyalar,
proyektor, noutbuk, kompüter otağı.
Proqram təminatı: Point qrafik redaktoru.
Motivasiya.
Müəllim rəngli kağızlardan kəsilmiş şəkilləri
lövhədən asır və sinfə belə bir tapmaca ilə
müraciət edir:
İlmə-ilmə ilməsi
İlmə xatun düyməsi
Hər kəs bunu bilməsə
Bir "2"-dir cərməsi.
- Bu tapmacanın açması nədir? (xalça).
Xalçaları nə ilə bəzəyirlər? (naxışla).
Müəllim izahat verir.
Naxış - dekorativ-tətbiqi sənətin müxtəlif növlərində
(xalçaçılıq, zərgərlik, bədii oyma, metalişləmə, bədii
parça) tətbiq edilən bəzəklərdir.
Sonra müəllim proyektor vasitəsilə Azərbaycanın qədim
xalq sənətkarlıq nümunəsi olan xalçalardan bir
neçəsini nümayiş etdirir. Yenidən sinfə belə bir sualla
müraciət edir:
- Bəs mozaika nədir?
- Uşaqların cavabları dinlənildikdən sonra yenidən
proyektor vasitəsilə Şəki Xan sarayının şəkillərini
nümayiş etdirir. Şagirdlər oradakı mozaikalara yaxından
nəzər yetirirlər.
müəllim:
Mozaika-şablon şəkildə kəsilmiş sadə və mürəkkəb
həndəsi formalı xırda material qırıqlarından yığılır və
əhəng, sement, mastika, yaxud mum təbəqəsinə bərkidilir.
Müəllim sinfə sual verir:
- Naxışla mozaikanın hansı ümumi və fərqli xassələri
var?
Şagirdlərin cavabları dinlənilir.
Lövhədə tədqiqat sualı və şagirdlərin fərziyyələri
yazılır.
Tədqiqat sualı: Point proqramında mozaika və
naxışları necə hazırlamaq olar?
Müəllim sinfi 4 qrupa bölüb hər qrupa tapşırıq verir.
I qrup.
Mozaika neçə elementdən hazırlanıb?
Rəngləri dəyişdirin.
II qrup.
Point proqramından istifadə edərək rəngləri dəyişdirin
və orada hansı riyazi fiqurlardan istifadə olunduğunu,
onların sayını söyləyin.
III qrup.
Şəkillərdəki naxış elementlərini müəyyən edin və onları
rəngləyin, sayını söyləyin.
IV qrup.
Qrafik redaktorda çəkilmiş şəklin elementlərini müəyyən
edin və rəngləyin.
Məlumat mübadiləsi və onların müzakirəsi.
Şagirdlər işlərini təqdim edirlər. Onların
tapşırıqları birlikdə müzakirə edilir. Müəllim sinfə
belə bir sualla müraciət edir:
- Naxış və mozaikanın fərqi nədədir? Mozaika və naxış
elementlərini çəkmək üçün hansı alətlərdən istifadə
olunub?
Ümumiləşdirmə və nəticə.
Bu məqsədlə şagirdlərə aşağıdakı kimi suallar təqdim
olunur:
- Mozaikaları necə düzəldirlər?
Mozaika düzəltmək üçün əvvəlcə nələri hazırlamaq
lazımdır? Bu hissələrə nə deyilir?
Müəllim bu mərhələni yekunlaşdıraraq deyir:
- Point qrafik redaktorunda çox asan yolla mozaika və
naxışları yaratmaq olar. Onun üçün mozaikanın bir və
bir neçə fiqurunu hazirlamaq lazımdır. Bu fiqurlar
mozaikanin elementləri adlanır. Sonra bu elementləri
istənilən yerə qoyub onu çoxaldıb, yan-yana düzməklə
gözəl bir naxış, maraqlı bir təsvir yaratmaq olar.
Yaradıcı tətbiqetmə:
Point qrafik redaktorunda xalça şəklinin hazırlanması.
Ev tapşırığı:
İş dəftərindəki 4 nömrəli tapşırıq.
Qiymətləndirmə:
Meyar cədvəli. |